Əsas Səhifə > Güney Press / Partiya > Deputat polisin sosial şəbəkə əməliyyatlarını müdafiə etdi
Deputat polisin sosial şəbəkə əməliyyatlarını müdafiə etdi4-03-2026, 05:23 |
|
Bildiyimiz kimi, artıq polis sosial şəbəkə platformalarında, əsasən də TikTok-da açıq-saçıq geyimdə videolar paylaşanlara, söyüş və təhqir ifadələrindən istifadə edənlərə qarşı kütləvi tədbirlər həyata keçirir. Həmin şəxslər saxlanılır və barələrində məhkəmə müvafiq cəza tədbirləri tətbiq edir. Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Ceyhun Məmmədov təəssüf hissi ilə bildirdi ki, bəzi vətəndaşlar sosial mediadan tamamilə başqa məqsədlə istifadə edirlər. "Görünən odur ki, sosial medianı sağlam və düzgün istifadə etməklə bağlı cəmiyyətdə ciddi problemlər var. Sosial media da bir ictimai yerdir və bu ictimai yerdə hər kəs çalışmalı idi ki, diqqətli olsun. Amma bizim gördüyümüz odur ki, proses fərqli istiqamətdə gedirdi və ona görə dövlətin belə bir addım atmasına ehtiyac var idi. Günü-gündən belə halların daha da artdığını görürük. Ona görə burada mütləq şəkildə bir prosesin tənzimlənməsinə ehtiyac var idi və bu tənzimləməni dövlət qurumları həyata keçirir. Hesab edirəm ki, bu çox doğru və önəmli qərardır. Bu cür fəaliyyətlərin qarşısı qətiyyətlə alınmalıdır, hüquq-mühafizə orqanlarımız da sağ olsunlar ki, belə addımlar atırlar. Bu addımların atılmasına ciddi ehtiyac var. Artıq bəzi insanlar sosial medianı daha da çirkləndirməyə davam edirlər. Ona görə bu addımlar ciddi şəkildə atılmalıdır ki, prosesi tənzimləyə bilək və gənclərimizi qoruyaq. Əks halda qarşıda bizi çətin və mürəkkəb bir dövr gözləyir. Ona görə hesab edirəm ki, dövlət qurumlarının bu addımları yalnız və yalnız təqdir olunmalıdır və bu cür addımlar yüksək qiymətləndirilməlidir. Qeyd etdiyimiz kimi, proseslərin qarşısı alınmadığı təqdirdə bizi çox çətin və mürəkkəb mərhələ gözləyir. İnsanlar anlamalıdırlar ki, sosial media bu məqsədlə istifadə olunacaq yer deyil. Sosial mediadan hər kəs düzgün və səliqəli istifadə etməlidir. Əgər kimsə bunu etməyəcəksə, onların cəzalandırılması prosesi də həyata keçiriləcək. Hər kəs bu məsələdə diqqətli olmalı və qanunun tələblərinə əməl etməlidir. Etmədiyi təqdirdə isə aidiyyəti orqanların başqa yolu yoxdur və ata biləcəyi addım qalmır", - deyə millət vəkili qeyd etdi. Geri qayıt |