Əsas Səhifə > Güney Press / Partiya > Kiminlə ticarətimiz varsa, ondan yan gəzirik...

Kiminlə ticarətimiz varsa, ondan yan gəzirik...


27-03-2026, 07:00

"2021-2025'ci illərdə Azərbaycan BMT içində kimlərlə müttəfiq olub? Buradakı 550 səsvermədə ən çox Mavriki Respublikası ilə vahid mövqedən çıxış etmişik..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mövzuların 79 faizində bir olmuşuq.
Dostlarımızın ilk onluğuna həmçinin daxildir:
2. Yamayka
3. Qırğızıstan
4. Syerra Leone
5. Mavritaniya İslam Respublikası
6. Trinidad və Tobago
7. Qviana
8. Belize
9. Özbəkistan
10. Banqladeş (77 faiz)
Başqa sözlə, BMT Baş Assambleyasındakı fəaliyyətimizi ən çox Qoşulmama Hərəkatı ilə əlaqələndiririk.
Bəs orada kiminlə dil tapmırıq? Ən çox ABŞ və İsrail ilə. Bu iki dövlətlə səsvermələrin 90 faizində fərqli mövqe sərgiləyirik. Az qala düşmənik. “Düşmən” onluğuna həmçinin daxildir:
3. Macarıstan
4. Kanada
5. İngiltərə
6. Ukrayna
7. Çexiya
8. Argentina
9. Fransa
10. Gürcüstan
Qısası, kiminlə yaxşı ticarətimiz və ya ayrıca ciddi əməkdaşlığımız varsa, BMT'də onlardan yan gəzirik. Ortaq şirkət qurandan sonra bir-birinin dost məclisinə qatılmayan iş adamları kimi.
BMT'də ancaq riyazi çoxluğun yanında olmağı seçməyimiz işğal dövründə ağlabatan qərar olsa da, indi beynəlxalq təşkilatlarda tərəfdaş çevrəmizə yavaş-yavaş yenidən baxmalıyq. BMT'dəki strategiya digər qurumlarda özünü doğrultmur. BMT ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi üzərində qurulub deyə, burada “bizi özümüzə buraxın” deyən çox həmfikir tapmaq olur. Başqa dəyər və məqsədlər naminə qurulmiş təşkilatlarda isə bu cür təsirli mənsubiyyət qrupu özümüzə tapa bilmərik və bilmirik də.
Məsələn, AŞPA'dan qovulma ərəfəsində çıxmağımızın bir səbəbi orada bir çox üzvün (və ölkənin) bizə qarşı qərəzi idisə, bu qərəzliləri üstələməkdən ötrü özümüzdə dəyərlərə yetərincə sadiqlik tapa bilməmişik, insan haqlarını sağa-sola ən kobud şəkildə pozuruq. Eynən Dünya Ticarət Təşkilatına girə bilməyib azad ticarətdən vaxtında lazımi təkan almadığımıza görə, indi iqtisadi baxımdan Gürcüstan və Ermənistandan sürətlə geri qalırıq – maaşlarımız daha aşağı, bank hesablarımızda pul daha az, struktur problemləri daha kəskin və s.
Beynəlxlaq təşkilatlarda üzvlükdən nə istədiyimizə yenidən baxmaq vaxtıdır. İşğal dövründə hər şey aydın idi. İrəliyə baxanda isə, suallar daha çoxdur. Düzdür, olmayan yerdə özümüzə yeni əzəli düşmən düzəldib oxşar xətti davam etdirmək istəyənlər də ola bilər, amma bu gediləsi yol deyil..."

Geri qayıt