Əsas Səhifə > Güney Press > Rusiya əsgərləri insan əti yeyir?

Rusiya əsgərləri insan əti yeyir?


Bu gün, 14:35

Rusiya ordusunda hannibalizm (insan əti yemə) halları ilə bağlı uzun müddətdir səslənən iddialar beynəlxalq mediada yenidən gündəmə gəlib.

"The Sunday Times" tərəfindən aparılan araşdırmada audioyazılar, fotomateriallar və texniki analizlərə əsaslanaraq cəbhə bölgəsində baş verdiyi iddia olunan hannibalizm faktları təqdim edilib. İddialar Ukrayna tərəfinin yaydığı məlumatlarla üst-üstə düşsə də, rəsmi Moskva bunları təbliğat kimi qiymətləndirir.

Mövzu ilə bağlı rusiyalı politoloq Bogdan Bezpalko "Cümhuriyyət" qəzetinə bildirib ki, bu, Rusiyanı, rusları və orada yaşayan digər xalqları və Rusiya silahlı qüvvələrini "iblisləşdirməyə", demonizə etməyə yönəlmiş informasiya müharibəsinin bir hissəsidir:

"Onların məqsədi mümkün olan ən iyrənc obraz yaratmaqdır. Bunu edirlər ki, orada artıq heç bir insani xüsusiyyət qalmasın və insanların ölümü heç kimdə təəssüf hissi doğurmasın".

Politoloq əmindir ki, müstəqil beynəlxalq təşkilatlar çoxdan fəaliyyətini dayandırıb:

”Hamısı bu və ya digər siyasi sifarişi yerinə yetirir". Bogdan Bezpalko qeyd edib ki, bu, digər münaqişələrdə də çox aydın görülüb:

“Məsələn, Suriya-ərəb münaqişəni misal olaraq göstərmək olar. Buna görə də düşünürəm ki, bütün bu şayiələr əsassızdır. Hansısa "müstəqil beynəlxalq təşkilatlar", xüsusilə də cəbhə xəttinə gəlməsinlər, çünki məqsədəuyğun deyil".

Politoloq sonda vurğulayıb: "Xatırladım ki, 2022-ci ildən əvvəl uzun müddət təmas xəttində monitorinq aparan ATƏT-in monitorinq missiyasının mütəxəssisləri sonradan Ukraynanın və onun silahlı qüvvələrinin xeyrinə casusluqda ifşa olunmuşdular və onlara məlumat ötürürdülər.

Onlar prinsip etibarilə bunu özləri də gizlətmirdilər. Buna görə də bizdə “müstəqil beynəlxalq təşkilatlara” heç bir etimad qalmayıb".

Məsələyə ukraynalı politoloq Maksim Yali də münasibət bildirib: "Belə dəhşətli məsələlərin bu cür işıqlandırılması Rusiyanın imicinə mənfi təsir göstərir.

Digər tərəfdən, Rusiya rəhbərliyinin bunu çoxdan nəzərə aldığı və ciddi narahatlıq keçirmədiyi də aydındır. Həmçinin nəzərə alaq ki, Rusiya Ukraynaya qarşı müharibə zamanı çoxsaylı insanlığa qarşı cinayətlər törədib və törətməkdə davam edir.

Ukraynalı hərbi əsirlərlə davranışları, bütün bu işgəncələr və zorakılıqlar artıq çoxdan heç kimi təəccübləndirmir. Lakin Qərb ölkələrinin adi sakinləri üçün bu cür məlumatlar hələ də şok təsiri yarada bilər və təbii ki, bu, Rusiyanın imicinə mənfi təsir göstərir".

Maksim Yalinin sözlərinə görə, informasiya müharibəsi komponenti də vacibdir:

“Nəzərə alaq ki, bu materiallar Böyük Britaniyada dərc olunub. Böyük Britaniyanın Rusiyaya münasibəti məlumdur, o, Rusiyanın rəqibidir və Ukraynaya aktiv şəkildə yardım göstərir.

"Sunday Times" sarı mətbuatdır, amma burada daha çox redaksiya siyasəti rol oynayır, xüsusilə də Britaniya mediasının müstəqil olması nəzərə alınmalıdır".

O vurğulayıb ki, belə xəbərlər auditoriyada şok yaradır: “Bu cür başlıqlar klikbeyt xarakteri daşıyır və ictimai rezonans doğurur. Ona görə də bunu Rusiyaya qarşı planlı informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirmək çətin məsələdir. Belə xəbərlər həmişə rezonans və maraq doğurub və bu, onların yayıldığı yerdən asılı deyil".

Maksim Yali sonda bildirib ki, bu cür hadisələr beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalıdır:

“Çünki onlar insanlığa qarşı cinayətdir və beynəlxalq məhkəmələrdə Rusiya rəhbərliyinə və bu cinayətlərdə bilavasitə əli olan Rusiya hərbçilərinə qarşı yekdil qərarlar üçün sübut bazası təşkil etməlidir”.


Geri qayıt