Əsas Səhifə > Güney Press > Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib

Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib


Bu gün, 18:00

Ermənistanın Dövlət Gəlirlər Komitəsi və İstintaq Komitəsi 34 milyard dramdan çox (təxminən 89,5 milyon dollar) məbləğdə vergidən yayınma sxemini aşkar edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirlər Komitəsi məlumat yayıb.

Sxemin mərkəzində əsasən əczaçılıq sahəsindən olan müştərilər üçün real gəlirləri gizlətməyə imkan verən xüsusi proqram təminatı hazırlayan IT şirkəti dayanır.

Hüquq-mühafizə orqanları gəlirlərin gizlədilməsinin mürəkkəb mexanizmini aşkar ediblər. Bu mexanizm nəticəsində dövlət büdcəsinə təxminən 10 milyard dram (26 milyon dollardan çox) vergi ödənilməyib.

Bir neçə ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri və axtarışlar zamanı bir şirkətin brendi altında fəaliyyət göstərən 61 aptekin fəaliyyəti dayandırılıb. Ən azı 53 şirkət gəlirlərini gizlətmək üçün bu proqram təminatından istifadə edib. Təkcə tibb sahəsindən olan 9 vergi ödəyicisi üzrə dövlətə dəyən ziyan ilkin olaraq 2,9 milyard dram (təxminən 7,6 milyon dollar) məbləğində qiymətləndirilir. Bəzi apteklərdə aparılan axtarışlar zamanı Ermənistanda qeydiyyatdan keçməmiş dərman preparatları da aşkar edilib.


Geri qayıt