Əsas Səhifə > Güney Press > Nail Kəmərli gördüyü dəhşəti danışdı:

Nail Kəmərli gördüyü dəhşəti danışdı:


Bu gün, 17:16

Narkomaniya təkcə fərdi deyil, cəmiyyət üçün də ciddi təhlükə olaraq qalır. Xüsusilə gənclərin bu bəladan qorunması, maarifləndirmə və reabilitasiya məsələləri daim diqqət mərkəzindədir.

Mövzu ilə bağlı suallarımızı müsahibimiz, “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İB-nin rəhbəri Nail Kərimli cavablandırdı.

O, narkotiklə mübarizədə onu motivasiya edən amillərdən, bu sahədə qarşılaşdığı ağır mənzərələrdən və gəncləri bu təhlükədən uzaq tutmağın yollarından danışdı.

Ölkə.Az müsahibəni təqdim edir:

- Nail bəy, sizi narkotiklə mübarizədə ən çox motivasiya edən nədir?

- Mənim üçün ən güclü motivasiyalardan biri itirilən həyatların geri qaytarılmasıdır. Yəni insanlar itirdikləri həyatları, yaşadıqları dibləri geridə qoyurlar. Biz onları bataqlıqdan çıxarırıq və bir ildən, iki ildən sonra artıq sağalırlar, az da olsa uğur qazanırlar. Dağıtdıqları sferanı yavaş-yavaş bərpa edirlər. Narkomaniyanın qarşısında aciz qalmırlar və sağalandan sonra öz ətrafını, cəmiyyətdə olan gəncləri narkotiklə bağlı maarifləndirir, onları narkomaniyadan qorumağa çalışırlar. Bu mənim üçün ən böyük motivasiyadır.

İkinci motivasiya isə həmin insanların analarının, uşaqlarının dualarıdır və rəylərdə yazılan xoş sözlərdir. “Allah balanı saxlasın” kimi sözlər mənim üçün ən gözəl motivasiyalardandır.

- İlk qarşılaşdığınız hadisə sizdə nəyi dəyişdi?

- Dörd-beş il bundan öncə narkomaniyadan əziyyət çəkən 21 yaşlı bir gənc oğlan var idi. Biz onu reabilitasiyaya, müalicəyə yerləşdirdik və gördük ki, üç aydan sonra sağaldı. Onda çox ciddi dəyişiklik oldu. Bu məndə çox böyük maraq yaratdı və bu dəyişimi gördükdən sonra istədik ki, bu cür sağalanların sayı çox olsun.

İkinci olaraq, məndə ən çox təsir yaradan hadisələrdən biri - məsələn, çəkiliş etdiyim "Papanin" ərazisində narkotik ifşası ilə bağlı çəkilişimizdən sonra həmin ərazidə hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər, oranın təmizlənməsi və güclü reydlərin aparılması oldu. Bu məndə böyük motivasiya yaratdı və beləliklə, komanda olaraq irəli addımlar atmaq istədik.

- Sizcə, bir gənci narkotikdən çəkindirə biləcək ən güclü faktor nədir?

- Fikrimcə, bir gənci narkotikdən çəkindirə biləcək ən güclü faktor ona real hadisələri, narkotikin verə biləcəyi zərərləri açıq şəkildə göstərməkdir. Gəncə şifahi "narkomaniya pisdir" demək kifayət deyil. Amma bunu sübut edə bilirsənsə, güclü təsir göstərir. Sübutlarla, faktlarla göstərmək lazımdır.

Elə buna görə də uzun illər ayıqlığı olan, narkomaniyadan azad olmuş, bataqlıqdan çıxardığımız insanları özümlə məktəblərə, peşə məktəblərinə, orta məktəblərə, ali təhsil ocaqlarına aparıram. Orada real insanların dilindən maarifləndirici görüşlər keçirirəm. Bu, ən effektiv üsullardan biridir.

- Bu sahədə ən ağır gördüyünüz mənzərə nə olub?

- Bir atanın və oğlunun, ər-arvadın, bacı-qardaşın bir yerdə narkotik istifadə etməsi ən ağır səhnələrdəndir. Çünki bunlar bir qram narkotik vasitəyə görə bir-birinə yalan danışır, dava edir, ağır təhqirlər edirlər. Bir qram narkotikin üstündə ağlagəlməz hadisələr baş verir.

Bəzi gənclərimizi “patı” adlı narkotik vasitə məhv edir. "Patı" istifadə edəndə gənclər özlərini itirirlər. Artıq real cinayətkara, kinolarda gördüyümüz zombilərə çevrilirlər. Bilmir qarşısındakı bacısıdır, anasıdır, balasıdır. Ona görə patı çox təhlükəli kimyəvi tərkibli psixotrop maddədir.

- Sizcə, narkotikə yönəlmənin əsas səbəbi nədir: mühit, psixoloji durum, yoxsa maraq?

- Deyərdim ki, bu üç variant arasında əsas səbəb psixoloji durumdur. Amma psixoloji durumun da kökündə ailə dayanır. Ailədə psixoloji travması olan gənclər mühitə çıxandan sonra özlərini axtarmağa çalışırlar və həmin an pis çevrəyə düşürlər. Narkomanların dili ilə desək, “pis kruqa” düşürlər və o qruplar onları məhv edir.

Maraq deməzdim, bu, az bir hissəsidir. Çünki hamıda hər şeyə maraq hissi var. Amma əgər bilirsənsə, maraqlandığın şey pisdir, onun arxasınca getmək olmaz. Maraq ən sonuncu cavab olar.

Əsas psixoloji durumdur və onun da kökündə ailə dayanır. Ailədə uşaqlara diqqət olmalıdır. Valideynlər övladlarını nəzarətsiz buraxmamalıdır. Çalışmalıdırlar ki, uşaqlarının kiminlə oturub-durduğuna fikir versinlər, nəzarət etsinlər.


Geri qayıt