Əsas Səhifə > Güney Press / Partiya > "İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır"
"İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır"7-03-2026, 05:05 |
|
“Milli maraqlarımıza təhdid yaradan çıxışlar edən şəxslər cəzalandırılmalıdır”. Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat sosial şəbəkələrdə iranpərəst mövqe nümayiş etdirən və İran ideologiyası ilə çıxış edən şəxslərin cəzalandırılmasını məqbul addım kimi qiymətləndirib: “Hazırda İranla münasibətlərdə kritik bir mərhələdən keçməkdəyik. İran dövləti rəsmən Azərbaycan ərazilərini hücuma məruz qoyub və beynəlxalq hüquqa görə bu, müharibə səbəbidir. Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirdi və bir nömrəli səfərbərlik əmri verdi. Mənə elə gəlir ki, bu, sadəcə ordumuz üçün səfərbərlik hadisəsinə çevrilməməlidir, həm də Azərbaycan cəmiyyəti və ictimaiyyəti üçün səfərbərlik hadisəsinə çevrilməlidir. Nəticə etibarilə, söhbət milli təhlükəsizlikdən gedir. Milli təhlükəsizliyimizin əsas komponentlərindən biri də informasiya təhlükəsizliyidir. Çox təəssüf olsun ki, bu gün biz sosial şəbəkələrdə İran tezisləri ilə hərəkət edən, onları müdafiə edən və Azərbaycanda ictimai rəyi formalaşdırmaq istəyən çoxsaylı fəallar görürük. Mənə elə gəlir, bunlara qanunu operativ tətbiq etməklə istiqamət verməliyik. Hər kəs öz davranışına görə cavab verməlidir. Kim daha çox İran normativlərini Azərbaycan cəmiyyətinə ötürməyə çalışırsa, ona daha ağır cəza, bəlkə də inzibati cəza verilməlidir. Kim nisbətən az belə hallara yol verirsə, onlara da öz ölçüsündə cavab verilməlidir. Bu formada o şəxslərin davranışları cəza və motivasiya ilə tənzimlənə bilər”. Deputat qeyd edib ki, vətənpərvərlik mövqeyi ilə fəal olan şəxslər onlara maarifləndirici istiqamət verə bilərlər: “Vətənpərvərlik mövqeyindən daha çox çıxış edən fəallarımız onlara motivasiya verməlidirlər. Milli maraqlarımıza təhdid yaradan çıxışlar edən şəxslər isə cəzalandırılmalıdır”. Geri qayıt |