Əsas Səhifə > Güney Press > Azərbaycanda tətbiq edilən ŞOK SİLAH

Azərbaycanda tətbiq edilən ŞOK SİLAH


Bu gün, 12:35

Son günlər dünyada baş verən iqlim dəyişiklikləri müharibələrin genişlənməsi ilə əlaqələndirilir. İddiaya görə, İranın BƏƏ-də AN/TPY-2 radar bazasına zərbəsindən sonra regionda uzun sürən quraqlıq dayanıb, güclü yağışlar başlayıb. Bu fonda iqlimin hərbi məqsədlərlə istifadəsi və iqlim silahı ilə “yağış oğurluğu” iddiaları yenidən gündəmə gəlib.

İqlimə təsir edərək sistemlərlə bağlı iddialar nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, bu məsələni bir neçə aspektdən qiymətləndirmək olar:

“Birinci aspekt iqlim silahları ilə bağlıdır. Bu mövzu beynəlxalq səviyyədə nüfuzlu institutlar və rəsmi qurumlar tərəfindən tam təsdiq olunmayıb. Lakin bəzi ölkələr artıq bu istiqamətdə mövqelərini ifadə edirlər. Məsələn, İran rəhbərliyi 2024-cü ildən etibarən regionda quraqlığın səbəbləri ilə bağlı müəyyən iddialar səsləndirib və bunun xarici müdaxilə ilə əlaqəli ola biləcəyini deyib. Əslində, iqlimə təsir edən texnologiyalar mövcuddur və müxtəlif məqsədlərlə tətbiq olunub. Yağıntının yaranması üçün atmosferdəki su damcılarının toz zərrəcikləri ətrafında formalaşdığı məlumdur. Bu prinsipə əsaslanan texnologiyalar keçmiş SSRİ-də və Azərbaycanda kənd təsərrüfatını qorumaq üçün istifadə edilib. Məsələn, dolunun qarşısını almaq məqsədilə buludlara təsir göstərilirdi. Eyni texnologiyaların daha inkişaf etmiş formaları ilə buludların formalaşdırılması və müəyyən istiqamətə yönləndirilməsi ilə bağlı iddialar da mövcuddur. Bəzi yanaşmalara görə, bu üsullar su resurslarına təsir göstərmək məqsədilə tətbiq oluna bilər. Bu cür müdaxilələrin sosial-iqtisadi nəticələr doğurması, o cümlədən su qıtlığı, iqtisadi çətinliklər və miqrasiya proseslərinə təsir etməsi ehtimal edilir”.

Ekoloq bildirib ki, ikinci aspekt Yer rezonansı, yəni Şuman effekti ilə bağlıdır:

“Yer səthi ilə ionosfer arasında elektromaqnit rezonans sahəsi mövcuddur və bu sahədə təbii tezlik formalaşır. Bu tezlik təxminən 7,8 hers hesab olunur. Genişmiqyaslı hərbi əməliyyatlar və güclü partlayışlar bu təbii rezonansa təsir göstərə bilər. Lakin bu yanaşma da rəsmi şəkildə təsdiq olunmuş elmi mövqe hesab edilmir”.

Ekspert qeyd edib ki, üçüncü aspekt isə qlobal iqlim dəyişmələrinin nəticələridir:

“İqlim dəyişiklikləri yalnız temperatur artımı ilə deyil, həm də müxtəlif regionlarda qeyri-adi hava hadisələri ilə müşahidə olunur. Məsələn, quraq ərazilərdə intensiv yağışlar və sellər baş verə bilər. Son illərdə Bakı və ətraf ərazilərdə də qeyri-adi yağıntıların artması bu proseslərin nümunəsidir. Yəni iqlim dəyişiklikləri Yer kürəsi üçün yeni hadisə deyil. Təxminən 4,5 milyard illik tarixə malik planetimiz müxtəlif dövrlərdə kəskin iqlim dəyişiklikləri yaşayıb, hətta bəzi mərhələlərdə tamamilə buzla örtülüb, okeanların belə donduğu dövrlər olub. Hazırda da biz bu uzun dəyişkənlik prosesinin müəyyən bir mərhələsində yaşayırıq və onun nəticələrini müşahidə edirik.

Eyni zamanda, iqlim dəyişmələrinə insan amillərinin, yəni antropogen təsirin də ciddi rolu var. Lakin bu proses yalnız insan fəaliyyəti ilə izah oluna bilməz, çünki Yer kürəsinin öz təbii dövrləri də daim dəyişikliklər yaradıb. Bu baxımdan, planetin uzun geoloji tarixi göstərir ki, iqlim dəyişməsi təbii və davamlı bir prosesdir”.


Geri qayıt