Əsas Səhifə > Güney Press > "Qadınla kişi arasında pul danışılmamalıdır"

"Qadınla kişi arasında pul danışılmamalıdır"


Bu gün, 14:53

Azərbaycan şou-biznesində son dövrlər adından daha çox söz etdirən gənc ifaçılardan biri də Nurandır. Qısa müddətdə həm özünəməxsus üslubu, həm də səhnə enerjisi ilə diqqət çəkən müğənni artıq dinləyici auditoriyasını formalaşdırmağı bacarıb. İlk addımlarında qarşılaşdığı çətinliklərə baxmayaraq, bu gün o, həm öz mahnıları, həm də böyük layihələrdə iştirakı ilə uğur yolunda irəliləyir.

Müsahibəmizdə Nuran yaradıcılıq yolundan, uğurun sirrindən, şou-biznesdəki ilk təcrübələrindən, tənqidlərə münasibətindən və şəxsi həyatı ilə bağlı düşüncələrindən danışıb.

– Uğur daha çox istedaddan asılıdır, yoxsa düzgün piardan?

– Məncə, hər ikisi vacibdir, amma istedad bir az daha ön plandadır. Ümumiyyətlə, düşünürəm ki, hər bir uğurlu işin arxasında həm istedad, həm də düzgün qurulmuş piar dayanmalıdır. Bu ikisi bir-biri ilə ahəng təşkil etməyəndə nəticə istənilən kimi olmur. Öz təcrübəmdən deyə bilərəm ki, əvvəl çıxardığım dörd mahnı kifayət qədər güclü piarla təqdim olunmuşdu, hətta ilk işim çox təmtəraqlı şəkildə, tanınmış simaların iştirakı ilə təqdim edilmişdi. Amma buna baxmayaraq, istədiyimiz ümumi xalq sevgisini və uğuru əldə edə bilmədik. Bu da göstərdi ki, təkcə piar kifayət etmir. Sonrakı işlərdə isə istedad daha çox ön plana çıxdı və nəticə fərqli oldu. Mən özümü tərifləməyi sevmirəm, amma artıq bu fikri rahat deyə bilirəm, çünki bunu mənə ölkəmizin tanınmış sənət adamları, ziyalıları da deyib. Bu gün gəldiyim nöqtədə deyə bilərəm ki, uğurun 99 faizi istedaddan asılıdır.

– Necə oldu ki, müğənni olmaq qərarına gəldiniz? Yəni bu istək birdən-birə yarandı?

– Əslində bu istək heç də birdən-birə yaranmayıb. Bu arzu mənim içimdə həmişə olub, sadəcə onu üzə çıxarmaq üçün doğru zaman və doğru insanlar lazım idi. Bəlkə də çoxları bunu bilmirdi, amma mənim içimdə bu istək daim yaşayırdı. Sadəcə şou-biznes elə bir sahədir ki, bəzən insan öz istəyini açıq şəkildə deməyə çəkinir. Mən də bu arzunu zamanla içimdə böyütdüm və nəhayət, doğru anda onu dilə gətirdim. Sevindirici hal odur ki, bu yolda mənə inanan və dəstək olan insanlar tapıldı. İlk olaraq Ruhi xanım Əliyeva mənə dəstək oldu, daha sonra isə bir sıra tanınmış sənət adamları yanımda oldu. Bu dəstək sayəsində mən öz yolumu tapdım və indi də addım-addım, tələsmədən, amma inamla irəliləyirəm.

– Ailəniz bu qərarınıza necə reaksiya verdi? Adətən valideynlər belə riskləri qəbul etmək istəmir.

– Açığı, ilk vaxtlar ailəm üçün bu qərar çox gözlənilməz oldu. Azərbaycanda valideynlər daha çox stabilliyi, sabit işi üstün tuturlar və övladlarının risk etməsini istəmirlər. Mən hətta bir müddət işdən çıxdığımı onlardan gizlətmişdim. Bir neçə ay maaşsız qaldım və bu müddətdə heç nə demədim. Sonradan isə açıq şəkildə bildirdim ki, işdən öz istəyimlə çıxmışam və həyatımda yeni bir istiqamət seçmişəm. Təbii ki, hamı şokda idi. Amma mən həyatda risk almağı sevən insanam və ən əsası, mənə inanan insanlara inanırdım. Mənim üçün ən böyük motivasiya da elə bu inam idi. Bəzən deyirdim ki, indi olmasa da, bir neçə ay sonra hər şey yaxşı olacaq və qarşı tərəf buna inanırdısa, bu, artıq mənim üçün böyük güc idi.

– Şou-biznesdə ilk addımlarınız zamanı sizi tənqid edənlər də az olmadı...

– Bəli, çətinliklər kifayət qədər idi. Xüsusilə ilk mahnılarım çıxanda “öz mahnısı yoxdur” kimi fikirlər səslənirdi. Bu tənqidlər müəyyən qədər təsir edirdi, amma dayanmadım. Çalışdım ki, özümü sübut edim. Bu gün artıq öz mahnım var və həmin mahnı milyonlarla dinlənilib. Bu isə mənim üçün həm böyük uğur, həm də motivasiyadır. Demək ki, zəhmət boşa getməyib.

– Aygün Kazımovanın albomunda yer almaq necə hiss idi?

– Bu, mənim üçün çox böyük uğur və məsuliyyət idi. Çünki gənc artist olaraq artıq özünü təsdiqləmiş sənətçilərlə eyni layihədə yer almaq ciddi göstəricidir. Əgər səni ölkənin ən böyük musiqi layihələrindən birinə dəvət edirlərsə, bu, artıq sənə olan etimadın göstəricisidir. Aygün xanımla ilk tanışlığımız tədbirlərdən birində olmuşdu və o zaman mənə xoş sözlər demişdi. Daha sonra albom ideyası yarandı və bu layihədə mənim də yer almağım mümkün oldu. Düzdür, seçimdə çox mahnı var idi və hələ də ürəyimdə qalan mahnılar var. Amma mənə “Yar-yar” mahnısı nəsib oldu və bu mahnını çox sevirəm.

– “Yar-yar” mahnısı daha çox qadın ifaçıya uyğun idi. Sizin üçün çətin olmadı?

– Açığı, mən də əvvəl belə düşünürdüm ki, bu mahnını necə təqdim edəcəyəm. Çünki Aygün xanımın səhnə obrazı və enerjisi bu mahnı ilə çox uyğunlaşır. Amma biz çalışdıq ki, mahnını mənim üslubuma uyğunlaşdıraq, ona yeni nəfəs verək. Hətta aranjemanda saz alətindən də istifadə etdik və nəticədə fərqli bir iş ortaya çıxdı. Düşünürəm ki, alınan nəticə uğurlu oldu.

– Avroviziya ilə bağlı planlarınız varmı?

– Avroviziya çox böyük və maraqlı platformadır. Mənim üçün mümkünsüz anlayışı yoxdur. Bu il müraciət etməyi planlaşdırırdıq, amma mahnını tam hazır edə bilmədik. Gələcəkdə niyə də yox? Əgər uyğun layihə və komanda olsa, Azərbaycanı təmsil etməyə hazıram və buna gücümün çatdığına inanıram.

– Tənqidlər sizə necə təsir edir?

– Əvvəllər daha çox təsir edirdi. Amma indi artıq daha təcrübəliyəm. Menecerim Elvin Elxan həm də psixoloji olaraq mənə çox dəstək olur və düzgün istiqamətləndirir. Düzdür, hər bir artist kimi mən də rəyləri oxuyuram, fikirlərə baxıram. Amma artıq hər şeyə daha sakit və obyektiv yanaşıram. Uğur da olacaq, eniş də – bu, sənətin bir hissəsidir.

– Səhnədə yaddaqalan hadisə yaşamısınız?

– Bəli, olub. Bir dəfə toy məclisində adları səhv salmışdım və gəlinin qardaşını bəy kimi təqdim etmişdim. Ümumiyyətlə, səhnədə elə bir həyəcan olur ki, bəzən tanıdığın insanları belə tanımırsan. Hətta bir dəfə zarafatla demişdim ki, “yeyin-için, onsuz pulu mən vermirəm”. (Gülür)

– Bəs şəxsi həyatınız? Evlənməyi düşünürsünüz?

– Hələ ki, yox. Mən düşünürəm ki, sənət adamı nə qədər gec evlənsə, bir o qədər yaxşıdır. Çünki yaradıcılıq və ailə həyatı hər zaman üst-üstə düşmür. Bizim iş saatlarımız fərqlidir, gecələr işləyirik və bu da ailə həyatına təsir edə bilər. Gələcəkdə ola bilər, amma hazırda belə bir planım yoxdur. Əgər evlənsəm, daha çox öz sahəmə yaxın bir insanla olmasını istəyərəm.

– Müasir münasibətlər barədə fikirləriniz necədir?

– Məncə, bu gün həm qadınlar, həm də kişilər daha çox özlərinə hörmət etməyi bacarır. Artıq münasibətlərdə bərabərlik var. Hər iki tərəf çalışır, pul qazanır və bu da münasibətlərə fərqli baxış gətirir. Əsas olan qarşılıqlı hörmətdir.

– Maddi məsələlərin münasibətlərdə müzakirəsinə necə baxırsınız?

– Məncə, pul mövzusu münasibətdə ön plana çıxanda səmimiyyət azalır. Hər şey sanki bazar münasibətinə çevrilir. Mən daha çox incə jestləri, düşünülmüş davranışları sevirəm. Ailədə “sənin pulun, mənim pulum” anlayışı olmamalıdır, hər şey ortaq olmalıdır.

– Müğənnilərin kitab oxuması ilə bağlı fikirlərə münasibətiniz necədir?

– Açığı, mən film izləməyi də, kitab oxumağı da çox sevmirəm. Mən daha çox həyatdan öyrənirəm. İnsanların yaşadıqları, real hadisələr mənim üçün daha böyük dərsdir. Dünyada o qədər film kimi hadisələr baş verir ki, onları izləyərək daha çox şey öyrənmək mümkündür. Mənim üçün həyatın özü ən böyük məktəbdir.

– Gənclərə nə tövsiyə edərdiniz?

– Ən vacib şey inamdır. Əgər sən özünə inanırsansa və ətrafında sənə inanan insanlar varsa, artıq uğurun yarısını əldə etmisən. Risk etməkdən qorxmayın, amma hər zaman məqsədli və planlı olun.

Könül İbrahim
Musavat.com


Geri qayıt