Əsas Səhifə > Güney Press > DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıbBu gün, 12:21 |
|
Deməli, aprelin 25-də səhər saatlarında bir tanışım “Sahil” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketin qarşısında açıq-aşkar aldadılıb. Bir nəfər onun əlindən 30 manatını elə ehmalca alıb ki, heç fərqinə də varmayıb. Hadisədən bir neçə dəqiqə sonra başına gələnləri anlayan 55 yaşlı şuşalı tanışım məni görəndə o xoşagəlməz əhvalatı danışdı. Mən də indi burada paylaşdım ki, saf və hamıya özü kimi inanan insanlar bir daha diqqətli olsunlar. Əlqərəz, ortaboylu, 40 yaşlarında olan bir soyğunçu ona yaxınlaşıb, sanki çoxdan görmədiyi doğma bir kəsi qucaqlayıb üz-gözündən, əllərindən öpərək çox səmimi davranıb və “səni çoxdan axtarıram” deyib. Tanışım da onun bu qəribə və həddən artıq səmimi davranışlarından şübhələnərək soruşub: “Məni haradan tanıyırsan?” Dələduz saxta təbəssümlə tutulub qalsa da, “özün tap” deyərək onu psixoloji təsir altına salıb. Tanışım Şuşa ilə bağlı uşaqlıq illərindən danışdıqca, qarşı tərəf də hiyləgərcəsinə onun dediklərini dinləyib, guya təsirlənib. Nəticədə tanışım onun vaxtilə Şuşada yaşayan köhnə qonşularından birinin nəvəsi olduğunu düşünüb, “Aaa, sən filankəssən” deyərək bütün qonum-qonşu haqda danışıb və bu emosional anların təsirindən kövrəlib, göz yaşlarını saxlaya bilməyib. Sonra dələduz deyib: “Adam vurmuşdum, məni tutub həbs etdilər, 6 aydır ki, çıxmışam, iş tapa bilmirəm, mənə 10 manat ver”. Tanışım təsirlənərək “Sən yaxşı, zəhmətkeş nəslin nümayəndəsisən, gərək onlara layiq olardın, kaş belə həyat yaşamazdın” deyib. O, pulqabısında qalan 30 manatının maaşa qədər yolpulusu olduğunu bildirib. Dələduz yenə manipulyasiyaya davam edərək “elə 30 manat da bəs edər” deyib. Tanışım da pulqabısında nə vardısa, ona verib... Bir də baxıb ki, həmin “mədəni dilənçi” artıq yoxa çıxıb. Burada məsələ 30 manatda deyil. Onsuz da dükan-bazarda onu bizdən qəpik-qəpik oğurlayırlar. Ən təsirlisi odur ki, kimsə insanın hissləri ilə oynayır və keçmiş xatirələri vasitəsilə yaralarına duz basır. Belə parazitlər təkcə maddi deyil, həm də mənəvi zərərvericilərdir. Belə monipulyasiyaedicilər günahsız qurbanlarını elə təsir altına salırlar ki, hədəflərindəki yazıq və avam bəndələr özləri də bilmədən könüllü təslim olurlar... Xahiş edirəm, ehtiyatlı olaq! Məsələn, məni də aldatmağa nə var ki? Belə fırıldaqçılar hər kəsin zəif nöqtəsini tapmaqda mahirdirlər. Unutmayaq! Belə hadisələr cəmiyyətdə etimadı öldürür, mərhəmətli insanları da getdikcə xəsisə çevirir. Nəticədə həqiqətən də köməyə ehtiyacı olan insanlar kölgədə qalır. Tanışım deyir ki, onu yandıran 30 manat deyil, hansısa vicdansızın onun hissləri ilə oynamasıdır. Mən də dəfələrlə aldanmışam. Başağrısı olmasa, elə indi öz başıma gələn əhvalatlardan birini yazacağam. Bir dəfə iş yerlərimin birində pəncərədən baxırarkən gördüm ki, yolun ortasında, asfalta bir kişi uzanıb. Düşündüm ki, yəqin infarkt keçirib, heç nə düşünmədən pəncərədən atılıb gedib onu xilas etməyə çalışdım. Yaxınlaşanda görəm nə? Şou imiş. Özü qəsdlə maşınların altına yıxılırmış ki, kiminsə ona yazığı gəlsin və pul versinlər... Riskli hərəkətimə görə evdə danlansam da, özümlə qürur duydum ki, şükür, insanlıqdan uzaq deyiləm. Çox təəssüf ki, həmin gündən məndə əlavə travma yarandı, ətrafdakılardan qorxmağa başladım. Əvvəllər sanki hadisənin yalnız bir üzünü görürdümsə, indi daha dərin qatlarını hiss edirəm, yüz ölçüb, bir biçirəm. Çox ağıllı düşünmək də adamı hər kəsdən çox uzaqlaşdırır. Əslində, cəmiyyətin hər kəsdən sui-istifadə edən o tip parazitləri bizə yaxşıca dərs verir. Fotonu fikrimi izah etmək üçün süni intellektlə hazırlamışam. Nəysə... Fəridə Aslanova Rüstəmova LENT.az Geri qayıt |