Əsas Səhifə > Güney Press > Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı

Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı


Bu gün, 13:00

Vətəndaşı həbsdən şərti cəza ilə buraxdıracağına, eləcə də digər mebel sexi açdıracağına söz verərək onlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Səmədağa Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, Səmədağa Ağalarov etibardan sui-istifadə edərək Seymur Həziyevə yalan vəd verərək bildirib ki, onun qardaşı Elnur Həziyevi yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə şərti olaraq həbsdən buraxdıracaq.

Belə ki, Elnur Həziyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23.09.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu iş müqabilində Səmədağa zərərçəkmişdən ümumilikdə 74 min manat alaraq dələduzluq edib.

Bundan başqa Səmədağa Ağalarov, təkrarən etibardan sui-istifadə etmə yolu ilə Ceyhun Şəfiyevə mebel sexi açıb həmin mebel sexinə müəyyən avadanlıqlar alaraq istehsala başlayıb satışını təşkil etməklə, əldə olunan qazancın yarısın1 böləcəklərinə dair yalan vəd verib aldadıb.

O, zərərçəkmişdən ayrı-ayrı vaxtlarda ümumilikdə 149.296 manat pulunu alaraq ona qarşı külli miqdarda dələduzluq edib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib.

"Şikayət olunana qədər zərərçəkəninin 45 000 manatını ödəmişdim, sonra 9 000 də bir ödədim".

Zərərçəkmiş şəxs Həziyev Seymur təqsirləndiriləni qardaşı vasitəsilə tanıdığını bildirib:

"Qardaşım Elnur zəng elədi ki, Səmədağa gələcək, bu qədər pul lazımdır, qurtaracaq məni.Zəngləşib danışdıq, gəldi rayona. Dedi ki, "Qabaqcadan 3000 ver, vəkil tutacam". Əlimdə-ovcumda yox idi, mən də banka girib hissə - hissə o məbləği verdim, qohum əqrabada pul- para qoymadım. Elə bu gün, sabah deyə-deyə iş axır gəlib bura çıxdı. İndiyənədək banka pul ödəyirəm. Pulumu qaytarsa, həbs olunmağını istəmərəm".

Məhkəmənin növbəti iclası mayın 12-nə təyin edilib.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Geri qayıt