Əsas Səhifə > Güney Press > Meloninin Bakıdan İran mesajı
Meloninin Bakıdan İran mesajıBu gün, 11:43 |
|
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Bakıda İranla bağlı böhran, bölgədə baş verən hadisələr və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bunu Meloni İlham Əliyevlə mətbuata bəyanatlar zamanı deyib. “Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq", - Meloni bildirib. Onun sözlərinə görə, İranla ümumi sərhədi olan, ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı olub: “Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım”. İtaliyanın İranla bağlı hansı narahatlığı ola bilər? Siyasi şərhçi Ramiyə Məmmədovanın bildirdiyinə görə, İtaliya strateji tərəfdaşı olan Azərbaycanın qonşuluğunda qeyri-sabitliyin əleyhinədir. Təhlilçinin fikrincə, regionda istənilən eskalasiya baş verəndə tərəfdaş dövlətlər bundan narahat olur, çünki layihələrin inkişafına əngəl ola bilər: "Digər tərəfdən isə Meloni bu mövzuya təbii olaraq toxunmalıydı. Əgər İranla sərhəd ölkəyə səfər edibsə, gündəlikdə bu məsələ də olmalıdır. Nəzərə alaq ki, Azərbaycanın ən uzun sərhədi İranladır". Ekspertə görə, son münaqişədə Bakı yenə də kifayət qədər balanslı, qonşuluq prinsiplərinə uyğun siyasət yürüdüb: "Başqa yandan, Bakı bu prosesdə vasitəçilik səylərini əsirgəməyib. Habelə, bir çox ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edilib ki, aralarında italiyalılar da var. Bu baxımdan, İtaliya hökumətinin başçısı İran böhranına qısa da olsa toxunub". R.Məmmədova xatırladıb ki, İtaliya rəhbərliyi münaqişənin regional və qlobal risklər daşıdığını bildirərək, ABŞ-nin İrandakı hərbi addımlarını tənqid edib: "Bu ölkənin müdafiə naziri də İrana hücumu fəlakət kimi dəyərləndirib. Ümumiyyətlə, İtaliya qlobal siyasətdə hegemon deyil və yumşaq mövqedən çıxış edir. İtaliyanın xarici siyasəti əməkdaşlığa, enerji bazarında əlaqələri genişləndirməyə köklənib. İtaliya ABŞ-nin sanksiyalarına baxmayaraq, uzun müddət İran neftinin əsas alıcılarından biri olub, lakin son illərdə bu alışları dayandırıb. Ona görə Meloni və ölkəsi maraqlıdır ki, bu münaqişə tam başa çatsın, bunu da Bakıda dilə gətirib". Musavat.com Geri qayıt |