Əsas Səhifə > Güney Press > Kəndlini bazara buraxmırlar
Kəndlini bazara buraxmırlarBu gün, 12:19 |
|
Ölkədə müxtəlif sahələrdə yerli istehsalın olmasına baxmayaraq, sahibkarlar məhsullarını bazara çıxara bilməməkdən şikayətlənir, bu sahədə müxtəlif maneələrlə rastlaşdıqlarını bildirirlər. Bunun nəticəsidir ki, ötən mövsümdə bir sıra sahibkar artıq yetişdirdiyi məhsulları bazara çıxara bilmədiyi üçün məhv etməyə qərar vermişdi. Eləcə də həmin məhsulu yetişdirməkdən imtina edirdi. Millət vəkili Tahir Rzayev bu istiqamətdə problemə toxunaraq bildirib ki, Azərbaycanda sahibkarlar bəzən məhsullarını sata bilmədikləri ilə bağlı şikayət edirlər: "Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir. Bu, gələcəkdə ciddi problemlər yarada bilər. Çünki biz azad sahibkarlığa doğru gedirik. Bu gün sahibkarın özü bazarı tənzimləməlidir". Hazırda yerlərdə məhsul çox ucuz qiymətə satılır, Bakıya gətirib satmaq isə maliyyə tələb edir. Ən azından yerlərdə dövlət tədarük məntəqəsi yarada bilərmi ki, sahibkarlar əldə etdiyi məhsulu bazara çıxarmaq imkanı qazansın? Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev "Cebheinfo.az" - a bildirib ki, bazara müdaxilə dedikdə, əslində bazar prinsiplərinə uyğun olmayan dövlət müdaxilələri nəzərdə tutulur: "Dövlət əslində bazarı tənzimləməlidir. Yəni bazarda qayda - qanun formalaşdırmalıdır. Bütün sahibkarlıq subyektləri, bazar iştirakçıları bu qaydalara riayət etməlidir. Kim bu qaydaları pozursa, dövlət cərimə və müəyyən qaydalar tətbiq etməlidir. Yəni bu, futbolda hakim mövqeyinin formalaşdırdığı kimidir. Ancaq digər amillər artıq "futbolçuların" fərasətindən asılıdır. Kəndlərdən fermerlər bazara gəlir və mallarını satmaqda çətinlik çəkirlər. Burada artıq dövlət tənzimləmə rolunu oynamalıdır. Yəni bazarda xüsusi mövqeyindən istifadə edərək müxtəlif üsullarla bazar prinsiplərinə uyğun olmadan arada vasitəçi ilə pul qazanmaq və yaxud da sahibkarların asan yerlərə çıxışını məhdudlaşdırmaq, onlardan "haqq" tələb etmək, yollarda məhsul gətirilərkən müxtəlif maneələr yaratmaq kimi məsələlər aradan qaldırılmalıdır. Bu problemlər olmadığı halda bazarda nəticəyə nail olmaq olar". Geri qayıt |