Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Papikyanın SIX SƏFƏR TRAFİKİ...

Papikyanın SIX SƏFƏR TRAFİKİ...


Bu gün, 09:04
Papikyanın SIX SƏFƏR TRAFİKİ...
Ancaq aydın məsələdir ki, müdafiə naziri digər ölkəyə, özəlliklə Almaniya kimi böyük hərbi-texnoloji və iqtisadi potensiala malik öncül Avropa dövlətinə gəzməyə yollanmır. O da ola Azərbaycana qarşı hələ də revanşist niyyətdən əl çəkməyən Ermənistanın hərbi naziri.

Maraqlıdır ki, səfərdən iki gün qabaq Hindistanın Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcəyi haqda xəbər yayılmışdı. Bəllidir ki, İrəvan Nyu-Dehli ilə təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. İlk sistemlər ötən ilin sonunda göndərilib.

Cırtdan bir ölkədən ötrü təkcə bir tip silah sistemi almaq üçün 710 milyon dollar, əlbəttə ki, kiçik məbləğ deyil. Özü də söhbət müdafiə yox, hücum silahlarından gedir. Bunu da yada salaq ki, Ermənistan 2025-ci il üçün rekord həcmdə hərbi büdcə müəyyən edib - 1.7 milyard dollar. Bu, ötən illə müqayisədə 20% çoxdur və ÜDM-in 6%-i deməkdir. Yəni heç varlı NATO ölkələri hərbi sferaya bu faiz həcmində büdcə ayırmır. Onların müdafiə xərcləri uzağı, 3 faiz həndəvərində olur.

Bu xüsusda Papikyan və başının dəstəsinin almanlarla hansı danışıqlar aparacağı və nə kimi anlaşmalar əldə olunacağı diqqət çəkir. Almaniyada təzəcə kansler dəyişikliyi olub. Olaf Şoltsu Fridrix Merz əvəzləyib. Bu da var ki, Avropa İttifaqı “Sülh fondu” adı ilə Ermənistana hərbi kömək etməyə başlayıb.

İki ay öncə ABŞ-ın Almaniyadakı bazalardan yüzlərlə avadanlıq və ağır hərbi texnikanı Ermənistana köçürmək niyyətində olduğu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, daşınmaların Gürcüstan ərazisindən həyata keçirilməsi planlaşdırılır. “Transfer iyulun 16-na nəzərdə tutulur və avqustun 7-dək davam edəcəyi gözlənilir”, - məlumatda deyilirdi. ABŞ Müdafiə Nazirliyi isə xəbəri nə təsdiq, nə də təkzib eləmişdi.

Papikyan Almaniyaya niyə gedib? İrəvan Berlinlə hərbi-texniki əməkdaşlıq üçün yol arayırmı?

Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Ermənistanın Hindistandan sonra Almaniyaya üz tutmasını bir sıra amillərlə izah edir: “Ermənilər Almaniyanin hərbi akademyalarında təhsil alırlar. Əvvəllər onlar Rusiyada təhsil alırdılar, Fransadan silah əldə edirdilər və o silahları öyrənmək üçün Fransada da təlim keçirdilər. Ermənistanla Almaniya arasında təhsil sahəsi üzrə əməkdaşlıq sazişi var. Bundan əlavə, son dönəmlər Avropa ordusunun yaranması barədə də fikirlər söylənilir və Fransa ilə Almaniyanın yaxınlaşmasının da şahidi oluruq. Bəzən biz Fransanı deyirik. Unutmayaq ki, Avropa İttifaqı var və Almaniya da Avropa İttifaqının tərkibindədir. Avropa İttifaqının tərkibində də əsas söz sahiblərindən biri Almaniya, digəri də Fransadır. Əsas da Almaniyadan söhbət gedir, çünki onlar iqtisadi baxımdan çox inkişaf edib. Almaniyaya yeni gələn kansler açıq şəkildə bəyanat verdi ki, almanlar dünya düzənində Avropadakı məsuliyyəti öz üzərlərinə götürürlər. Əslində ermənilər də qısa zamanda Almaniya ilə münasibətləri daha da yaxşılaşdırmaq, hərbi yönümdə addımlar atmaq niyyətindədir. Bir də, Avropa İttifaqının Ermənistanda mülki missiyası var və onların tərkibindəkilərin də əksəriyyəti almanlardır. Almanlar bu regionda maraqlarını artırmaq üçün addımlar atırlar, dəfələrlə Ermənistana da, Azərbaycana da səfərlər ediblər. Hətta Almaniyada Qarabağdakı qondarma rejimin əski parçası da ortalığa çıxdı. Azərbaycan da onlara məcburi və haqlı şəkildə üzr istətdi. Əslində Ermənistanın müdafiə naziri bir necə gün öncə də Yunanıstanda olmuşdu. Yəni Ermənistan praktiki olaraq axtariş içindədir, gah Yunanıstana, gah Almaniyaya gedir, dayanmadan yeni silahlar, texnikalar və tərəfdaşlar axtarmağa davam edir. Ermənistan bilir ki, artıq Avropada artan güc Almaniyadir və ona görə də Almaniya ilə münasibətləri daha da dərinləşdirib, yüksək səviyyədə saxlamaq istəyir və bu gün də bu istiqamətdə addımlar atırlar”.

Polkovnik Hindistan məsələsinə xüsusi diqqət ayırdı: “Bilirik ki, Ermənistan uzun müddətdir ki, Hindistanla sazişlər bağlayır. Son döyüşlər göstərdi ki, Pakistanla müharibədə Hindistan silahları özünü müsbət tərəfdən göstərmədi. Hindistanın hücum raketləri məhv edildi. Hətta hava hücumundan müdafiə sistemləri də Pakistan ordusu tərəfindən məhv olundu. Pakistan əsasən hərbi obyektləri hədəfə aldı. O obyektləri də yüzdəyüz vura bildi. Həmin raketlər Hindistan tərəfindən Ermənistana verilirdi. Ermənistan hərbi büdcəsini 1.7 milyarda qaldırıb. Bu kiçik bir dövlət, ordu üçün çox böyük büdcədir. Ermənistan çalışır ki, daha müasir silahlar əldə etsin. Hindistanla Pakistan arasındakı son müharibədə o silahların testi keçirildi. Ermənistan tərəfi də istər-istəməz buna kənardan nəzarət edirdi. Həmin silahların potensialını görürdülər. İndi isə Avropaya üz tutublar ki, hansısa nailiyyət əldə etsinlər. Əməkdaşlıq vasitəsilə yeni-yeni müasir silahlar əldə etmək ümidindədirlər. 710 milyon dollarlıq Hindistanla razılaşma əldə edilib. Unutmayaq ki, Azərbaycan tərəfi də yerində oturmayıb. Yeni-yeni müasir silahlar əldə olunur. Sərgilərdə baxışlar keçiririk, Türkiyə və İsraillə yanaşı başqa dövlətlərdən də silahlar alırıq. Ermənistanın 710 milyon miqdarda silah alması, əlbəttə, Azərbaycan üçün təhlükədir. Müdafiə Nazirliyi diqqətlə Ermənistanın bu addımlarını izləməmiş deyil. Alternativ silahlar əldə edirik ki, lazım gələndə həmin hədəfləri yerindəcə məhv edə bilək. Bilirik ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri 44 günlük savaşda məhv edilib. Ölkənin 70/30 faiz civarında hava məkanı qorunur. Bu da çox böyük bir çatışmazlıqdır. Ermənistan bu çatışmazlığı aradan qaldırmaq əvəzinə görürük ki, daha çox hücum silahları almağa üstünlük verir, Avropada müttəfiqlər axtarır, müasir silahlar əldə etmək üçün addımlar atır. Yunanıstan və Almaniyaya səfərlər ondan xəbər verir ki, Hindistan silahlarının son savaşda effektliyinin zəif olması nəzərə alınaraq, bu istiqamətdə daha effektiv silahlar əldə etmək üçün addımlar atılır. Biz istənilən təhlükələrin qarşısını almağa hazırıq. Bundan heç kəs narahat olmasın”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi icmalçı Emin Həsənlinin sözlərinə görə, Ermənistan hər zaman olduğu kimi, yenə də bədnam niyyətlərindən əl çəkmək fikrində deyil: “2020-ci il müharibəsindən sonra düşünülürdü ki, Ermənistan ağlını başına yığacaq. Amma ağlı başına gəlmədi. BMT qətnamələrini Azərbaycan tərəfi məcburən yerinə yetirtdi. Yenə də ağıllanmaq fikrində deyillər. Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq əvəzinə Hindistandan silahlar alır, Amerika ilə hərbi təlimlər keçirir. Ardınca da Almaniyaya bu səfəri edir. Amerikanın Almaniyadakı hərbi bazasından Ermənistana təyyarə gəlir. Avropa İttifaqının müşahidə missiyası da bölgədədir. Bunlar da hərbçilərdir. Onların məqsədi də Ermənistan ordusunu gücləndirməkdir. Ermənistan bu güclərin əlində bir alətə çevrilib. Azərbaycan vəTürkiyəyə qarşı, eləcə də bölgənin digər ölkələrinə qarşı Ermənistandan istifadə etməyə cəhdlər var. Ermənistan bölgəni gərgin vəziyyətdə saxlamaq istəyir, odla oynayır. Bu dəfə münaqişə alovlansa, Ermənistanın mövcudluğu sual altında qalacaq. Vaxtilə bu bölgəyə yerləşdirilən, Azərbaycan torpaqları hesabına dövlətləri qurulan ermənilər görünən odur ki, bu bölgədən getməyincə, bölgədə sabitlik olmayacaq. Zamanında Rusiyadan aldıqları silahlar hazırda Qənimətlər Parkında nümayiş etdirilir. İndi də Hindistandan aldığı, yaxud da Almaniya və ya Amerikadan alacaqları silahlar burada nümayiş olunacaq. Bunu bir an belə unutmasınlar”.

“Yeni Müsavat”

Geri qayıt