Əsas Səhifə > Güney Press / Partiya > "Rəqəm draması uydurmaq Fazil Mustafanın nəyinə gərək idi?"

"Rəqəm draması uydurmaq Fazil Mustafanın nəyinə gərək idi?"


5-03-2026, 05:32

"Qadın-kişi münasibətləri haqqında hər dəfə yeni qalmaqallı fikir deyib gündəmə gəlməkdən ötrü bəzi ictimai şəxslərin lap ürəyi gedir. O cümlədən, statistikanı düz-əməlli anlaya bilməyən Fazil Mustafanın..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra bildirir: "Parlament yüksəkliyində tribunadan qadınları şərləyən bu adam əvvəlcə deyib ki, diqqət:
"Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürək açıcı deyil, acınacaqlı bir durum var. 40 min, demək, 2025`ci ilin doqquz ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnibdir. Düzdür orda keçən ilkidən cüzi fərq var. Amma ən dəhşətli budur ki, Bakı şəhərində, demək, bütün qeydə alınmış nikahların 56 faizi, son doqquz ayda 56 faizi, boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən, nikah bağlayan ailə varsa, onun 56`sı 1 il keçməmiş boşanır".
Buna başa salan da yoxdur ki, rəsmi statistika elə oxunmur. Statistika demir ki, məhz həmin 40 mindən 17 mini boşanma ilə nəticələnib. 17 min dövr ərzində qeydə alınan bütün boşanmaların sayıdır. Bu boşanmalar illərcə əvvəl evlənənlərə də aiddir, təkcə o 9 aydakılara yox. Ümumiyyətlə, rəsmi statistikaya əsasən, boşanmalar ən çox 10-19 il davam etmiş nikahlarda baş verir!
Üstəgəl, son 1 ildə boşanma sayı 3% azalıb. Hər 1000 nəfərə hesablayanda isə hətta 4% azalıb.
Rəqəm draması uydurmaq Fazil Mustafanın nəyinə gərək idi? Heç. Ailə quran qadınların məqsədi haqqında qalmaqallı fikrinin guya rəqəmə söykəndiyini göstərmək istəyib. Eyni çıxışda deyib ki, qadınlar aliment almaqdan ötrü ailə qurub tezliklə boşanır.
Fazil Mustafanın öz məqsədi qadınlara yapışdırmaq istədiyi kirli məqsəddən betərdir – adının necə olursa olsun gündəmdə qalıb geninə-boluna müzakirə olunmasıdır. Niyə ona dürüstlükdən çox qalmaqal vacibdir? İzah edim.
Seçki ərəfəsindəki çıxışlarımla bağlı başqa bir deputat mənə zəng edib dostca demişdi: “İlqar, sən niyə seçicilərə səslənirsən axı? Nəzərə al da, sənin bircə nəfər seçicin var. Əsas odur, elə et səndən o razı qalsın”.
İndi Fazil Mustafa kimilər də, gündə bir ağılsız fikir ortaya atıb gündəmdə qalmağa çalışır ki, adları həmin o 1 seçicinin qulağına arada dəysin və vaxtı gələndə adının üstündən mexaniki xətt çəkilməsin. Baş və yeganə seçici desin: “Hə, bunun adını tez-tez görürəm, ortalıqda fırlanıb fəallıq edir. Təyin olunsun!”.."

Geri qayıt