Əsas Səhifə > Güney Press / Partiya > "Biz nefti ona görə veririk ki...
"Biz nefti ona görə veririk ki...11-12-2025, 09:38 |
|
Bəlli olduğu kimi, ötən ay - noyabrın 5-də və 8-də 35 ildən sonra ilk dəfə Rusiya və Qazaxıstandan Ermənistana buğda yüklərinin Azərbaycan və Gürcüstan üzərindən birbaşa dəmir yolu tranziti həyata keçirilib. Bugünlərdə isə Bakı qonşu ölkəyə neft məhsulları satmaq barədə qərar verib. Qeyd edək ki, az öncə Azərbaycan və Ermənistan neft məhsullarının ixracını müzakirə edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Doha Forumunda çıxışı zamanı deyib. Hikmət Hacıyevlə eyni paneldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. Hikmət Hacıyev Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini deyib. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın keçən həftə Qəbələyə səfəri zamanı müzakirə edildiyini bildirib. H.Hacıyev həmçinin bir müddət əvvəl Azərbaycan ərazisindən Ermənistana buğda ixracına izn verilməsinin regionda sülh üçün vacib töhfə olduğunu bildirib. Artıq o da məlumdur ki, Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk dəfə həyata keçiriləcək tranzitinə əlavə rüsum tətbiq etməyəcək. Baş nazir İrakli Kobaxidzenin göstərişi ilə “Gürcüstan Dəmir Yolları”na həmin yükün tamamilə pulsuz daşınması tapşırılıb. Bəllidir ki, Bakı-Tiflis-Ceyhan kimi nəhəng ixrac kəməri Azərbaycanın qlobal enerji bazarındakı rolunu möhkəmləndirib və neft məhsullarının emalı sahəsində də ölkə regionda aparıcı mövqedədir. Ermənistan isə enerji mənbələri baxımından məhdud imkanlara malikdir və neft məhsullarını əsasən idxal yolu ilə əldə edir. Bu idxal marşrutlarının böyük hissəsi yanlış geosiyasi xəritənin nəticəsi olaraq bahalı, riskli və məhdud alternativli olaraq qalır. Buna görə də Ermənistan üçün Azərbaycan neftinin və neft məhsullarının potensial ixracı nəzəri baxımdan iqtisadi cəhətdən sərfəli görünə bilər. Lakin bu ehtimalın reallaşması ilk növbədə siyasi mühitdən asılıdır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə böyük etimad uçurumu yaradıb. Neft və neft məhsulları kimi strateji əhəmiyyətli məhsulların ticarəti isə tərəflər arasında yüksək səviyyədə siyasi sabitlik və möhkəm etimad tələb edir. Erməni jurnalist Arşaluys Mqdesyan yazıb ki, Azərbaycandan neft və neft məhsullarının idxalı ölkədə yanacağın qiymətini ucuzlaşdıra bilər (Teleqraf.az). Jurnalist qeyd edib ki, Ermənistanın pərakəndə satış bazarında benzin və dizel yanacağı Azərbaycandakı bazar qiymətlərindən iki dəfə bahadır: “Dünyanın müxtəlif şəhər və ölkələrində yanacağın qiyməti (benzin, dizel) ilə bağlı yenilənmiş və müqayisəli məlumatları təqdim edən ”Global Petrol Prices"in məlumatına görə, 2025-ci ilin dekabr ayında yanacaq bazarının orta qiymət mənzərəsi belədir: Ermənistan 1 litr benzin - 1,36 dollar 1 litr dizel yanacağı - 1,31 dollar Azərbaycan 1 litr benzin - 0,6 dollar 1 litr dizel - 0,5 dollar. Ermənistanda yanacağın qiymətləri əsasən bazarın oliqopoliyalaşması və baha başa gələn maddi-texniki çətinliklər səbəbindən həmişə qonşu ölkələrlə müqayisədə yüksək olub". Mqdesyan hesab edir ki, coğrafi yaxınlıq səbəbindən Azərbaycandan Ermənistana neftin daşınması ucuz başa gələcəyi üçün bu, daxili bazarda qiymətlərə də təsir göstərə bilər. Bəs rəsmi Bakı sülh müqaviləsi imzalananadək İrəvana daha hansı güzəştləri edə bilər, neft-qazın satışı da mümkünmü? Nəhayət, Bakının bu güzəşti Ermənistanın Rusiya və İrandan asılılığını nə dərəcədə azaldacaq və Paşinyanın daxildəki mövqeyini necə ücləndirəcək? ReAl Partiyasının sədri Natiq Cəfərli bildirdi ki, bu, artıq həll olunmuş məsələdir. Onun sözlərinə görə, yaxın vaxtlarda neft məhsulları Gürcüstan üzərindən Ermənistana göndəriləcək: “İlk partiya üçün Gürcüstan tranzit haqqı almayacaq. Ona görə də reallaşmaqda olan layihədir. Bu məsələnin Rusiya və İranı narahat etməsi Azərbaycanı maraqlandırmır. Əsas olan budur ki, iki tərəf qiymət məsələsində razılığa gələcək. Hesab edirəm ki, bunun davamı olaraq Azərbaycan qazının Ermənistana nəqli müzakirə ediləcək”. Politoloq Züriyə Qarayeva da qeyd etdi ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını hərtərəfli inkişaf etdirir: “Cənubi Qafqaza sabitlik yalnız bir müqavilə imzalamaqla gəlmir. İstənilən sənəd hər an pozula bilər. Əgər biz dayanıqlı sülh və təhlükəsizlik istəyiriksə, bölgədə sabitliyi təmin edəcək addımlar atmalıyıq. Onlardan biri də iqtisadi sahədə əməkdaşlıq, enerji layihələri, logistikalar, dəhlizlərdir. Belə olan halda, hər bir tərəf əmin-amanlıq, stabillik istəyir. Çünki hərbi eskalasiya, qeyri-sabitlik olanda regionda inkişaf, sülh mümkün deyil. Ona görə həm neft məhsullarını göndərmək, həm gələcəkdə Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaza dayanıqlı sülh gətirə bilər. Bu qərar Avropa və ABŞ tərəfindən də alqışlanacaq. Azərbaycan dünyaya bir daha nümunə göstərir ki, 30 il torpağını yağmalayan işğalçı qüvvələri dəstəkləyənlər dərs götürsünlər, humanist olduğumuzu görsünlər. Biz 44 günə ədaləti bərpa etdik, indi isə barış əlini uzadırıq ki, bölgədə müharibələr yox, regional əməkdaşlığın inkişafı genişlənsin”. Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublunun sözlərinə görə, sülhə aparan yol bir çox güzəştləri və əməkdaşlıqları zəruri edir. Onun fikrincə, Bakı nefti Ermənistana gedəcək və bu jestimizi qarşı tərəf dəyərləndirməyi bacarmalıdır: “Ermənilər bilməlidirlər ki, etdikləri cinayətlərə, torpaqlarımızı işğal altında saxlamağa, dinc əhalimizi qətlə yetirdiklərinə baxmayaraq, biz Qarabağı azad etdikdən sonra sülh naminə bu addımı atırıq. Hərçənd ermənilər nankordu və tarix boyu çörəyimizi yeyib, suyumuzu içib xəyanət ediblər, amma biz nefti ona görə veririk ki, Cənubi Qafqaza daimi dinc həyat gəlsin. Erməni xalqı və dövləti bunu qiymətləndirməlidir. Biz bu addımı ermənilər yox, sülh üçün atırıq”. Hüquq müdafiəçisi hesab edir ki, bu razılaşma Paşinyana seçki ərəfəsində ciddi arqument qazandıra, rəqibləri qarşısında əlini gücləndirə bilər, həmçinin də Ermənistanın Rusiya və İrandan enerji asılılığı qismən azalacaq. “Yeni Müsavat” Geri qayıt |