Əsas Səhifə > Güney Press / Partiya > "Hüquq hüquqdur, yoxdursa, sənin üçün də yoxdur..."

"Hüquq hüquqdur, yoxdursa, sənin üçün də yoxdur..."


4-01-2026, 12:59

"1. BMT Təhlükəsizlik Şurası niyə yığışsın ki? Yığışırdısa, gərək Maduro rəqib namizədi seçkidən kənarda qoyanda, dövlətin forma geyinmiş adamlarını göndərib vətəndaşları qorxudanda yığışardı. Əgər öz işlərini bir cür forma geyinənlərin zor gücünə həll edirsənsə, onda ayrı cür forma geyinənlərin haqqını bəri başdan tanımış birisən. Çünki gücdən, dövlətin gücündən sui-istifadəni əvvəlcə sən seçdin, Amerika yox..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü olan İlqar Məmmədov qeyd edib.
O daha sonra bildirir: "Bəli, beynəlxalq hüququ burda inkar etmiş kimi görünürəm, amma hüquqün bir növünü inkar edəndə Maduro gərək bilərdi ki, gün gələcək kimsə hüququn başqa bir növünü onun özünə münasibətdə inkar edəcək. Hüquq hüquqdur. Yoxdursa, sənin üçün də yoxdur. Suverenlik arxasında gizlənmək istəyən kəmsavad Maduro yanılırdı, çünki suverenlik ilk növbədə də, son nəticədə də gücdən istifadə əxlaqı ilə əlaqəli və zamana bağlı fikri konstruksiyadır.
2. Sərt siyasi sistemlərin taleyi çox vaxt elə belədir. Əvvəlcə hər şey əla gedir. Rəhbərə elə gəlir ki, lap elə suverendir. Tut, şərlə, qorxut - heç nə olmur! Xaricilər üçün səninlə işləmək can rahatlığıdır, yerli vətəndaş isə qorxub titrədıyındən səssizliyinə bürünüb isinmək istəyir.
Sonra birdən böyük dövlətlərin rəhbərlərindən birinin beyni nədənsə çönür və obirilərinə deyir ki, ayə, bu şəxsən mənim yemimdir, işiniz olmasın, ova çıxıram.
Məsələn, Sarkozy o vaxt bunu Qəddafiyə eləmişdi. Elə olanda, heç xalq da böyük rəhbərin işinə daha qarışmır, əməliyyat gedincə oturub domino vurur, çünki böyük rəhbər uzun müddət ərzində sübut edib ku, hər şeyi hamıdan yaxşı bilir. Bilirmi?
3. Rəhbərinin böyüklüyü ilə deyil, insanının azadlığı ilə tanınan ölkəyə çətin kimsə belə şeyləri bacarıb edə. 2024 seçkiləri Azərbaycan tarixində bu tələdən qurtulmağın bəlkə də sonuncu fürsəti idi. Təəsüf ki, istəmədik.
4. Maduronun həbsi Venezuelaya xeyir gətirəcəkmi? Hələ bilinmir, amma gələcəyi ümumiyyətlə kimsə dəqiq bilməz. Əsas məsələ - indiyədək vətəndaşa münasibətdə sərgilənmiş dövlət siyasətinə dünən verilən tarixi qiymətdir. Bu qiymətdən doğan əməllərə sonra ayrıca qiymət veriləcək.
5. Maduronu həbs edəndən 6 gün əvvəl Trump cənabları prezident Əliyevin Azərbaycanı necə idarə etdiyini tərifləyirdi. Odur ki, durumları ağılsızca qarışdırlb düşünməyin ki, bu saat Trump bura da sehrli qoşun göndərəcək. Seçkiyə qatılıb siyasi haqlarınızı tələb etməyi düşünün..."

Geri qayıt