Əsas Səhifə > Güney Press > Bakı və İrəvan arasında yeni vəziyyət:
Bakı və İrəvan arasında yeni vəziyyət:Bu gün, 17:04 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak etmək üçün Azərbaycana gəlmək istədiyini açıqlayıb. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün İrəvanda baş tutan sammitə videobağlantı vasitəsilə qoşulmasına diqqət çəkib. O, Bakıda keçiriləcək toplantıda iştirak etməyə ümid bəslədiyini söyləyib. Paşinyanın Azərbaycana səfəri mümkündürmü? COP29-da iştirak üçün Bakıya səfər etməyən Ermənistan lideri Avropa Siyasi Birliyinin sammitinə qatılacaq? Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Nikol Paşinyanın Azərbaycana səfəri ehtimalını son illərdə regional dəyişikliklər, o cümlədən Ankara və Bakı ilə münasibətləri yumşaltmaq istəyən bir ölkə rəhbərinin real, səmimi istəyi kimi dəyərləndirmək o qədər də çətin deyil. “Öncəliklə qeyd edim ki, Paşinyanın COP29 kimi yüksək səviyyəli beynəlxalq tədbirə qatılmaması onun Bakıya səfər imkanlarını tamamilə istisna etmir. Əksinə, bu qərar daha çox həmin dövrdə mövcud olan təhlükəsizlik, daxili siyasi təzyiqlər və danışıqlar prosesinin həssaslığı ilə bağlı idi. Baxmayaraq ki, Paşinyan üçün ən təhlükəsiz yer bəlkə də həmin zaman məhz Azərbaycan idi. Çünki o dövrlərdə İrəvan hökuməti ciddi müxalif təzyiqlərlə üzləşir, Azərbaycanla münasibətlərdə atılan hər addım daxili auditoriya tərəfindən diqqətlə izlənilir və çox vaxt tənqid olunurdu. Hazırda Nikol Paşinyanın seçki öncəsi xalqla ünsiyyəti, əlaqəsi demək olar ki, rəqiblərindən ciddi şəkildə üstündür. Bununla yanaşı, ötən ilin avqustun 8-də Vaşinqtonda baş tutan görüşdən sonra Azərbaycan-Ermənistan münasibətlərində nisbi normallaşma da müşahidə olunur. Sərhədin delimitasiyası istiqamətində aparılan danışıqlar, kommunikasiyaların açılması perspektivləri və beynəlxalq vasitəçilərin rolunun tədricən azalaraq, birbaşa dialoqa keçidi liderlər arasında daha çevik, operativ təmas imkanları yaradıb. Prinsip etibarilə də bu kontekstdə Paşinyanın gələcəkdə Bakıya səfəri istər rəsmi dövlət, istərsə də beynəlxalq tədbir səfəri çərçivəsində mümkün görünür”. Siyasi şərhçi bildirib ki, Paşinyanın təkrar baş nazir seçiləcəyi təqdirdə Azərbaycana tezliklə gəlməsi ehtimalı yüksəkdir: “Zənnimcə, bu səfərin alınması üçün diqqət edilməli olan bir sıra məsələlər var. Bunlardan biri də sülh müqaviləsinin imzalanıb-imzalanmayacağıdır. Azərbaycan haqlı olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Əgər iki ölkə arasında fundamental razılaşma əldə olunarsa, liderlərin qarşılıqlı səfərləri diplomatik normaya çevrilə bilər. Beləliklə Paşinyanın da Azərbaycana daha tez gəlməsi mümkündür. Bundan əlavə, səfərin baş tutması Ermənistanın daxili siyasi sabitliyindən də asılıdır. Paşinyan hakimiyyətdəki mövqeyini nə qədər möhkəm saxlayacaqsa, o qədər riskli və simvolik addımlar atmaq imkanına sahib olacaq. Çünki əks təqdirdə, bu cür səfərlər daxili siyasi böhran yarada bilər. Üstəlik, unutmayaq ki, Cənubi Qafqazda Rusiya, Avropa İttifaqı və ABŞ kimi güclərin təsir balansı tərəflərin davranışına da birbaşa və ya dolayı təsir edir. Əgər bu güclər sülh prosesini təşviq edən vahid xətt üzrə hərəkət edər və sabotajdan uzaq olarlarsa, yüksək səviyyəli qarşılıqlı səfərlərin də ehtimalı artar. Bütün bunları nəzərə alaraq Paşinyanın Azərbaycana səfərinin mümkün real ssenariyə əsaslandığını demək mümkündür. Sadəcə bu addım mərhələli diplomatik prosesin nəticəsi kimi axarına düşəcək olan addımdır”. Geri qayıt |