Əsas Səhifə > Güney Press > Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr


Bu gün, 09:33

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular.
Möhtəşəm Qələbədən ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır.
Xüsusi fərəhverici haldır ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Dövlət Suverenliyi Gününün təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın Vətən uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” – deyə Prezident İlham Əliyev Xankəndi şəhərində etdiyi çıxışında bildirib
Ötən il sentyabrın 20-si müasir tariximizə daha bir səhifə kimi yazıldı. Belə ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Qarabağ Universiteti fəaliyyətə başladı. Dövlətimizin başçısı ötən il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edərək bu ali təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşdü.
Prezidenti İlham Əliyev tərəfindən Xankəndi şəhərində Qarabağ Universitetinin açılışının keçirilməsi rəmzi xarakter daşıyır. Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib. Bu baxımdan sözügedən ali məktəbin yaradılması ilə ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz, həmçinin Prezident İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı, intellektual potensialımızın bərpası məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"


Geri qayıt