Əsas Səhifə > Güney Press / Partiya > "Donald Tramp yeni heç nə qurmur, amma, vacib bir işlə məşğuldur"

"Donald Tramp yeni heç nə qurmur, amma, vacib bir işlə məşğuldur"


12-01-2026, 06:10

"Dünya tarixində istənilən texnoloji keçid, texnoloji inqilab, təəssüf ki, həmişə müharibələr və xaosla müşahidə olunub, sonra qısa müddət də olsa sakitlik və adabtasiya dövründə yaşamışıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Birinci Dünya savaşı kömüründən neftə, İkinci Dünya savaşı neftdən atom enerjisinə keçid müharibəsi idi. Texnologiyalardan tutun da, silah növlərinə qədər hər şey dəyişdi, konfliktlər artdı, müharibələr inkişafı tətiklədi - çox qəribə səslənir, amma, həmişə müharibələr ölüm-itimlə, dağıntılarla yanaşı, həm də yeni texnoloji inqilab da gətirir.
İndi Dünya yeni texnoloji keçid ərəfəsindədir, tamam başqa bir dünyaya doğru gedirik, insanlıq, bəşəriyyət ağrılı, sancılı seçim qarşısındadır. Texnoloji inkişaf, süni intellekt, robotlaşma, rəqəmsal dünya – bütün bu yeniliklər insanın dünyadakı rolunu və yerini dəyişir. Əmək bazarı, maliyyə bazarı, iqtisadi münasibətlər – hər şey dəyişir, ənənəvi iş yerləri itir, tarixə qovuşur, yeniləri hələ ki, əvvəlki sürətlə yaranmır, insana ehtiyac azalır.
Bəşəriyyət ya insan sayının azalması yolu ilə getməli, ya da, insan sifətli, insana qulluq edən texnoloji və iqtisadi sistem qurmağı öyrənməlidir.
Yer Planetinin potensialı 100 mlrd. insana yetər, sadəcə, ədalətli sistem qurulmalı, dünyada yeni əmək bölgüsü aparılmalıdır. Bunun qarşısını kəsən ən böyük amillərdən biri siyasiləşmiş dini doqmalar, bəşəriyyətin keçdiyi yoldan asılılığı, son 100 ildə yaranmış beynəlxalq institutların artıq çalışmadığını qəbul etməməsidir. İşlək olmayan institutları zorla ayaqda saxlamaq istəyi dünyanı fəlakətə aparır.
Köhnə Dünya artıq yoxdur, yeni Dünya hələ qurulmayıb – belə bir keçid dövrünə düşmüşük. Donald Tramp yeni heç nə qurmur, amma, vacib bir işlə məşğuldur, könhə dünyanı, işlək olmayan çoxüzlü sistemi dağıdır, Tramp “buldozerdir”, onun işi əsl tikinti maqnatı kimi sahəni təmizləməkdir, funksiyası budur və bunu özbaşına, “dəli-dolu” olduğu üçün etmir, qlobal konservativ elitanın sifarişini yerinə yetirir, sahəni təmizləyir ki, yeni nəsə tikmək-qurmaq mümkün olsun.
Son 30 ilin psevdo-liberal, hətta, “liboş” elitası Dünyanı zəlil günə qoydu, bütün fürsətləri qaçırdı, yanlış və yalançı gündəmlərin dalınca getdi, İnsan övladının yaşaması üçün deyil də, insan sayının azalması üçün çalışdı. Dünyada 30 ildə reklam olunan həyat tərzi insanları doğmaqdan, artmaqdan iyrəndirən və kənar tutan bir siyasət idi: cinsi azlıqların təbliğatından tutun da, veganlığa, viruslardan tutin da müharibələrə qədər hər şey bir məqsədə xidmət edirdi – insan doğmasın, artmasın. Amma yanıldılar – doğuş elə məhz Avropada, Çində, Rusiyada, ABŞ-da azaldı, amma, Afrika və Asiyada kəskin artdı. Nəticədə böyük bir disbalans yarandı, Avropa, Rusiya, Çin “ölür”, ABŞ bu axmaq düzəndən çıxmaq üçün çabalayır.
Düşünürəm ki, Tramp öz funksiyasını, missiyasını bitirəndən, yeni nəsə tikmək üçün köhnə, mənasız, işlək olmayan bütün institutlar dağılıb, yerlə-bir edəndən sonra, onun arxasında duran əsl vizioner güclər nəsə yeni bir düzən qurmağa çalışacaq.
Bu yeni düzən ədalətli olacaqmı – yanlış sualdır, çünki, 8 mlrd. insan üşün ədalət fərqlidir, unversal, hamıya aid ədalət yoxdur, ola da bilməz.
Ona görə də, məncə, yeni, fraqmental Dünyada regional və fərqli ədalət anlayışları formalaşacaq və bu fərqli ədaləti qorumaq üçün regional oyunçular yaranacaq. Yəni, ABŞ, Rusiya, Çin dünyanın (qlobal və regional anlamda) “zopası” olmaqdan çıxacaq, 8-10 regional ədalət qoruyucusu dövlətlər yaranacaq. Bu ona görə vacibdir ki, 2-3 ölkənin ədalət prinsipi həmişə yanlış olub-olacaq, amma, 8-10 dövlətin ədalət anlayışının uzlaşması daha məntiqli bir dünya düzəni yarada bilər.
Dünya, doğrudan da “5-dən böyükdür”, indi bizim əsas qayəmiz yeni fraqmental Dünyada 8-10 regional ədalət qoruyucusundan birinin Türkiyə olmasına çalışmağımızdır. Başqa yol yoxdur, yeni dünyada yer, “iş-aş” qazanmaq üçün başqa yol, sadəcə, yoxdur..."

Geri qayıt