Əsas Səhifə > Güney Press > Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır?

Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır?


Bu gün, 12:45

Türkiyə Ermənistanla sərhədi açmaq və Avropa ilə Asiya arasında yeni ticarət marşrutu yaratmaq ümidi ilə Hörmüz boğazına alternativ olaraq Orta Dəhlizin təşviqini artırıb.

Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Bu, ABŞ Prezidenti Donald Tramp tərəfindən Ermənistan və Azərbaycan arasında sülh təşəbbüslərinin bir hissəsi olaraq dəstəklənən TRİPP layihəsinə aiddir. Türkiyə hakimiyyəti 32 il əvvəl bağlanan “Əlican” sərhəd-keçid məntəqəsinin açılması üçün hazırlıqlara başlayıb. Ankara Hörmüz boğazı vasitəsilə tədarüklərlə bağlı risklər fonunda əsas tranzit qovşağı kimi mövqeyini möhkəmləndirməyi planlaşdırır. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, Türkiyə “sabitlik adası”na çevrilir və enerji təchizatı üçün təhlükəsiz marşrut kimi qiymətləndirilir”, - nəşr qeyd edib.

Orta Dəhliz Çin və Avropa arasında Qafqaz və Türkiyə vasitəsilə quru əlaqəsini nəzərdə tutur:

“Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın sözlərinə görə, bu marşrutla daşınma təxminən 40 gün çəkən dəniz yolu ilə müqayisədə 12–15 gün çəkə bilər. Daşımaların həcminin isə ildə 5 milyon tondan 20 milyon tona qədər artacağı proqnozlaşdırılır”.

Türkiyəli sərhədçilərdən biri nəşrə açıqlamasında deyib ki, Ermənistanla sərhədin nə vaxt açılacağı bilinmir: “Tarix daim dəyişir. Amma hamı bunun tezliklə baş verəcəyini düşünür”.

Belədirmi? Hörmüz boğazı ətrafında durum Ermənistanla sərhədlərin açılmasını sürətləndirə bilərmi?

Milli Məclisin üzvü Azər Badamov Musavat.com-a açıqlamasında qeyd etdi ki, Hörmüz boğazında yaranmış məhdudiyyətlər və Bab əl-Məndəb boğazının riskli olması, həmçinin Rusiya ilə Avropa arasında davam edən gərginliklər təhlükəsiz nəqliyyat dəhlizləri məsələsini daha da aktuallaşdırıb: “Hörmüz boğazı ətrafında baş verən hadisələr Orta dəhlizin tam şəkildə açılmasını birbaşa sürətləndirməsə də, onun əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos da Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı mövcud geosiyasi reallıqların düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Asiya ilə Avropa arasında daşımaların həyata keçirilməsi üçün ən etibarlı nəqliyyat-logistika marşrutu məhz Orta dəhlizdir. Eyni zamanda, o, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyin vacibliyini də xüsusi olaraq qeyd edib.

Həqiqətən də, Azərbaycanın ərazisindən keçən Orta dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsi baxımından həm vaxt, həm də təhlükəsizlik nöqteyi-nəzərindən ən səmərəli marşrutlardan biridir. Hazırda Bakı-Tiflis-Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti təxminən 5 milyon ton təşkil edir ki, bu da mövcud tələbat fonunda məhdud imkan deməkdir. Lakin Zəngəzur dəhlizinin açılması Orta dəhlizin potensialını əlavə 15 milyon ton artıraraq ümumi gücü 20 milyon tona çatdıra bilər.

Bundan əlavə, Türkiyə artıq öz ərazisində Qars-İğdır dəmir yolunun tikintisinə başlanıb və layihənin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır. TRIPP layihəsinin icrası ilə Orta dəhlizin yeni seqmenti hesab olunan Zəngəzur dəhlizi də tam fəaliyyətə başlayacaqdır. Bu isə regionda davamlı sülhün və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə ciddi töhfə verə bilər”.

Deputatın sözlərinə görə, Türkiyəni Ermənistanla birləşdirəcək Əlican sərhəd-keçid məntəqəsində yenidənqurma işləri artıq başa çatıb, lakin Türkiyənin Ermənistanla quru sərhədlərini açması böyük ehtimalla Azərbaycanla Ermənistan arasında sülh prosesinin yekunlaşması ilə sinxron şəkildə həyata keçiriləcək: “Yəni, yekun sülh müqaviləsi imzalanmadan Türkiyənin sərhədlərini açması real görünmür. Hazırda Azərbaycan Ermənistana yükləri Gürcüstan ərazisi vasitəsilə göndərir. Halbuki bu daşımaların birbaşa həyata keçirilməsi mümkündür. Lakin sülh müqaviləsinin imzalanmaması bu imkanların reallaşmasına mane olur. Eyni vəziyyət Türkiyə üçün də keçərlidir. Quru sərhədlərin açılması üçün əsas şərt Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır”.

Parlamentari daha sonra bildirib ki, Ermənistanda parlament seçkilərindən sonra konstitusiya dəyişikliklərinin həyata keçirilməsi gözlənilir: “Bu dəyişikliklər baş verdikdən sonra Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün ciddi maneələrin qalmayacağı ehtimal olunur. Sülh müqaviləsinin imzalanması isə Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə quru sərhədlərinin açılmasına və regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşmasına yol aça bilər”.

Musavat.com


Geri qayıt