Əsas Səhifə > Güney Press / Partiya > "Bu sahədə şəffaflığın olması xüsusilə vacibdir"
"Bu sahədə şəffaflığın olması xüsusilə vacibdir"22-03-2026, 05:19 |
|
Prezident İlham Əliyevin yeni Fərmanı ilə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib. Bununla eyni zamanda dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği də müəyyənləşdirilib. Fərmanla dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib. Məlumata görə, hazırda ölkədə dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, hazırda dövlət qulluqçularının orta aylıq əməkhaqqı 1971 manat təşkil edir. Ekspertlər yeni Fərmanın dövlət qulluqçularının sosial rifahını, motivasiyasını və faydalılıq əmsalını artıracağını, xüsusilə gənclər arasında dövlət qulluğuna marağı stimullaşdıracağını bildirirlər. Ekspertlər yeni Fərmanı dövlət və özəl sektor arasındaki maaş fərqinin azalmasına, iki sektor arasında rəqabətyönümlü proses, dövlət qulluğunda çalışan kadrların peşəkarlığının artmasına xidmət edəcək strateji addım kimi dəyərləndirirlər. Sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu məsələyə Azərbaycanın ümumi iqtisadi durumu, dövlət büdcəsindəki artım kontekstində baxmaq lazımdır: “Büdcə ilbəil artır, iqtisadi imkanlar genişlənir. Belə olanda, cəmiyyyətin bütün təbəqələri-müharibə iştirakçıları, qazilər, təqaüdçülər, orta təbəqə, bütün çalışanların maaşı artmalı, sosial təminat gücləndirilməlidir. Bu proses gedir, ildə bir neçə dəfə buna şahid oluruq. Ola bilsin ki, tam istənilən səviyyədə deyil, amma proses yükslişə doğrudur və bunu inkar etmək mümkün deyil. Dövlət qulluqçularının, müəyyən icra strukturlarında işləyənlərin maaşının artırılması da bu prosesin tərkib hissəsidir. Bu sahədə şəffaflığın olması xüsusilə vacibdir. İndiyə qədər orada müxtəlif üsullardan istifadə olunurdu, mükafat sistemi tətbiq olunur, 13-cü maaş verilirdi. Bu üsulların tətbiqi nəticəsində əslində kimin nə qədər maaş aldığı məlum deyildi, müəyyən yeyintilərə də yol verilə bilirdi. Yeni sistemlə kimin nə qədər maaş aldığı bəlli olacaq. Bu, düzgün siyasətdir”. Sabir Rüstəmxanlı bildirib ki, mən millət vəkili olanda, başqa ölkələrdə səfərdə olduğumuz zaman görürdük ki, maaşları bizimlə müqayisə etmək olmur: “İndi Azərbaycanda da millət vəkillərinin maaşı normaldır. Nəzərə alaq ki, millət vəkili ayda iki dəfə rayona gedir, görüşlər keçirir, müxtəlif tədbirlərdə iştirak edir, bunun üçün başqa maliyyə ayrılmır. İndi dövlətin imkanı varsa, dövlət qulluqçularına stabil yüksək maaş təyin edirsə, bu, çox yaxşı addımdır. Yaxşı maaş alan və ağıllı məmur başqa üsullara, əyri yollar axtarmayacaq. Dövlət məmurunun yaxşı maaş alması dövlətin nüfuzunu və insanların rifahını artırır. Düşünürəm ki, artıq əvvəlki və yeni sistemin nə qədər maliyyə tələb etdiyi əlaqədar qurumlar tərəfindən hesablanıb, müqayisə olunub. Belə baxanda, indiki rəqəmlər o qədər də çox deyil. Ümumiyyətlə, bunu ölkəmizin lehinə olan qərar hesab edirəm, amma digər təbəqələrin də maaşı artılmalı, sosial təminat gücləndirilməli, çoxdan barəsində danışdığımız “uşaqpulu” və s. kimi məsələlər də büdcənin imkanı daxilində nəzərə alınmalıdır”. Sabir Rüstəmxanlı yeni modelə keçidin şəffaflığın təmini istiqamətində üstünlükləri barədə danışarkən onu da qeyd edib ki, bu yanaşma bəzi mənfi addımların qarşısını da almış olur: “Yeni model adamları düz işləməyə vadar edir. Maaşı yüksək olan məmur öz işinin qədrini daha yaxşı bilir, məsuliyyətlə icra etməyə çalışır və vətəndaşlara daha yaxşı xidmət göstərir. Yüksək maaş həm də işçinin biliyini, bacarığını, diqqətini işə yönəltməsi deməkdir. Düşünürəm ki, bu, aşağıdan yuxarıya cəmiyyətin bütün təbəqələrini əhatə edən proses olacaq, digər təbəqələrə də tədricən bu artım şamil ediləcək. Məsələn, təhsil, mədəniyyət sahəsində çalışanların əməkhaqqı da diqqətdə saxlanılmalıdır. Ümumi halda bu, olduqca müsbət tendensiyadır və təqdir olunmalıdır”. Geri qayıt |