Əsas Səhifə > Güney Press > Təcavüzün cəzası NƏDİR

Təcavüzün cəzası NƏDİR


Bu gün, 16:01

Televiziya uzun illər boyunca həm ictimai rəyin formalaşmasında, həm də müəyyən ideologiyaların yayılmasında ən güclü vasitələrdən biri olub. Toksik çıxışlar və dezinformasiya konkret olaraq dövlətlərin siyasətinə, insanların davranışına və hətta toplumsal parçalanmaya təsir göstərib. Bu mövzuda bir neçə misal çəkib sözümün “mustafasına” keçəcəm.

Ruandada Hutu radikallarının nəzarətində olan televiziyalar və dövlət televiziyası açıq şəkildə tutsi azlığını "tarakanlar" adlandırır, onların öldürülməsini təşviq edirdi. Televiziya və radio vasitəsilə yayılan bu nifrət çıxışları kütlələri qızışdırdı və nəticədə 800 min nəfərdən çox insan qətlə yetirildi.

Bu, mediyanın toksik və dezinformasiyanın toplu qətliama səbəb olduğu ən dramatik nümunələrdən biridir.

Və yaxud da.

“COVID-19” pandemiyası vaxtı bir çox ölkədə, xüsusilə Rusiya və ABŞ-da bəzi televiziya kanalları COVID-in adi qrip olduğu və peyvəndlərin təhlükəli olduğu barədə dezinformasiya yayırdı. Bu mesajlar insanların peyvənddən imtina etməsinə səbəb oldu. Təkcə ABŞ-da dezinformasiyanın təsiri ilə on minlərlə insan vaxtında peyvənd olunmadığı üçün həyatını itirdi.

Bu yaxınlarda 14 yaşlı qızın 4 nəfər tərəfindən zorakılığa məruz qalması ölkə gündəmindədir. Lakin bir aparıcımızın bu mövzuda çıxışı yeni bir müzakirə dalğası yaratdı. Aparıcının efirdə “Onu edənlərin qızlarına da eyni zorakılığı etmək lazımdır” deməsi sadəcə qəbuledilməzdir. Bu, nə insanlıqdır, nə peşəkarlıq. Zorakılığa zorakılıqla cavab vermək ədalət deyil, sadəcə barbarlıqdır. Belə bir fikir nə zərərçəkənə kömək edir, nə də cəmiyyətə fayda verir. Əksinə, zorakılığı normallaşdırır, cəmiyyətə “ədalət ancaq nifrətlə mümkündür” mesajı verir.

Digər bir yanlış yanaşma isə bu hadisənin xüsusi olaraq Ağdamla bağlanmasıdır. Guya bu, yalnız Ağdamın, müəyyən bir bölgənin problemiymiş kimi göstərilir. Halbuki zorakılıq nə rayon tanıyır, nə də ünvan. Bu faciə Azərbaycanın hər yerində baş verə bilər, verib də. Belə halları bölgələrlə bağlamaq, cəmiyyət içində ayrı-seçkilik toxumları səpmək deməkdir. Bizim düşmənimiz hansısa bölgə yox, zorakılıq və onu törədənlərdir.

Məsələ burasındadır ki, biz zorakılığı doğuran səbəbləri müzakirə etməliyik – təhsil sistemindəki boşluqlar, ailədaxili zorakılığın gizlədilməsi, psixoloji dəstəyin olmaması, hüquqi mexanizmlərin zəif işləməsi və sair və ilaxır… Əgər aparıcılar, media nümayəndələri məsuliyyətsizcə nifrət saçacaqlarsa, biz bu problemlərin kökünə enə bilməyəcəyik. Əksinə, cəmiyyət daha da parçalanacaq.

İctimai rəyi yönləndirmək böyük məsuliyyətdir. Bütün aparıcılar bu məsuliyyəti dərk edərək milyonların qarşısına çıxmalıdır. Bu məsuliyyəti kiminsə şəxsi qəzəbinə və nifrətinə qurban vermək həm etikaya, həm də insana yaraşmaz. Televiziya sizin nifrətinizi, içinizdəki travmalardan doğan aqressiyanızı boşaldacağınız yer deyil...

Həmin aparıcı digər bir çıxışı ilə də gündəm yaratdı. Məcburi köçkün kimi Bakıya gəlmiş vətəndaşlarımızın işğaldan azad edilmiş torpaqlara qayıtımaması barədə “tənqidi” çıxışı ilə. Əvvəla, bilmək lazımdır ki, dövlət, o yolda canından keçən şəhidlərimiz, qazilərimiz o torpaqları təkcə məcburi köçkünlər oraya qayıtsınlar deyə azad etməyib. Hər şeydən əvvəl dövlət suverenliyi, ərazi bütövlüyünün bərpası məsələsi önəmlidir. İkincisi isə, Qarabağa köçlə bağlı xəbərləri yəqin ki, hamımız görürük, ən sonda isə onu deyək ki, insanları bu cür fikirlərlə qıcıqlandırmaq, bölmək ən azından jurnalist etikasına uyğun gəlmir.

Əgər peşəkar jurnalistikaya iddialısınızsa...

Səidə Bəkirqızı

Geri qayıt