Əsas Səhifə > Güney Press / Partiya > "Köçəryanın namizədliyinin irəli sürülməsi əslində Paşinyan hakimiyyəti üçün daha sərfəlidir"
"Köçəryanın namizədliyinin irəli sürülməsi əslində Paşinyan hakimiyyəti üçün daha sərfəlidir"18-03-2026, 05:09 |
|
Xəbər verdiyimiz kimi, Xocalı canisi Robert Köçəryan Ermənistan müxalifətindəki Hayastan blokunun baş nazirliyə namizədi olub. Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Tural Gəncəliyev bildirdi ki, Robert Köçəryan artıq vurulmuş kartdır: "O, Ermənistan ictimaiyyəti arasında artıq marjinal siyasətçi hesab olunur. Ermənistan ictimaiyyəti Robert Köçəryan və Serj Sarkisyan cütlüyünün Ermənistanın başına gələn bütün bəlaların əsas səbəbkarı olduğunu çox yaxşı xatırlayır və bu, əsassız deyil. 2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyətinin qurulmasının əsas səbəblərindən biri məhz Robert Köçəryan Serj Sarkisyan cütlüyünün Ermənistanı saldığı vəziyyət idi. Ona görə də hesab edirəm ki, Ermənistanda belə bir şəxsin namizədliyinin irəli sürülməsi əslində Paşinyan hakimiyyəti üçün daha sərfəlidir. Bunun səbəbi ondan ibarətdir ki, Köçəryan çox zəif fiqurdur və Paşinyanla müqayisədə seçkilərdə onu qorxudacaq, ona ciddi rəqib olacaq gücə malik deyil. Paşinyanın son zamanlar post-münaqişə dövründə konstruktiv məsələlərə münasibəti var və buna görə ona qarşı erməni diasporu və erməni kilsəsi tərəfindən qarayaxma kampaniyası aparılır. Bu şəraitdə Köçəryan Paşinyan üçün daha uyğun rəqibdir, çünki güclü fiqur deyil və seçkilərdə ona real təhlükə yarada biləcək şəxs hesab olunmur. Bu fiqur artıq vurulmuş kartdır", - deyə millət vəkili qeyd etdi. Onun sözlərinə görə, Köçəryanın Rusiyaya meyilli olması da müzakirə olunur: "Ona Rusiyadan dəstək veriləcəyi təqdirdə bunun nə dərəcədə təsirli olacağı sualı ortaya çıxır. Rusiyanın Ermənistandakı seçkilərə müdaxiləsinin nə qədər güclü ola biləcəyini qiymətləndirərkən qeyd etmək lazımdır ki, Rusiya hazırda Ermənistana açıq şəkildə seçkilərə müdaxilə etmək və bununla da münasibətləri tamamilə korlamaq istiqamətində ehtiyatlı davranır. Buna görə də Köçəryana açıq dəstəyin verilməsi Ermənistan ictimaiyyətində əks təsir yarada və onu daha ciddi şəkildə cəmiyyətin hədəfinə çevirə bilər. Ermənistan ictimaiyyəti Rusiyanın müdaxiləsi ilə hakimiyyətə gələn namizədi qəbul etmək istəmir. Bu məqam isə Paşinyanın xeyrinə işləyir. Köçəryanın Birinci Qarabağ müharibəsində Azərbaycanın torpaqlarının işğal olunması, Azərbaycan xalqına qarşı qətliamların törədilməsi və bəşəriyyət əleyhinə cinayətlərdə Serj Sarkisyanla birlikdə iştirak etdiyi də unudulmamalıdır. Bu səbəbdən onun yenidən hakimiyyətə gəlməsi revanşist qüvvələrin qayıdışı kimi qiymətləndirilə bilər ki, bu da Azərbaycan üçün qəbuledilməzdir və milli maraqlara ziddir. Robert Köçəryanın Rusiyadan kənar erməni diasporunda, o cümlədən Avropa və Amerikada ciddi dəstəyə malik olmadığı da nəzərə çarpır. Buna görə də onun baş nazirliyə namizədliyinin irəli sürülməsi baş tutsa belə, şansları aşağı qiymətləndirilir. Köçəryan Paşinyana real təhdid yarada biləcək fiqur deyil və Ermənistanda artıq marjinalaşmış siyasi qüvvə kimi çıxış edir". Geri qayıt |