Əsas Səhifə > Güney Press / Partiya > "Bu addımların lideri Türkiyə olmalıdır, amma..."
"Bu addımların lideri Türkiyə olmalıdır, amma..."22-03-2026, 11:15 |
|
"İran müharibəsi dünya mediasında Ukrayna problemini, Ukrayna xalqının üzləşdiyi faciəni arxa plana atıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Rusiyanın Ukraynaya soxulmasının, işğalşı müharibəyə başlamasının əsas bəhanələrindən, səbəblərindən biri o idi ki, Ukrayna NATO-ya üzv olmasın. Ukrayna anti-rusiya layihəsinə çevrildi, NATO-ya üzvlüyü Konstitusiyasına yazdı.
Faciənin dərinliyi odur ki, Ukrayna NATO-ya üzv olmaq şansı, haqqı olması üçün apardığı müharibə 4 ildən çox davam edir və bu gün məlum olur ki, NATO dağılmaq üzrədir, ümumiyyətlə, NATO-nun təməl prinsipləri dəyişir və bu tək Trampdan asılı deyil, ABŞ-ın artıq qəbul etdiyi strategiyadır.
Ukrayna 2014-cü ildən bəri 20% torpaq, 20 mln. əhalisini itirdi və bu gün can atdığı NATO, heç bir üzvünə tam “təhlükəsizlik çətiri” verə, hətta ABŞ da Körfəz ölkələrindəki müttəfiqlərini tam qoruya bilmir.
Ukraynanın NATO üzvlüyünə can atmasaydı, bəlkə də yenə Rusiya işğala cəhd edərdi – ola bilər, bunu inkar etmirəm, amma, NATO xəyalı, anti-rusiya layihəsi olmaq istəyi, Rusiyanın müharibə iştahını xeyli qabartdı.
Bütün bu olan-bitənlər bütün ölkələrə öz təhlükəsizlik konsepsiyasıyalarına yenidən baxmağa məcbur edəcək. Bir daha aydın olur ki, yeganə təhlükəsizlik çətiri öz Ordun və səninlə bir yerdə vuruşmağa hazır olan əsl müttəfiqlərdir. Bu mənada Türk Dövlətləri Təşkilatı təhlükəsizlik birliyinə çevrilməli, özünü qorumaq üçün inteqrasiya olunmuş Ordu və təhlükəsizlik sisteminə doğru sürətlə irəliləməlidir.
Bu addımların lideri Türkiyə olmalıdır, amma, Türkiyə də seçim etməli olacaq: ya türk dünyasının, ya da müsəlman dünyasının lideri olmaq - hər ikisi bir yerdə mümkün deyil, müsəlman dünyasının lideri olmaq cəhdi belə mənasızdır, vaxt və resurs itkisidir..."
Geri qayıt |