Əsas Səhifə > Güney Press / Ana xəbər > Mayda əfv olmayacaq, ilin sonunda mümkündür

Mayda əfv olmayacaq, ilin sonunda mümkündür


Bu gün, 15:25

Azərbaycanda 28 May - Müstəqillik Günü ərəfəsində əfv sərəncamlarının imzalanması artıq formalaşmış ənənə kimi müzakirə olunur. Bu baxımdan, Prezidnt İlham Əliyev tərəfindən 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan sərəncamla təxminən 634 məhkum əfv olunmuş, 2025-ci il mayın 26-da verilən növbəti sərəncamla isə 200-dən çox şəxs bu addımdan yararlanmışdı.

Bu ilin may ayında da əfv sərəncamının imzalanacağı əsas müzakirə mövzularındandır. Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, əfv sərəncamlarının hazırlanması uzunmüddətli proses olduğundan may ayında belə bir qərarın verilməsi real görünmür. Onun sözlərinə görə, bu proses adətən azı iki ay əvvəl başlayır və minlərlə müraciətə baxılması vaxt tələb edir, həmçinin dövlətin müxtəlif qurumlarının iştirakı ilə həyata keçirilir.

Z. Oruc qeyd edib ki, 2025-ci ilin dekabrında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş geniş amnistiya aktı qəbul edilib və bu sənəd on minlərlə məhkumu əhatə edib, eyni zamanda həmin ilin may ayında da əfv sərəncamı imzalanmışdı.

Komitə sədri vurğulayıb ki, cəmiyyətdə gözləntilərin düzgün idarə olunması vacibdir, çünki əsassız ümidlərin yaradılması insanların məyusluğuna səbəb ola bilər. O əlavə edib ki, ilin sonuna doğru əfv və ya amnistiya ilə bağlı müəyyən müzakirələrin aparılması mümkündür, lakin bu barədə əvvəlcədən qəti fikir söyləmək çətindir. Deputat xatırladıb ki, əfv məsələsi birbaşa Prezident İlham Əliyevin səlahiyyətinə aid olan konstitusion məsələdir və yekun qərar dövlət başçısı tərəfindən verilir.


Geri qayıt