Əsas Səhifə > Güney Press > İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq?

İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq?


Bu gün, 16:47

Azərbaycanda bu günə olan statistikaya əsasən, problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan bu icra işləri bank və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu işlərdir.

Həmin işlər məcburi icraya yönəldildiyinə görə problemli kreditlər hesab olunur. Qeyd edək ki, ölkədə kreditdən yararlanan vətəndaşların sayında azalma müşahidə edilmir və əksəriyyəti də istehlak kreditləridir.

Bu il mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Bu göstərici fevralın 1-i ilə müqayisədə 0,8 % çoxdur.

Krediti ödəmək imkanı olmayan vətəndaş onu məcburi icrada necə ödəyəcək? Vətəndaşın imkanı olmadığı təqdirdə həbs olunacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, problemli kreditlərlə bağlı olan işlər ancaq banklar və Bank Olmayan Kredit Təşkilatlarının deyil:

“Burada şirkətlərin, vətəndaşların bir-birinə olan, aliment borcları da var. Ancaq təbii ki, əksər hissəsi banklar və BOKT-dır, bunları da fərqləndirmək lazımdır. İcra dedikdə, onların xeyli hissəsi var ki, birdəfəlik ödənilə bilmir. Ancaq hissə-hissə ödənilir.

Yəni maaşdan, pensiyadan tutulur. Bu, o deməkdir ki, vətəndaşın, məsələn, banka 10 min manat borcu var. Ancaq hazırda pulu olmadığına görə maaş və ya pensiyadan çıxılır.

Yaxud da vətəndaşın əmlakı var, icra məmuru əmlakı hərraca çıxarır. Satır və oradan pul verir. Təbii ki, burada bəzi əmlak növləri var ki, o vətəndaşın əlindən alına bilməz. Məsələn, ancaq bir evi varsa, alına bilməz".

Ancaq Azərbaycanda müflisləşmə, yəni vətəndaşın, fiziki şəxsin müflisləşməsi haqqında qanun olmadığı üçün bu məsələlər açıq qalır:

"Yəni normal hüquqi sistemə malik olan ölkələrdə vətəndaşı sadəcə müflis elan edirlər və bununla da məsələ bağlanır. İmkanı yoxdur, ödəyə bilmir. Bizdə isə bu yoxdur, işləmir. Ancaq vətəndaşı qorxudurlar, incidirlər”.


Geri qayıt