Əsas Səhifə > Güney Press > “Lənkərandan İrana HÜCUM olacaq” absurdu
“Lənkərandan İrana HÜCUM olacaq” absurduBu gün, 11:51 |
|
İranin keçmiş XİN başçısı və deputatı Mənüçöhr Mottəki Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirib. O, yerli mediaya açıqlamasında deyib ki, İsrailin İranın şimal bölgələrinə qarşı hücumu zamanı guya Azərbaycanın hava məkanından və hava limanlarından da istifadə olunub. Bununla kifayətlənməyən Möttəki başqa bir absurdu dilə gətirib: “İsrail qüvvələrinin yanacaq təminatı da Azərbaycandan həyata keçirilib. İran Azərbaycanla yaxşı əlaqələr qurmaq istəsə də, bu məsələlərə aydınlıq gətirilməlidir”. Keçmiş nazir ardınca “Azərbaycan, İraq və Fars körfəzində ABŞ bazaları yerləşir. Bu istiqamətdə müəyyənləşdirmə aparılması vacibdir” sözlərini işlədib. İrandan gələn ittihamlar bununla da yekunlaşmayıb. SEPAH-a bağlı mənbələr yerli teleqram kanallarına məlumat ötürüb ki, guya İranın şimal-qərbindən (Azərbaycanın cənub bölgəsi – red.) mümkün quru hücumu üçün şübhəli hazırlıqlar aparılır. “Azərbaycanın Talış bölgəsində qüvvələrin cəmləşməsi, eləcə də Amerika qoşunlarının Türkmənistanın paytaxtında olması barədə məlumatlar var. İsrailin Suriya ssenarisini təkrarlamağa və ondan İrana qarşı istifadə etməyə cəhd edə biləcəyinə inanılır”, - teleqram kanalları yazıb (Tribuna.az). İranda bu qəbil sayıqlamalar daha nə qədər davam edəcək? Nə demək istəyirlər bununla, nəyin mesajını verirlər? Professor Qabil Hüseynli hesab edir ki, belə sərsəm ittihamlar başıpozuqluğun əlamətidir. Onun fikrincə, İranda bəzi anti-Azərbaycan dairələrin ölkəmizə atmadığı böhtan qalmayıb. "Əvvəla, İrana qarşı hərbi əməliyyatların bərpası istisna edilməsə də, ABŞ dəniz blokadasına üstünlük verir. Hətta Tramp bu üsulu bombardmandan daha effektiv adlandırdı. Yəni zərbələrin davamı hələ ki gözlənilmir. İkincisi, əgər hücumlar başlasa, yenə də havadan zərbələr endiriləcək. ABŞ İranı qırıcılarla vuracaq. Çünki quru əməliyyatlara başlaması uğursuz nəticələnə bilər. Ona görə də İrana hər hansı ölkənin ərazisindən daxil olması real deyil",_ deyə professor vurğulayıb. Q. Hüseynli qeyd edib ki, Azərbaycan isə qonşu ölkəyə hücum üçün heç zaman plasdarm olmayıb və olmayacaq. O, bu qəbil böhtanları ləkələmə kampaniyası adlandırır və vicdansızlıq hesab edir: "SEPAH-a yaxın media resursları və bəzi iranlı siyasətçilər hər dəfə Azərbaycanı hədəf seçir. Halbuki Azərbaycan ərazisində başqa ölkənin hərbi kontingenti yoxdur. Müharibədən sonra rus sülhməramlıları idi, Qarabağdan çıxıblar. Bura guya ABŞ, yaxud İsrail hərbçilərinin yerləşməsi, cənub zonamızdan İrana hücum edəcəyi haqda cəfəngiyat boşboğazlıqdır. Bundan əvvəl də İrandan biri demişdi ki, guya suriyalı hərbçilər bölgəyə gətirilib. Belə yalan xəbərlər hibrid müharibədə istifadə olunur. Azərbaycan sübut edib ki, onun siyasəti qonşulara qarşı yönəlməyib. Əksinə, biz İrana humanitar yardım göndərmişik, prezidentlər, xarici işlər nazirləri tez-tez telefonla danışıblar, bir sözlə, İran əleyhinə hər hansı addımımız olmayıb. Bunu Tehran rəsmiləri yaxşı bilirlər. Sadəcə, belə üfunət qoxuyan adamlar var ki, Azərbaycana şər atırlar. Biz siyasətimizlə, əməlimizlə sübut edirik ki, qonşu dövlətlərə necə hörmətlə yanaşırıq". Musavat.com Geri qayıt |