Əsas Səhifə > Ana xəbər / Güney Press > Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var...

Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var...


Bu gün, 08:23
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var...
Ermənistan sürətlə silahlansa da, orduda vəziyyət həddən artıq bərbaddır. Bunu Azərbaycan deyil, erməni cəmiyyəti özü etiraf edir. “Yeni Müsavat”ın xəbərinə görə, hakim “Mülki Müqavilə” partiyasının təklif etdiyi Ermənistan parlamentində müzakirəyə çıxarılan “Hərbi xidmət haqqında” yeni qanun layihəsi kəskin reaksiyaya səbəb olub. Təklif olunan dəyişikliklərə görə 20 milyon dram (təxminən 50 min dollar) müqabilində icbari hərbi xidmətdən faktiki azad olunma, 15 milyon (təxminən 38 min dollar) ödənişlə qısamüddətli (6 aylıq) xidmət və digər variantlar var.

Təşəbbüsü tənqid edənlər sosial ədalətə təhlükədən, korrupsiyanın leqallaşdırılmasından və müdafiə qabiliyyətinin sarsıdılmasından danışırlar. Məsələn, “Mənim şərəfim var” müxalifət fraksiyasının (Serj Sərkisyanın rəhbəri olduğu “Şərəfim var” partiyasından - E.S.) deputatı Tiqran Abramyan hesab edir ki, qanunvericilik təşəbbüsü sosial bərabərsizliyi dərinləşdirəcək.

Deputat hesab edir ki, bu qanun ona görə irəli sürülüb ki, imkanlı vətəndaşlar xidmətdən yayına bilsinlər. “Aydındır ki, siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin bir hissəsi üçün təklif olunan model cazibədar görünə bilər: bu, qohumlarının müəyyən ödəniş müqabilində və ya müddətinin əhəmiyyətli dərəcədə azaldılması müqabilində hərbi xidmətdən qanuni şəkildə azad edilməsinə hüquqi əsaslar açır. Lakin bu məsələyə təkcə şəxsi və ya ailə maraqları baxımından deyil, həm də milli təhlükəsizlik baxımından yanaşmaq son dərəcə vacibdir. Bu gün problem təkcə hərbi qulluqçuların maaşının səviyyəsi ilə bağlı deyil. Bir çox sahələrdə silahlı qüvvələrin kadr təminatı ilə bağlı vəziyyət son dərəcə çətin olaraq qalır və bunun səbəbləri təkcə maliyyədən uzaqdır. Artıq dediyim kimi, bizim kimi kiçik dövlətlərdə insan resursları məsələsi xüsusilə həssasdır. Hətta layiqli maaşla belə, hərbi xidməti peşə kimi seçmək istəyən vətəndaşların sayı obyektiv olaraq məhdudlaşdırılır”, - deyə o bildirib.

Ümumiyyətlə, erməni müxalifəti hesab edir ki, bu qanun faktiki ordunun döyüş qabiliyyətinə zərbə vuracaq. Mövzunun sosial tərəfinə gəlincə, hökumət korrupsiyanın mövcud boşluqlarının, problemlərinin, təzahürlərinin aradan qaldırılması, yumşaldılması və ya azaldılması yolu ilə getmir, əksinə, bu qanun layihəsi ilə korrupsiyanı leqallaşdırmaq yolunu seçib. Hesab olunur ki, bu, sosial qütbləşmənin kəskin şəkildə dərinləşməsinə gətirib çıxaracaq.

Müxalifət onu da bəyan edib ki, Paşinyan hakimiyyəti ölkənin müdafiəsini və silahlı qüvvələrin müvafiq kadr təminatını həyata keçirə bilmir. “Niyə insanların bu qədər böyük faizi hərbi xidmətdən yayınır, səbəblər çox fərqlidir. Müxalifətin iddiasından anlaşılan odur ki, insanlar boş və mənasız ideologiyaya görə ölmək istəmirlər. Ordu cəmiyyətin gözündə hörmətini və statusunu itirib. Əhalinin bir hissəsi və bütövlükdə hökumət üçün artıq qəhrəman əsgər deyil, vergi ödəyicisidir”, - deyə rəylərdə bildirilir.

Onu da yada salaq ki, Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı dünyanın hərb tarixi üçün yeni mövzu təqdim etdi: son onilliklər ərzində hansı ölkələr müharibədə mütləq şəkildə qələbə qazana bilib?

Dövlət başçısı son onilliklər ərzində müharibədə mütləq və tam qələbini yalnız Azərbaycanın qazandığını bildirdi. Dünyada sonuncu dəfə tam və mütləq qələbə 80 il öncə - II Dünya müharibəsində faşizm üzərində qazanılıb və nasist Almaniyası kapitulyasiyaya məcbur edilib. Bundan sonra dünyada baş verən müharibələrin yeganə mütləq və tam qalibi Azərbaycan olub.

Cəmi 44 gün çəkən Vətən müharibəsində Azərbaycan ordusu dağlıq relyef, keçilməz meşəlik və Ermənistanın milyonlarla mina istehkamlarına rəğmən düşməni darmadağın etdi. Uzunluğu yüzkilometlərlə ölçülən təmas xətti ordumuz tərəfindən müharibənin ilk günü - 27 sentyabrda cəmi bir gecədə yarıldı və 44 gün ərzində dayanmadan irəliləyərək, hər gün, hər saat yeni ərazilər azad etdi. Müharibədə tətbiq edilən taktika başda ABŞ olmaqla, dünya ölkələrinin hərbi strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edib.

Vətən müharibəsindən isə 5 il ötür və Azərbaycan Ordusu o vaxtkından daha peşəkar, daha təcrübəli, daha müasir texnikalarla təchiz olunmuş vəziyyətdədir. O zaman, bərbad vəziyyətdə olan erməni ordusu silahlanmaqla bizə nə edə bilər ki? Düşmən nəyə hazırlaşır belə?

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a açıqladığı sözlərinə görə, bəli, Ermənistan ordusu 44 gün davam edən müharibədə darmadağın olub: “Düşmənin generalları bir neçə dəfə müdafiə nazirinə müraciət edib ki, ya ordunu yenidən quraq, ya da belə davam etmək olmaz. Digər tərəfdən, müxalifət ordu ilə bağlı yaranmış bu faktı əlində bayraq edib. Ancaq müxalifətin bu mövzuda iqtidar tərəfindən idarə olunduğunu da istisna etmirəm. Çünki Ermənistan silahlanır. Müxalifət də səslənir ki, ordu zəifdir, güclənmək lazımdır. İqtidar da ordunu silahlandırır”.

Polkovnik sual edir ki, maraqlıdır, Ermənistan hansı hazırlığı görür və belə silahlanır: “Ermənistan kimə qarşı silahlanır? Onun Türkiyəyə, İrana, Azərbaycana gücü çatarmı? Ermənistan nəzəri olaraq yalnız Gürcüstana bəlkə nəsə edə bilər. Yəni Ermənistan niyə belə silahlanır? Ona görə də deyərdim ki, Ermənistan silahlanmır, sadəcə, onu silahlandıranlar var”.

Ş.Ramaldanov hesab edir ki, Ermənistana silalanmaq qadağan olunmalıdır: “Əvvəla, bu ölkəyə təhlükə yoxdur. İkincisi, təhlükə olsa belə, Ermənistanın özünü müdafiə etmək potensialı yoxdur. Sadəcə, onun təhlükəsizliyinə zəmanət verən havadarlar var. Eyni zamanda erməni ordusunun silahlanma sistemi olmalıdır. Onlarda biri Rusiyadan, biri Fransadan, biri Hindistandan hərbi texnikalardır. Azərbaycan isə silahlanma sistemi qurub. Ölkəmiz əsasən Türkiyə və İsraildən hərbi texnikalar alır”.

Polkovnik məhz Ermənistanı silahlandıran havadarları ucbatından sülh müqaviləsinin imzalanmadığı qənaətindədir: “Odur ki, təkrar edirəm - Ermənistan özü silahlanmır, havadarları tərəfindən silahlandırılır. Hətta Avropa Sülh Fondu bu ölkəyə hərbi yardım edir. Ancaq başda Fransa olmaqla, Avropa Birliyi bu prosesə cəlb olunub”.

Geri qayıt