Əsas Səhifə > Güney Press / Partiya > “Bu, həm diplomatik, həm ideoloji bir savaşdır”
“Bu, həm diplomatik, həm ideoloji bir savaşdır”9-12-2025, 11:23 |
|
Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar. Müraciətdə erməni terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində narazılıq doğurduğu vurğulanıb. Qeyd olunub ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı bir foruma qəbul edilməsindən dərindən məyus olublar. Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb. Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların Melkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisi olduğu bildirilib. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Melkonyanın adını daşıyan hərbi-idman liseyinə forumun üzvlük statusunun verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının gözlənildiyini vurğulayıblar. Bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri təqdirdə onları Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar. Melkonyanın adını daşıyan bir qurum Aİ tərəfindən dəstəklənən bir platformada necə təşviq oluna bilər? Avropa Komissiyası Melkonyan kimi terrorçunu necə və nə üçün qəhrəmanlaşdırması barədə izahat verəcəkmi? Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, bu kimi məsələlərdə Azərbaycan öz mövqeyini qəti şəkildə ortaya qoymalı, həm də milli xarakterini nümayiş etdirməlidir: “Çünki terrorçunun adına qoyulmuş müxtəlif obyektlərin, şirkətlərin və ya təşkilatların Avropa məkanında sadə və formal prosedurlarla müəyyən üstünlüklər qazanması, üzv qəbul edilmələri və legitimlik əldə etmələri tamamilə yolverilməzdir. Ona görə də bu kimi məsələlərdə səylərimizi davam etdirməli, mövqeyimizi ardıcıl şəkildə daha da gücləndirməliyik. İndi bu məsələ bizim üçün həyati əhəmiyyət kəsb etmir, çünki Melkonyanın ideyalarını məhv etmiş, onun təbliğ etdiyi destruktiv ideologiyanı darmadağın edən qələbəni artıq qazanmışıq. Lakin buna baxmayaraq, bu, həm diplomatik, həm ideoloji bir savaşdır və bu savaşın nəticələrini, doğurduğu mesajları, təhlükələri təbliğat baxımından da Avropa məkanında müzakirəyə çıxarmalıyıq. Çünki terrorçunun bu cür stimullaşdırılması, onun adına struktur və qurumların formalaşdırılması gələcəkdə daha böyük təhlükələrin yaranacağına şərait yarada bilər. Bu isə həm regiona, həm də Avropanın özünə ciddi təhdidlər doğura biləcək bir prosesdir". Geri qayıt |