Əsas Səhifə > Güney Press > “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin”
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin”Bu gün, 12:17 |
|
Azərbaycanda rus bölməsinə qəbul məsələsi yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Xüsusilə dövlət dili, milli kimlik və təhsil siyasəti fonunda bu mövzu ətrafında fərqli yanaşmalar səsləndirilir. Bəziləri rus bölməsinin fəaliyyətini seçim azadlığı kimi qiymətləndirsə də, digərləri bunu dövlət dilinin mövqeyinə təsir edən məsələ hesab edir. Bu istiqamətdə hansı addımlar atılmalıdır? Siyasi şərhçi, media eksperti Azər Həsrət “Cebheinfo.az”-a bildirib ki, rus bölməsinə qəbuldan imtina etmək istəməyən az sayda olsa da, vətəndaşlarımız qalıb və onlar təkidlə uşaqlarını Azərbaycana yad olan işğalçı rusların dilində oxutmaq istəyirlər: “Əlbəttə, milliyyəti rus olanların öz ana dilində oxumaq istəmələri doğrudur, onlara bir söz deyə bilmərik. Lakin rus olmadan rus dilinə bu qədər sevgi bəsləmək və təhsili dövlət dilində deyil, Azərbaycanda hər hansı statusu olmayan yad dildə almağa üstünlük vermək başadüşülən deyil, əslində. İnsanlar Sovet dövründə də, ondan əvvəlki dövrdə də rus sevdasından əl çəkə bilmirlər. Görünür ki, işğalçı rus imperiyası bizim insanların hamısını olmasa da, bir hissəsini kölə etməyi bacarıb ki, hələ də onların dilində təhsilə önəm verən var. Burada başqa səbəblər də rol oynaya bilər. Məsələn, şəxs istəyə bilər ki, gələcəkdə uşağı Rusiyada yaşasın və buna görə də onun təhsilini rus dilində almasını istəyə bilər. Uşaqların rus bölməsinə istiqamətləndirilməsi üçün Moskva sakitcə iş aparır və bu işi elə ustalıqla aparırlar ki, biz onu sezə bilmirik. Xüsusilə mediada olan və fəal şəkildə göstərilən “rus dili elm dilidir”, “rus dili insanı irəli aparır”, “rus dilində oxuyanlar daha mədənidir” kimi şüarlardan istifadə edilərək bu dilə meyillilik artırılır. Rus dilinin ayaqda tutulması imperiya iddialarına xidmət məqsədi güdür. Bu məqsədlə də insanlar arasında sakit-sakit təbliğat aparırlar və təəssüflər olsun ki, məsələnin mahiyyətini və dərinliyini anlamayan vətəndaşlarımız da o təbliğatın qurbanına çevrilirlər". Ekspert bildirib ki,Ümumiyyətlə, rus bölməsinə qəbul imtahanla aparılmalıdır: "Birincisi, rus millətindən olanlar rus bölməsinə problemsiz qəbul edilməlidirlər, amma ilk olaraq Azərbaycanın dövlət dilindən imtahan verməlidirlər. Əl boyda uşaqlardan çətin imtahan tələb olunsun demirəm, amma Azərbaycan dilini bilmələri yoxlanılmalıdır. Əgər Azərbaycan dilini bilməsələr, onların rus bölməsində oxuması yasaqlanmalıdır. Çünki Azərbaycan vətəndaşı olub da dövlət dilini bilməyib rus bölməsində oxumaq olmaz və bu, böyük qüsurdur. Rus millətindən olanlar Azərbaycan dilindən imtahan verib rus məktəbində oxuya bilər, amma rus olmayanların rus bölməsində oxumasına gəlincə, onlar bunun üçün dövlətə pul ödəməlidirlər. Yəni konkret olaraq rus millətindən olmayan şəxslər ən azı ildə 3000-5000 AZN məbləğində dövlətə pul ödəməlidirlər. Çünki Azərbaycan dövlətinin rus olmayanları rus dilində oxutmaq öhdəliyi yoxdur. Həm də Azərbaycan özünə hörmət edən dövlətdir və bu dövlətdə özümüzdən, soyumuzdan olan millətimizin rus dilinə könül verməsinə bu cür biganə yanaşa bilmərik. Əgər doğrudan bu şəxslər rus dilinə bu qədər meyillidirlərsə, pulunu ödəsinlər”. Siyasi şərhçi qeyd edib ki, bundan savayı Rusiyanın özünün daxilində dillə bağlı apardığı siyasətə də diqqətlə baxsınlar: "Özünə hörmət edən heç bir azərbaycanlı uşağını rus məktəbində oxutmaz. Təəssüf ki, hələ də sayları az olsa da, rus bölməsində uşağını oxutmağa meyilli olanlar qalmaqdadır. Dövlət artıq bu istiqamətdə qəti qərar verməlidir. Mən düşünürəm ki, bu ildən uşaqların ibtidai siniflərə qəbulu zamanı rus millətindən olmayanların rus bölməsinə qəbulu dayandırılmalıdır və dediyim kimi, kimsə uşağının rus bölməsində oxumasını bu qədər istəyirsə, pulunu ödəsin”. Geri qayıt |