Əsas Səhifə > Güney Press > Paşinyan əlini daha da gücləndirir:
Paşinyan əlini daha da gücləndirir:Bu gün, 16:28 |
|
Ermənistanda Avropa Siyasi Birliyinin 8-ci sammiti keçirilir. Tədbirdə dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatlar daxil olmaqla 50-yə qədər nümayəndə heyəti iştirak edir. Bu zirvə görüşü adi rotasiya qaydasına uyğun olaraq Ermənistanda baş tutsa da, Nikol Paşinyan hakimiyyəti üçün ciddi siyasi və strateji əhəmiyyətə malikdir. İlk növbədə, bu sammitin İrəvanda keçirilməsi və Ermənistan rəhbərliyinin ikitərəfli görüşlər çərçivəsində verilən bir sıra siyasi mesajlar Baş nazir Nikol Paşinyanın Avropa İttifaqına inqterasiya siyasətinə sadiqliyini nümayiş etdirmək üçün yeni pəncərə açır. Qeyd edək ki, Avropa ölkələri Nikol Paşinyanın Qərbyönümlü siyasi kursuna dəstək versələr də Ermənistana Rusiyanın müttəfiqi kimi baxmaqda davam edir. 2025-ci in mart ayında rəsmi İrəvan “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun da qəbul edib. Son zamanlar yayılan məlumatlara görə, Avropa İttifaqına üzvlük məsələsi Ermənistanın yeni konstitusiyasına daxil ediləcək. Ermənistan mətbuatının yazdığına görə, Avropa İttifaqına inteqrasiya məsələsi əsas siyasi məqsədlərdən biri kimi yeni konstitusiyanın preambula hissəsində təsbit olunub. Lakin Ermənistanın Rusiya ilə hərbi müttəfiq olması Avropa İttifaqı və buqumla müttəfiq olan ölkələrlə əməkdaşlığa ciddi maneə yaradır. Nikol Paşinyan dəfələrlə qapalı və açıq keçirilən danışıqlarda Ermənistanın təhlükəsizliyinə Avropadan təminat almağa çalışsa da, buna nail ola bilməyib. Qərb dövlətləri hesab edir ki, müqavilə-hüquq bazasında Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiyadır. Eyni zamanda, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Bundan başqa, Ermənistan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də Avropa İttifaqı Ermənistandan Rusiya ilə hərbi müqavilələrə xitam verməyi və KTMT-dən çıxmağı tələb edir. Nikol Paşinyan hakimiyyəti üçün KTMT-ni tərk etmək asan olsa da, Rusiya hərbi bazasını 2040-cı ildə müqavilə müddəti başa çatana qədər Ermənistan ərazisindən çıxartmaq hələ ki, mümkün görünmür. Digər tərəfdən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi imzalanana qədər daha çox balanslaşdırılmış xarici siyasi kursu saxlamağa və Moskva ilə qarşıdurmadan yayınmağa çalışır. Lakin Avropa İttifaqı Ermənistana gələcəkdə üzvlüyə namizəd statusu vermək üçün Paşinyandan Rusiya tərəfindən yaradılmış Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlardan çıxmağı da tələb edir. Parlament seçkilərində Nikol Paşinyan qalib gələrsə, perspektivdə KTMT, AİB və MDB kimi qurumların sıralarını tərk etməyə qərar verəcəyi gözlənilir. Ermənistanın Moldovanın senarisi ilə hərəkət etdiyinə dair yayılan məlumatlar da bununla bağlıdır. Bu baxımdan, sammitin Ermənistanda keçirilməsi Nikol Paşinyanın avrointeqrasiya kursuna sadiqliyini sübut etmək fürsəti yaradır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın “Ermənistan Avropa İttifaqının ürəyidir”-deməsi rəsmi İrəvanın Rusiyanın deyil, Qərbin yanında yer aldığına dair mesajı özündə ehtiva edir. Avropa Siyasi Birliyinin zirvə görüşünün Ermənistanda keçirilməsinə iyunun 7-də keçiriləcək parlament seçkiləri kontekstində də yetirilməlidir. Paşinyan bu tədbirə seçkilər öncəsi mövqelərini möhkəmlətmək imkanı kimi baxır. Rusiyanın və revanşist müxalifətin təzyiqləri qarşısında Nikol Paşinyanın Qərbin siyasi dəstəyinə ehtiyacı var. Bu baxımdan, seçkilərə bir ay qalmış Avropa liderlərinin İrəvana səfəri Nikol Paşinyanın əlini gücləndirən amil kimi çıxış edir. Qərbdəki erməni diasporunun Rusiya ilə müqayisədə daha güclü olduğunu və Ermənistan müxalifətinə dəstək nümayiş etdirdiyini nəzərə alsaq, Britaniya, Fransa, Almaniya liderlərinin, Avropa İttifaqına rəhbərlik edən şəxslərin İrəvana səfəri Paşinyan üçün xarici təzyiqlərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Qeyd edilən kontekstdə, sözügedən zirvə görüşünə Ermənistanda Avropa İttifaqı və Rusiya arasında geosiyasi landşaftın dəyişməsi prosesinin tərkib hissəsi kimi baxmaq lazımdır. Müşfiq Abdulla Geri qayıt |