Əsas Səhifə > Güney Press > Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...”

Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...”


Bu gün, 08:10

Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alim Məhərrəmovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib.

İttihama görə, hadisə 14 noyabr 2025-ci il tarixdə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən orta məktəblərin birinin həyətində baş verib. Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı olan zərərçəkmiş İradə Məhərrəmovanın (adı, soyadı şərtidir) baş nahiyəsinə qəsdən əl zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsə qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ alın nahiyəsinin dərialtı hematoması, eləcə də sağ qulaq seyvanının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirilib.

Məhkəmə iclasında ifadə verən Alim Məhərrəmov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, İradə Məhərrəmova ilə 2017-ci ildə ailə həyatı qurub və nikahdan iki azyaşlı övladları var. Onun sözlərinə görə, hadisədən əvvəl həyat yoldaşı heç bir izahat vermədən uşaqları götürərək valideynlərinin evinə gedib və bundan sonra onunla əlaqə saxlamayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, övladlarını görmək məqsədilə dəfələrlə zəng etsə də, cavab ala bilməyib, həmçinin bir neçə dəfə onların yaşadığı ünvana getsə də, qapı açılmayıb. Hadisə günü isə o, övladını görmək üçün məktəbin qarşısına gəlib. Orada həyat yoldaşı və oğlu ilə qarşılaşdığını bildirən Alim uşağı qucaqlamaq istədikdə İradənin buna mane olduğunu deyib.

Alimin ifadəsinə görə, zərərçəkmiş şəxs uşağı məktəbə göndərdikdən sonra ona yaxınlaşaraq onu təhqir edib və yaxın durmamağı tələb edib. Bu zaman əsəbiləşdiyini bildirən təqsirləndirilən şəxs yumruqla arvadının baş nahiyəsinə zərbələr endirdiyini etiraf edib və daha sonra hadisə yerindən uzaqlaşıb.

Təqsirləndirilən şəxs sonradan İradənin hadisə ilə bağlı polisə müraciət etdiyini öyrəndiyini bildirib. O, törətdiyi əməldən peşman olduğunu vurğulayaraq məhkəmədən bunun nəzərə alınmasını xahiş edib.


Geri qayıt