Əsas Səhifə > Güney Press > Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq?

Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq?


Bu gün, 15:50

Son günlər TƏBİB ətrafında cərəyan edən proseslər Azərbaycan səhiyyə sistemində böyük çalxalanma yaradıb. Kliniki Tibbi Mərkəz (KTM), Sabunçu xəstəxanası, Yeni Klinika, Abşeron Mərkəzi Xəstəxana, Nərimanov Tibb Mərkəzi və Bakı Şəhər Baş Səhiyyə İdarəsində direktorların vəzifədən azad edilməsi genişmiqyaslı islahatların başlanğıcı kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, bu ardıcıl kadr dəyişiklikləri, rəhbərlik yenilənmələri cəmiyyətdə əsaslı suallar doğurur:

“Səhiyyə sistemimizin bugünkü vəziyyəti uzun illər yığılmış struktural problemlərin məcmusudur. İdarəetmə keyfiyyəti bir çox müəssisədə nəinki qənaətbəxş deyil, hətta bərbaddır, qərarvermə mexanizmləri şəffaflıqdan uzaqdır, daxili nəzarət isə sanki formal bir çərçivəyə sıxılıb. Bunun nəticəsidir ki, bir sıra xəstəxanalarda sağlam peşəkar rəqabətin yerini qapalı qruplaşmalar alıb. Bu isə personalın iş mühitini korlayır, pasiyentlərə göstərilən xidmətin keyfiyyətini aşağı salır. Bütün bunlara kommersiyalaşma tendensiyası da əlavə olunub: pasiyentə xəstə kimi yox, maliyyə mənbəyi kimi yanaşma artıq norma halını alıb”.

Deputat qeyd edib ki, İcbari Tibbi Sığortanın tətbiqi düzgün istiqamətdir, lakin icra boşluqları sistemi sanki içindən yeyir:

“Pasiyentlərə xidmət paketləri tam və aydın şəkildə izah olunmur, bəzi müəssisələrdə isə sığorta ilə gələn vətəndaşa münasibət qeyri-adekvat xarakter daşıyır. Bu isə insanların sistemə olan inamını sarsıdır və bir dəfə sarsılan inamın bərpa edilməsi ən çətin şeylərdən birinə çevrilir. Ayrıca, “aparat işləmir”, “bu xidmət bizdə mövcud deyil” kimi bəhanələrlə həyata keçirilən süni yönləndirmələr artıq sistemli hala gəlib. Pasiyent vaxt itirir, əlavə xərclər çəkir, bəzən isə gecikmiş müdaxilə sağlamlıq riski yaradır. Bu fonda baş verən kütləvi kadr dəyişikliklərini islahat cəhdi kimi dəyərləndirirəm”.

WhatsApp Image 2025 12 22 at 10.03.46

Razi Nurullayevin fikrincə, iki ciddi təhlükəni gözdən qaçırmaq olmaz:

Birincisi, sürətli və genişmiqyaslı dəyişikliklər keçid dövründə idarəetmə boşluğu yarada bilər. Əgər yeni təyinatlar peşəkarlıq əsasında deyil, başqa mülahizələrlə aparılırsa, problemlər dərinləşər. Lakin Anar Bayramov prinsipial və peşə ləyaqətinə sadiq şəxsdir və inanıram ki, yeni təyinatlar peşəkarlıq nəzərə alınaraq həyata keçiriləcək.

İkincisi, islahatların yalnız şəxslərin dəyişdirilməsi ilə məhdudlaşması. Sistem eyni qalırsa, mexanizmlər yenilənmirsə, vərdişlər dəyişmirsə, sadəcə, yeni üzlər köhnə problemi davam etdirər. Ona görə də bu prosesə bağlı bir neçə konkret tələb önəmlidir. Tibb müəssisələrində idarəetmənin açıq və ölçülə bilən qiymətləndirmə sistemi qurulmalı, direktor təyinatları peşəkar menecment kompetensiyaları əsasında aparılmalıdır.

İcbari sığorta üzrə xidmətlərin real monitorinqi və ictimai hesabatlılıq mexanizmi işə salınmalı, pasiyent hüquqlarının qorunması üçün müstəqil şikayət platforması gücləndirilməlidir”.

Səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, Azərbaycanın səhiyyə sistemindəki genişmiqyaslı dəyişikliklər ikitərəfli risk daşıyır:

“Rəhbərliyin dəyişməsi qısa müddətdə inzibati ləngimələrə, xəstəxanadaxili prosedurların yenidən qurulması isə müvəqqəti koordinasiya problemlərinə səbəb ola bilər. Digər tərəfdən, bu dəyişikliklər son illər yığılıb qalmış şikayətlərin, məsələn, pasiyent məmnuniyyətsizliyi, rüşvət iddiaları, icbari tibbi sığorta ilə bağlı bürokratik əngəllər və s. həlli üçün bir şans kimi görülür. TƏBİB bildirir ki, məqsəd xidmət keyfiyyətini yüksəltmək və idarəetmədə şəffaflığı təmin etməkdir. Yeni rəhbərlik niyə demək olar ki, bütün direktorları azad edir? Bu həmişəki adət ənənədir deyərdim”.

nermin abbasli yeni

N.Abbaslının fikrincə, adətən yeni gələn rəhbər çox vaxt köhnə komanda ilə işləmir, öz strategiyasına uyğun kadrları gətirməyə üstünlük verir:

“Bu dəyişikliklərin bir digər səbəbi son aylarda aparılan daxili yoxlamalar nəticəsində bir çox tibb müəssisələrində maliyyə kəsirliyi, dərman təminatında axsamalar və kadr idarəçiliyində nöqsanların aşkar edilməsidir. Sabunçu xəstəxanası və KTM (xalq arasında “Semaşko”) kimi müəssisələr haqqında sosial şəbəkələrdə və mediada yayılan davamlı şikayətlər rəhbərliyin bu sahədə radikal addımlar atmasını qaçılmaz etdi. Bu kadr islahatlarının xəstələrin cibinə və müalicə keyfiyyətinə təsirini yaxın 6 ay ərzində görmək mümkün olacaq”.


Geri qayıt