Əsas Səhifə > Güney Press > Fransa ikiüzlülüyü:

Fransa ikiüzlülüyü:


Bu gün, 00:10

Fransada “ifadə azadlığı” adı altında səsləndirilən fikirlərin sərhədləri yenidən ciddi mübahisə mövzusuna çevrilib. Bu dəfə qalmaqalın mərkəzində ifrat sağçı mövqeyi ilə seçilən "Milli Birlik" partiyasının nümayəndəsi, fransız deputat Jülyen Odul dayanır. Onun İslam və islamofobiya ilə bağlı səsləndirdiyi açıqlamalar təkcə rezonans doğurmayıb, həm də Fransanın illərdir müdafiə etdiyi demokratik dəyərlərin nə dərəcədə ardıcıl tətbiq olunduğu sualını gündəmə gətirib.

Jülyen Odul islamofobiya konsepsiyasını qəbul etmədiyini və İslama qarşı mənfi münasibəti yolverilən hesab etdiyini bildirib.

O, Fransa telekanallarından birinin efirində deyib. "Mən islamofobiya konsepsiyasını tamamilə rədd edirəm. Ölkəmizdə islamofobiya qanunidir və bizim hər hansı bir dini sevməmək hüququmuz var", - o qeyd edib. Ona xatırladıblar ki, nifrət çağırışları fikir ifadəsi deyil və cinayət məsuliyyətinə səbəb ola bilər.

Odul etiraz edərək İslamın irq deyil, din olduğunu vurğulayıb və islamofobiya termininin siyasi xarakter daşıdığını bildirib.

"Sizə xatırladıram ki, Samuel Pati islamofob adlandırıldığı üçün öldürülüb. İslamofobiya "Müsəlman qardaşları"nın konsepsiyasıdır", - o əlavə edib. Qeyd edək ki, Jülyen Odul Marin Le Penin rəhbərlik etdiyi "Milli Birlik" partiyasından Fransa parlamentinin deputatıdır. Odul həmçinin partiyanın mətbuat katibidir.
2019-cu ildə Odul Burqundiya - Franş-Konte regional şurasında məktəb ekskursiyasında uşaqları müşayiət edən müsəlman qadından hicabını çıxarmağı tələb etdikdən sonra qalmaqalın mərkəzinə düşmüşdü. 2025-ci ilin martında dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək işi üzrə təqsirli bilinib, lakin bu qərara qarşı apellyasiya şikayəti verib.

Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı Musavat.com-a deyib ki, Fransada “ifadə azadlığı” anlayışı ətrafında gedən müzakirələr son illər daha da kəskinləşib: “Milli Birlik partiyasının nümayəndəsi, deputat Julien Odoul tərəfindən səsləndirilən fikirlər isə bu müzakirələrin nə qədər təhlükəli istiqamət ala biləcəyini açıq şəkildə göstərir. Onun islamofobiya anlayışını tamamilə rədd etməsi və İslama qarşı mənfi münasibəti “qanuni hüquq” kimi təqdim etməsi təkcə hüquqi yox, həm də etik baxımdan ciddi suallar doğurur, bu çərçivələrin tapdanılmasının real mənzərəsini yaradır.

Bu düşüncəli insanlar anlamaq istəmir ki, dini tənqid etmək ilə bir dini hədəf alaraq ona qarşı sistemli nifrət yaymaq arasında ciddi fərq var. İslamofobiya termini məhz bu fərqi ifadə edir. Bu anlayış insanların dini kimliyinə görə nifrət hədəfinə gətirilməsi, ayrı-seçkiliyə məruz qalması və sosial həyatdan kənarlaşdırılması kimi halları təsvir edir. Odulun bu termini “siyasi konstruksiya” kimi təqdim etməsi isə reallıqdan uzaq yanaşmadır. Çünki Fransada və ümumiyyətlə Avropada müsəlmanlara qarşı nifrət zəminində baş verən hücumlar və ayrı-seçkilik halları mütəmadi olaraq beynəlxalq hesabatlarda qeyd olunur”.

Ekspert qeyd edib ki, burada xüsusilə Samuel Pati hadisəsinə istinad edilməsi manipulyativ xarakter daşıyır: “Patinin qətli şübhəsiz ki, dəhşətli terror aktı idi və qətiyyətlə pislənməlidir. Lakin bu faciədən istifadə edərək, bütöv bir dini və ya onun mənsublarını hədəfə almaq nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırıla bilər. Terrorla mübarizə adı altında nifrətin legitimləşdirilməsi cəmiyyətin parçalanmasına xidmət edir.

Daha geniş kontekstdə baxdıqda isə bu cür ritorikanın Fransanın tarixi ilə də ziddiyyət təşkil etdiyi görünür. Özünü “azadlıq, bərabərlik, qardaşlıq” prinsiplərinin daşıyıcısı kimi təqdim edən Fransa uzun illər boyu müstəmləkə siyasəti yürüdərək milyonlarla insanın taleyinə mənfi təsir göstərib, bir çox xalqların həyatını dəhşətli faciələrə çevirib. Əlcəzair müharibəsi zamanı yüz minlərlə əlcəzairlinin həyatını itirməsi, sistemli işgəncələr və zorakılıq halları tarixçilər tərəfindən sənədləşdirilib. Bu müharibə təkcə siyasi qarşıdurma deyildi, eyni zamanda mədəni və dini kimliyə qarşı yönəlmiş təzyiqlərlə yadda qaldı”.

Rəsul Mirhəşimliyə görə, Fransanın Şimali Afrikadakı fəaliyyəti bununla bitmir. Əlcəzair, Tunis və Mərakeş kimi ölkələrdə qurulan müstəmləkə idarəetməsi yerli əhalinin hüquqlarını məhdudlaşdırır, onların dini və mədəni dəyərlərini sıxışdırırdı. Bu siyasət nəticəsində formalaşan sosial travmalar bu gün də həmin regionlarda hiss olunur.

Belə bir tarixi fon qarşısında müasir fransız siyasətçilərinin hər hansı dini və ya mədəni qrupa qarşı dözümsüzlüyü legitimləşdirməyə çalışması ciddi paradoks yaradır. Əgər Fransa həqiqətən də öz dəyərlərinə sadiq qalmaq istəyirsə, o zaman bu dəyərlər seçici şəkildə deyil, hamıya şamil olunmalıdır. İfadə azadlığı nifrət çağırışlarını qoruyan qalxana çevrilməməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, İslamofobiyanın inkarı onun mövcud olmadığını göstərmir. Əksinə, bu cür inkarlar problemin daha da dərinləşməsinə səbəb olur. Cəmiyyətin sağlam inkişafı üçün fərqli inanclara sayğı, qarşılıqlı anlayış və hüquqi bərabərlik əsas prinsip olmalıdır. Əks halda, nifrətin normallaşdırılması nəinki müsəlmanlara, bütövlükdə ədalət anlayışına və dəyərlərə zərbə vurur”.


Geri qayıt