Əsas Səhifə > Güney Press / Partiya > “Azərbaycanda Rusiyanın “5-ci kalonu” at oynatmamalıdır...”

“Azərbaycanda Rusiyanın “5-ci kalonu” at oynatmamalıdır...”


Bu gün, 11:14

“Mən bir dəfə sosial şəbəkədə yazmışdım ki, vaxtilə Azərbaycan Rusiyanın nökərlərinin təsiri altında olduğu üçün bizi Laçının işğalında “günahkar” çıxardılar. O zaman seçim belə idi: ya Rusiya nökərləri, ya biz... Ardınca yazırdım ki, amma zaman keçdikcə vəziyyət dəyişsə, məlum olacaq ki, 1988-1994-cü illərdə Laçının, bütövlükdə Qarabağın və Zəngəzurun bir hissəsinin işğalını Azərbaycanın daim Rusiyanın təsir dairəsində qalmasına çalışan xəyanətkar qüvvələr təşkil edib. Mən həmin fikri 1992-ci ilin mayında Laçın işğal olunan gündən demişəm, bu günədək də deyirəm. Ramiz Mehdiyev kimilər haqda da nəinki bu gün, on illərdir yayılan məlumatlar da bunu sübut edir”.
Bu fikirləri tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa hafta.az-a açıqlamasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin həbsi barədə yayılmış məlumatlara münasibət bildirərkən dilə gətirib.
“Azərbaycanda Rusiyanın “5-ci kalonu” at oynatmamalıdır. İllər boyu biz həm siyasi, həm hərbi sahədə o xainlərin adlarını çəkmişik. İqtisadiyyatımızı da, ordumuzu da dağıdanlar, nüfuzdan salanlar məhz Ramiz Mehdiyev kimilər olub. Belələri artıq ölkədə nəhəng bir şəbəkə formalaşdırıb ki, indi yox, on illər öncə təcili şəkildə onun üzvlərinin hamısını ifşa edib tamamilə çökdürmək gərək idi. Xüsusilə də Azərbaycan ordusuna on illərlə zərbələr vurmuş Rusiya agentləri dərhal həbs olunub zərərsizləşdirilməlidir ki, bir daha kimsə ölkəmizə, dövlətimizə qarşı belə xəyanətlərə cürət etməsin”, -deyə keçmiş alay komandiri diqqətə çatdırıb.
Tanınmış Qarabağ qazisi hesab edir ki, Rusiya “5-ci kalonu” və agenturasının on illər boyu göstərdiyi fəaliyyət bütövlükdə cəmiyyətimizin xeyli hissəsinin düşüncə və həyat tərzini də dəyişib.
“Siz diqqət edirsizmi, son illər ölkədə rüşvətxorluq və korrupsiya ilə yanaşı, dələduzluq, saxtakarlıq, etibardan sui-istifadə halları nə dərəcədə çoxalıb. Bu proses az qala gündən-günə artan silsilə ilə gedir. Aşağıdan yuxarı əksər insanların bir-birinə inamı, etibarı itib. Deməli, “5-ci kalon” elementlərini təmizləməklə yanaşı, cəmiyyətin, insanlarımızın düşüncə tərzini, həyata, dünyaya baxışını da müsbət məcraya yönəltmək üçün tədbirlər həyata keçirmək gərəkdir. Bir sözlə, biz dövlət quruculuğundan öncə millət quruculuğu ilə məşğul olmalıyıq. Yalnız o halda biz gələcəkdə dövlətə, xalqa kütləvi xəyanət və cinayətlərdən sığortalana bilərik”, -deyə Arif Paşa vurğulayıb.

Geri qayıt