Əsas Səhifə > Güney Press > Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı?
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı?Bu gün, 11:23 |
|
İtaliya və Rusiya arasında diplomatik qalmaqal yaşanıb. Səbəb srağagün Rusiyanın dövlət televiziyasında bədnam aparıcı Vladimir Solovyovun mayın 5-də Bakıya səfərə hazırlaşan Baş nazir Corcia Meloni haqda son dərəcə təhqiramiz fikirlər səsləndirməsi olub. Solovyov italyanca söyüşlərdən istifadə edərək, Melonini “faşist”, “axmaq”, digər kobud sözlərlə təhqir edib. Həmçinin İtaliya baş nazirini Donald Trampa guya “xəyanətdə” ittiham edib, “xəyanət Meloninin ikinci adıdır” deyib. “Bu, bəşəriyyət üçün rüsvayçılıqdır. Xəyanət onun ikinci adıdır: o, əvvəllər sadiqlik andı içdiyi Trampa xəyanət edib”, - Solovyov sərsəmləyib. Artıq Rusiya səfiri Aleksey Paramonov Romada İtaliya XİN-ə çağırılıb. Xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani bununla bağlı X sosial şəbəkəsindəki səhifəsində yazıb. Diplomata sərt etiraz bildirilib... Maraqlıdır ki, səfir XİN-ə çağırılmasına təəccüblə qarşılayıb. “Tanımış rus jurnalistin, hətta çox istedadlı və xalq arasında populyar olsa belə, öz şəxsi onlayn kanalında səsləndirdiyi fikirləri heç bir sağlam düşüncəli insan hansısa dövlətin rəsmi mövqeyi kimi qəbul etməz”, - diplomat vurğulayıb. O, həmçinin, qeyd edib ki, Meloninin hakimiyyətdə olduğu müddətdə Rusiya rəhbərliyi tərəfindən onun və ya İtaliya haqqında heç vaxt alçaldıcı fikirlər səsləndirilməyib. Səfirin fikrincə, Solovyovun şəxsi şərhində istifadə etdiyi ifadələri Rusiya rəhbərliyi və xalqına aid etmək və bundan beynəlxalq-siyasi qalmaqal yaratmaq “İtaliyanın “dərin dövləti” daxilində Ukrayna ilə bağlı anti-Rusiya qüvvələrinin fəaliyyətinin nəticəsidir”. Diplomat bir az da qabağa gedərək deyib: “Bu, Rusiya və İtaliya xalqlarını qarşı-qarşıya qoymaq, diplomatik əlaqələrimizi zəiflətmək və Rusiyanın imicinə əlavə zərbə vurmaq cəhdidir. Ola bilsin ki, bu, öz xarici siyasət uğursuzluqlarını, o cümlədən Zelenskinin Romaya son uğursuz səfərini kompensasiya etmək üçündür”, - səfir iddia edib... Beləcə, ilk baxışda zibili tökən Solovyov, töhmət alan isə Rusiya səfir olub. Hərçənd, rus səfirin gileyi yersizdir. Ən azı ona görə ki, bu siyasi şoumen-təlxək Kremlin ən yaxın, ən azğın təbliğat ruporlarından biri sayılır. Onun təxribatçı verilişi də məhz Rusiyanın hökumət tərəfindən maliyyələşən dövlət telekanalında yayımlanır. O da bəllidir ki, bu adam “çatana bir təpik, yetməyənə isə daş atmaqla” məşhurdur. Onun postsovet ölkələrinin ünvanına, onların ərazi bütövlüyü və suverenliyinə qarşı hədə-hədyanları da unudulmayıb. Bu səbəbə zamanında bir neçə postsovet ölkəsində, hətta Ermənistanda Rusiya səfirləri XİN-ə çağırılıb, notalar təqdim edilib. Təəssüf ki, Solovyovun “əl-ayağı” yenə də lazımınca yığışdırılmayıb. Düzdür, vaxtilə o, konkret olaraq Azərbaycandan üzr istəyib. Ancaq göründüyü kimi, özünə xas dağıdıcı ampluası aşağı-yuxarı dəyişməyib. Odur ki, səfir nəticədənsə, səbəb barədə danışsa daha yaxşı olar. İtaliyaya gəlincə, bəzi məlumatlara görə, təhqiramiz demarşın bir səbəbi bu ölkədə Solovyova məxsus villaların müsadirə olunması ilə bağlıdır. Yerli hökumətin Ukrayna məsələsində Solovyovun tutduğu aqressiv mövqeyə görə bu qərarı verdiyi deyilir. “Xoruzun quyruğu” da bəlkə elə burda gizlənib... Musavat.com Geri qayıt |