Əsas Səhifə > Güney Press / Ana xəbər > "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq"

"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq"


Bu gün, 15:48

Növbəti il büdcə gəlirlərinin təxminən 62%-i vergi və gömrük yığımları hesabına formalaşacaq. Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb. Bəs büdcənin bu qədər böyük hissəsinin məhz vergi və gömrükdən asılı olması maliyyə dayanıqlılığı baxımından nə dərəcə də risklidir? Bu struktur sadə vətəndaşların rifahına necə təsir göstərəcək? Vergi və gömrük yığımlarının artması sahibkarlığının inkişafına hansı təsirləri göstərəcək?
Moderator.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünyanın neft və qaz ehtiyatı olmayan ölkələrində büdcənin 94–96 faizi vergi və gömrük rüsumları hesabına formalaşır. Onun sözlərinə görə, Azərbaycanda isə uzun illər ərzində büdcənin təxminən 65 faizi birbaşa neft gəlirlərindən asılı olub:
“Belə ki, dövlət büdcəsinin 50 faizi Neft Fondundan transfertlər, 15 faizi isə neft sektorundan daxilolmalar hesabına təmin edilirdi. Hazırda hökumət bu asılılığı azaltmaq və büdcəni qeyri-neft gəlirləri hesabına formalaşdırmaq istəyir. Lakin bunun vergilərin, cərimələrin və lisenziyalaşma rüsumlarının artırılması yolu ilə edilməsi düzgün deyil. Əslində məqsəd və istiqamət doğrudur, amma icra mexanizmində problemlər var. Biz neft gəlirlərinin yüksək olduğu dövrlərdə biznes mühitini daha da cəlbedici etməli, kiçik və orta sahibkarlığın inkişafına ciddi dəstək verməliydik. Təəssüf ki, bu, baş vermədi və hazırda büdcədə kiçik və orta sahibkarlığın payı 10 faizə belə çatmır. İndi onların vergi yükünü artırmaqla problemi həll etmək mümkün deyil. Vergi yükünün artması biznesin fəaliyyətini çətinləşdirir, iqtisadi azadlıqları məhdudlaşdırır və nəticə etibarilə iqtisadi artımı zəiflədir. Bunun nəticəsi olaraq bu il ölkədə ÜDM-in artım tempi cəmi 0,9 faiz təşkil edib ki, bu da olduqca aşağı göstəricidir”.
İqtisadçı Azərbaycanda 7 ildir ki, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlir vergisinə güzəştlər tətbiq edildiyinə diqqət çəkib:
“Əslində güzəştə görə vergilər sıfırlansa da, əvəzində DSMF-yə ödənişlər artmışdı. Bu ilin sonunda güzəştlərin müddəti bitir – nə maliyyə nazirliyi, nə də hökumətin digər rəsmi qurumları vergi güzəştlərinin uzadılacağı ilə bağlı heç bir məlumat vermirlər.
Ölkənin gəlirləri azalıb, xərcləri artıb – belə olanda adətən, biznes üçün fürsətlər genişləndirilir ki, iqtisadi aktivliyin yüksəlməsi vergi daxilolmalarını artırsın. Bizdə hökumət bu yolu getmək, deyəsən, istəmir.
Cərimələrin, vergilərin, kommunal ödənişlərin artırılması yolu ilə büdcəyə daxil olan vəsaiti çoxaltmaq istəyirlər – kökündən yanlış yoldur, iqtisadiyyatı daha da daraldacaq, insanların gəlirlərini azaldacaq yoldur. Gəlir azalanda xərcləmələr də azalır – deməli, iqtisadi aktivlik aşağı düşür, ÜDM artımı zəifləyir, rifah səviyyəsi enir. İqtisadi aktivliyin zəifləməsi ona gətirdi çıxartdı ki, Azərbaycan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşdü".
Natiq Cəfəli vurğulayıb ki, fiziki şəxslərin (qeyri-dövlət və qeyri neft sahəsində çalışanlar) vergi güzəştləri ləğv edilsə, maaşdan (gəlirdən) 14% vergi sistemi tətbiq edilsə, bu yanlış olacaq:
“Həmən “boz əmək bazarı” yenidən artacaq, rəsmi müqavilələrlə çalışanların sayı azalacaq, rəsmi müqavilədə göstərinlən maaşla real maaş arasında ciddi fərq yaranacaq, kiçik-orta sahibkarlar daha çox işçini ixtisara salmağa məcbur olacaq.
Fiziki şəxslərə 14%-lik vergini geri qaytarsalar, məntiqlə, DSMF ödənişlərini KƏSKİN azaltmalıdırlar, bu zaman da Sosial Müdafiə Fonduna toplanan vəsait ciddi azalacaq, onlara ödənilən dotasiyanı artırmaq məcburiyyəti yaranacaq. Yəni, hökumət vətəndaşdan vergini artıq yığıb, həmin vəsaiti DSMF-yə ötürməli olacaq.
Ölkənin gəlirləri azalıb, xərclər çoxalıb, amma o xərcləri vətəndaşın cibi hesabına qarşılamaq cəhdi uğursuz olacaq, iqtisadiyyat onsuz da daralır, bu addımdan sonra daha da kiçiləcək. Ona görə də, bu vergi güzəştləri, ən azı, daha 7 il uzadılmalı, paralel olaraq da iqtisadi azadlıqlar genişləndirilməlidir...”

Geri qayıt