Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur"

"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur"


Bu gün, 08:35
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur"
“Mənim fikrimcə, Qarabağa qayıdış təkcə könüllü yox, həm də məcburi olmalıdır”.

Bu sözləri millət vəkili Aqil Abbas deyib.

O, köçüb Ağdamda yaşayacağını söyləyib: “Məsələn, Aqil Abbas, deputatsan, lap yaxşı, get, qal Ağdamda. Onsuz da fikrim var. Xanımımla razılaşmışıq ki, Ağdamda ev verilən kimi ora köçəcəyik. Özü də bu deputatlıq 100 il deyil ki. Gedib Ağdamda yaşayacağam. Həm də göstərmək lazımdır ki, mən gəldim, siz də gəlin gedək. Möhtəşəm bir Ağdam tikilir. Bundan sonra 100 il Ağdamda tıxac olmayacaq. Nəfəs genişliyi var. Havası başqa, torpağı bərəkətlidir. Daş da əksən, Qarabağ torpağında bitər”.

Deputat bu yaxınlarda bildirmişdi ki, nazirliklərin bir hissəsi bölgələrə köçürülməlidir: “Bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada urbanizasiya prosesi gedir. İnsanlar təhsil, iş imkanları və infrastruktur baxımından güclü olan böyük şəhərlərdə yaşamağa üstünlük verirlər. Məsələn, Türkiyədə əhalinin 30 faizi İstanbula axışır. İnsanlar elə bilirlər ki, böyük şəhərlərdə yel əsib, qoz tökülüb. Biz regionları, xüsusilə Gəncə və Qarabağı inkişaf etdirməliyik”.

A.Abbas əlavə edib ki, mədəniyyət, təhsil kimi sahələr regionlarda da inkişaf etdirilməlidir: “Bu, təkcə mədəni məsələ deyil, həm də iş yerləri ilə bağlıdır. Bir çox nazirliklər, ali təhsil ocaqları, dövlət qurumları Bakıda cəmləşiblər. Bu qurumlar Gəncə kimi şəhərlərə köçürülməlidir. Sözügedən addım həm bölgələrin inkişafına səbəb olar, həm də Bakıdakı sıxlıq azalar”.

Deputat Qarabağın bərpasına ayrılan böyük maliyyə vəsaitlərini xatırladaraq əlavə edib ki, eyni yanaşma digər regionlara da tətbiq olunmalıdır: “Hər il Qarabağa dörd-beş milyard manat sərf olunur. Qarabağ vacibdir, amma unutmamalıyıq ki, digər bölgələrdə də problemlər mövcuddur. İnsanlar bəzən öz rayonlarında işləməkdən utanırlar, lakin Bakıda eyni işi görməkdən çəkinmirlər. Bu da psixoloji və sosial məsələdir. Rayonlarda zavod və fabriklər tikilməlidir. İnsanlara iş yeri lazımdır. Xüsusilə qadınların məşğulluğu təmin olunmalıdır. Hökumət bu sahədə addımlar atır. Amma birdən-birə hər şey mümkün deyil. Yavaş-yavaş inkişaf gedir. (Oxu.az)

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi bildirib ki, Ağdamın Kəngərli kəndində 632 fərdi evin tikintisi nəzərdə tutulur: “İşğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Yenidən qurulan Kəngərli kəndinə əhalinin köçürülməsi üçün birinci mərhələ tam hazırdır".

“Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb”, - qurum rəsmisi vurğulayıb.

L.Sarabi əlavə edib ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb: “Kənd sakinlərinin əmək fəaliyyətinin yüksək səviyyədə təmin olunması məqsədilə burada iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər müasir tələblərə cavab verən səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə aparılır. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub”.

Cəbrayıl rayonunun Soltanlı kəndindən olan tanınmış jurnalist Seymur Verdizadə “Yeni Müsavat”a şərhində bildirdi ki, hər nə qədər doğma yurda dönmək arzusu olsa da, proses mərhələli şəkildə həyata keçirildiyi üçün gözləmək məcburiyyəti var: “İnsanlar qayıtmaq üçün növbəyə düzülüb. Doğma yurda dönmək, ata ocağının çırağını yandırmaq hər bir qarabağlının arzusudur. Adam tanıyıram ki, doğma yurda daha tez dönmək üçün hətta çadırda yaşamağa da hazırdır. Adam da var ki, işğaldan azad edilmiş rayonlarda qeydiyyatda olmasa da, dədə-baba torpağına qayıtmaq üçün qapılar döyür, yollar axtarır. Doğma yurda dönmək hər bir qarabağlının arzusudur. Amma bu proses mərhələli şəkildə həyata keçirilir. Kimin kəndi bərpa olunursa, evlə, işlə təmin edilirsə, tərəddüd etmədən Qarabağa köçür”.

Vətən müharibəsində zabit kimi iştirak edən, əslən Füzulidən olan jurnalist Məğrur Əli Polad isə “Yeni Müsavat”a A.Abbasın təklifini belə şərh etdi: “5 ildir ki, Qarabağa qayıdışla bağlı müzakirələr aparılır. Bu, az zaman deyil. Mən Aqil müəllimi çox gözəl başa düşürəm, ürəyindən keçən, Qarabağ yanğısı və həsrətindən irəli gələn fikirləri deyir. Amma mən bu təklifi tam dəstəkləmirəm. Fikrimcə, məcburiyyət doğru olmaz. İnsanların Qarabağa qayıdışını kütləviləşdirmək üçün bəlkə də prosesi sürətləndirməyə ehtiyac var. Bəli, Qarabağda genişmiqyaslı işlər görülür, amma bəlkə də insanlara yönəlik proseslərin sürətləndirilməsinə ehtiyac var. Eyni zamanda düşünürəm ki, müvafiq şərait yaradılarsa, insanlara stimul yaradan şərtlər olarsa, insanların məcburi köçürülməsinə ehtiyac qalmayacaq. Bəlkə də işğaldan azad olunmuş ərazilərdəki kənd icma ağsaqqallarının fikirlərini də dinləmək lazımdır. Digər təklifim budur ki, Qarabağın azad edilməsi uğrunda müharibədə iştirak etmiş şəhid ailələri, qazilər, iştirakçılara o torpaqlarda məskunlaşmaq, fəaliyyət göstərmək və ya ictimai iaşə xidmətlərindən istifadə etmək istiqamətində müəyyən güzəştlər tətbiq olunsa, bu onlara mənəvi cəhətdən dövlətin təşəkkür olardı. Belə tədbirlər həyata keçirilərsə, nəinki Qarabağın və Şərqi Zəngəzurun daimi sakinləri, hətta digər rayonlardan da işğaldan azad edilmiş ərazilərə köçmək istəyənlərin sayı arta bilər, məcburiyyətə ehtiyac qalmaz. Qarabağa qayıdış çərçivəsində insanların işlə təminatı önəmli məsələdir. Bu baxımdan dövlət və özəl sektor səviyyəsində iş yerlərinin yaradılması əlbəttə ki, təqdirəlayiqdir. Bununla yanaşı, yaxşı olardı ki, Qarabağa qayıdan insanlara öz vəsaitləri hesabına şəffaf, bərabər şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa şərait yaradılsın. Məcburi köçkünlərə bu mənada üstünlük verilməsi məqsədəuyğun olardı. Əminliklə bildirirəm ki, həmin insanlar arasında həm ölkədə, həm də ölkə xaricində fəaliyyət göstərən kifayət qədər imkanlı şəxslər var. Ədalətli, şəffaf imkanlar yaradılsa, onlar canla-başla Qarabağın quruculuq prosesində öz vəsaitləri hesabına iştirak etməyə hazırdırlar”.

Əslən Zəngilandan olan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı da hesab edir ki, məcburi heç nə yaxşı effekt vermir. “Yeni Müsavat”a açıqlamasında E.Muradlı qeyd etdi ki, qayıdış prosesini məcburi etməyə ehtiyac yoxdur: “Aidiyyəti qurumlar tərəfindən elə layihələr işlənir və icra olunur ki, bir növ məcbur vəziyyət ortaya çıxır. Dövlət büdcəsi hesabına məcburi köçkünlər üçün tikilən binalarda məskunlaşanlar orada yaşamağa davam etmək istəsələr, artıq işğaldan azad olunan ərazilərdə ev tələb edə bilməyəcəklər. Kiminsə evində məskunlaşmış məcburi köçkünlər ev sahibinin tələbi ilə evdən çıxarılırsa, onlara işğaldan azad edilmiş ərazilərdə yaşamaq təklif olunur. Eyni qaydada yataqxanalarda, uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlər də sözügedən binalar dövlətin balansına qaytarıldıqdan sonra başının çarəsinə baxmalıdırlar. Odur ki, bir növ məcburi vəziyyət yaranıb. Kiminsə qolundan tutub doğma yurduna məcburi aparmağın tərəfdarı deyiləm. Bu, arzu, vicdan, el-obaya bağlılıq məsələsidir. Əgər insan səmimi qəlbdən doğma yurduna qayıtmaq istəmirsə, nə qədər şərt qoyulsa da, qayıtmayacaq. Digər rayonların sakinləri Bakıda məskunlaşdığı kimi, işğaldan azad edilmiş ərazilərin doğma sakinləri də paytaxtda yaşamağı seçə bilərlər. Bu da normaldır, çünki insanlar burada iş qurub, şərait yaradıblarsa, birdən-birə hər şeyi başdan başlamaq asan deyil, buna görə insanları qınamaq olmaz. O insanlar üçün ki, Bakıda yaxud Qarabağda yaşamağın fərqi yoxdur, paytaxtda yaşamağı seçirlər, məcburiyyətin mənası yoxdur”.

Geri qayıt