Əsas Səhifə > Ana xəbər / Güney Press > Konstitusiyalı anarxiya

Konstitusiyalı anarxiya


Bu gün, 04:48

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan İctimai Televiziyasının konkret sualından konkret "yayındı". Daha doğrusu, yayınmağa cəhd elədi.

Sual belə idi: "Nə üçün siz (Ermənistan olaraq -red.) ATƏT-in Minsk Qrupunun buraxılması üçün müraciət etmək istəmirsiniz?"

Nikol Paşinyan cavab əvəzinə Azərbaycana qarşı iki əsassız iddia ilə çıxış etdi. Birinci iddiaya görə, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. İkinci iddiaya görə isə, guya "Azərbaycan öz ərazisindəki münaqişə səhifəsini qapadıb, konflikti Ermənistan ərazisinə keçirmək istəyir".

Təbii ki, hər iki iddia tamamilə yalan və hətta böhtandır.

Əvvəla, Azərbaycan Respublikasının Konstitusiyasında nəinki Ermənistana qarşı, ümumiyyətlə, heç bir başqa dövlətə, başqa ölkəyə qarşı hər hansı ərazi iddiaları yoxdur. Belə iddialar olsaydı, Konstitusiyanın preambula hissəsundə öz əksini tapardı.

Preambula hissəsinə baxaq. Orda yazılır:

"Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir".

Burda nəinki başqalarına qarşı ərazi iddiaları var, əksinə "ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək" əsas məqsədlərdən biri kimi qoyulub. Ümumbəşəri dəyərlər deyəndə isə, burada beynəlxalq hüquq prinsipləri və bu kimi dəyərlər nəzərdə tutulur.

Ermənistan baş naziri əvvəlki çıxışlarında da Azərbaycan Konstitusiyasını hədəfə alanda (Azərbaycana böhtan atanda) preambulada Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında" 18 oktyabr 1991-ci il tarixli Konstitusiya aktına istinadı bəhanə edir.

Bəli, Azərbaycan Konstitusiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürür. Həmin Aktın Ümumi müddəalarında belə bir maddə var: "Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".

Nikol Paşinyan bu maddədə Ermənistana "ərazi iddiası" "tapıb".

İndiki Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidirsə, bu, o deməkdir ki, Azərbaycan Ermənistana ərazi iddiası irəli sürür?! Xeyr. İndiki Türkiyə Cümhuriyyəti də Osmanlı dövlətinin varisidir, o deməkdir ki, tarixən Osmanlı dövlətinə daxil olmuş bütün torpaqlara iddia edir?! Əlbəttə, yox. Onda gərək indiki Türkiyə ən azı Suriyanı, İraqı, elə Ermənistanın özünü öz ərazisinə birləşdirəydi. Yaxud Rusiya özünü keçmiş Sovet İttifaqının varisi elan edib. Bu, Rusiyanın bütün keçmiş Sovet məkanını öz ərazisi hesab etməsi demək deyil axı.

Nikol Paşinyan da bilir ki, bu cür düşüncə absurddur. Bəlkə Ermənistan baş naziri öz ölkəsini hələ də dünya birliyi tərəfindən tanınmış müstəqil dövlət deyil, Rusiyanın bir hissəsi sayır, amma Azərbaycan elə hesab etmir.

Azərbaycan 1918-1920-ci illərdə - 23 ay mövcud olmuş Respublikanın varisi olduğunu qəbul edərkən, həmin vaxtkı dövlətin ərazisinə daxil olmuş və indi başqa ölkənin yurusdiksiyası altında olan torpaqlara hər hansı iddia irəli sürməyib, Ermənistan ərazisini nə beynəlxalq səviyyədə, nə də öz daxilində - Konstitusion müstəvidə mübahisələndirməyə çalışmır və çalışmayıb. Azərbaycan dünya birliyi tərəfindən tanınmış indiki sərhədləri daxilində öz suverenliyini həyata keçirir. Əgər belə olmasaydı, yəni Azərbaycan 28 may 1918-28 aprel 1920-ci il sərhədləri daxilində dövlət qurmaq fikrində olsaydı, məsələn, 2020-ci il Vətən müharibəsi ən azı Zəngəzurun, Göyçənin, hətta İrəvanın fəthinə qədər davam edərdi. Bu olmayıbsa və Azərbaycan prezidenti: "Biz məqsədimizə çatdıq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik" deyirsə, burada Ermənistana hansı ərazi iddiasından söhbət gedir?! Həm də guya bu, Konstitusiyada təsbit olunmuş iddia imiş. Daha betər absurd yanaşmanı tarix hələ görməyib.

Mən əvvəl də yazmışdım: Azərbaycan Konstitusiyasında Ermənistanın hər hansı bir vilayətinin adı çəkilmir, hər hansı konkret inzibati-ərazi vahidi, yaxud tarixi-coğrafi mahalı Azərbaycan Respublikasının ərazisinə birləşdirilmiş kimi göstərilmir, ancaq Ermənistan Konstitusiyasında "Dağlıq Qarabağ" ifadəsi var: Azərbaycanın Qarabağ bölgəsi Ermənistan ərazisinə birləşdirilmiş kimi göstərilib. Konkret adı ilə, ünvanı ilə.

Bu faktlar göstərir ki, Ermənistan baş naziri nəinki Azərbaycan Konstitusiyasını düzgün oxumayıb, doğru qavramayıb, hətta öz ölkəsinin Konstitusiyasından da "xəbərsizdir".

Burada çox maraqlı bir nüans var: Nikol Paşinyan Azərbaycan Konstitusiyasını yanlış təhlil və ya təfsir edərkən (əslində qəsdən təhrif edərkən), özü də bilmədən etiraf etmiş olur ki, üstündə kvazidövlət qurduqları torpaqlar tarixən məhz Azərbaycana məxsus olub. Bu etirafa görə Ermənistan baş nazirinə bəlkə də təşəkkür etmək olar.

Bir sözlə, düşünürəm ki, Paşinyanın birinci iddiasının tamamilə əsassız olduğunu faktlarla sübut etdik. İndi keçək ikinci iddiaya. Azərbaycan öz ərazisində münaqişə dəftərini qapadandan sonra guya onu Ermənistan ərazisinə "ixrac edir".

Baş nazir bunu deyərkən heç bir konkrer fakt, dəlil-sübut göstərmir. Adamda, görünür, ən elementar səviyyədə belə dövlət təfəkkürü yoxdur. Əgər Ermənistan bir dövlətdirsə (ki, buna şübhə var), dövlətdə ən yüksək səlahiyyətli post tutan şəxs elə bu dərəcədə də məsuliyyət hiss etməlidir. Dediyi sözün arxasında dayanmağı, faktla danışmağı bacarmalıdır; çayxana-meyxana səviyyəsində mülahizə yürütməməlidir. Nikol Paşinyan dediklərini hər hansı faktla bərkitmədiyindən, onun nəyi nəzərdə tutduğunu ancaq ehtimal eləmək olar. Bəlkə də o, Ermənistandan zorla deportasiya edilmiş Azərbaycanlıların öz evlərinə qayıdışının təmin edilməsi haqda çağırışları nəzərdə tutur. Əgər belədirsə, bu da absurddur. Çünki həmin insanlar Ermənistan SSR-in vətəndaşı olublar. İndiki Ermənistan da məhz həmin keçmiş Sovet Ermənistanının ərazisi və əhalisi əsasında qurulub. Deportasiya olunmuş yüz minlərlə Azərbaycanlı da Ermənistan ərazisinin müəyyən hissələrində ümumi əhalinin bir hissəsini təşkil edib. İndi həmin əhali öz keçmiş ölkəsinə - öz evinə qayıtmaq istəyirsə, bu, münaqişədir?! Axı onlar top-tüfənglə deyil, dinc yolla - qarşılıqlı razılıqla və ləyaqətli şəkildə qayıtmaq istəyirlər. Tankın üstündə deyil, ictimai nəqliyyatla, şəxsi mülki avtomobillərlə qayıtmaq istəyirlər. Bunun harasında münaqişəni "ixrac etmək" var?!

Məsələni Qarabağdan köçüb getmiş erməniəsilli əhali ilə də qarışdırmaq olmaz. Çünki Qarabağdan könüllü olaraq çıxıb gedən erməni əsilli sakinlər Azərbaycan qanunları, Azərbaycan suverenliyində qalıb yaşamaq istəmədilər. Ermənistandan vaxtilə zorla deportasiya olunmuş Azərbaycanlılar isə köçüb Ermənistan qanunları, Ermənistan suverenliyində yaşamaq istəyirlər. Necə ki Gürcüstanda həmin dövlətin qanunları ilə yaşayırlar. Eləcə də başqa dövlətlərdə. Burda hansı münaqişədən, hansı "ixrac"dan söhbət gedir?!

Əslinə qalanda Ermənistan Azərbaycanlı vətəndaşlarının geri qayıdıb, öz evlərində-yurdlarında yaşamasında özü maraqlı olmalıydı. Ancaq biz bunun əksini görürük.

Nikol Paşinyan hakimiyyət sələflərini - Levon Ter-Petrosyanı, Robert Köçəryanı, Serj Sarqsyanı "xəyali Ermənistan" qurmaq kimi bir yanlışın içində olmaqda ittiham edir, doğru da edir. Özü isə "real Ermənistan" konsepsiyasını irəli sürür. Yəni öz sərhədləri daxilində, öz suverenliyini yaşayan Ermənistan qurmaq fikrində olduğunu deyir. "Dənizdən dənizə Böyük Ermənistan" ideyasını nəinki səhv, hətta təhlükəli sayır. Bunun xülya olduğunu haqlı olaraq dilə gətirir. Çox yaxşı. Bəs özü "real Ermənistan" dediyi dövləti necə təsəvvür edir?! Bilmirəm, onun təsəvvüründəki dövlət demokratik respublikadır, oliqarxiyadır, oxlokratiyadır, ya da bəlkə lap elə Konstitusiyalı monarxiyadır, ya nədir. Ancaq hazırda adamın beynində "Konstitusiyalı anarxiya" var. Özü "böyük Ermənistan" xülyası ilə sanki savaşır, ancaq xəyalındakı da böyük problemlər vəd edir. Elə birinci özünə və xalqına.

Bəli, həmin o xəyali Ermənistan konsepsiyasının ən başlıca və ən təhlükəli elementlərindən biri monoetnik dövlət qurmaq planı idi. Nikol Paşinyan və komandası real Ermənistanı bu yanlış yanaşma üzərində qurur?! Axı "real Ermənistan" reallıqlar üzərində qurulmalıdır. Həmin reallıqlardan biri də Ermənistanın Azərbaycanlı əhalisidir. Əgər bu reallıq bir tərəfə qoyulacaqsa, Nikol Paşinyanın qurduğu dövlət polietnik-real Ermənistan deyil, monoetnik-irreal Ermənistan olacaq demək.

"Münaqişənin ixracı" ifadəsinə gəlincə, Paşinyan Azərbaycanın eksport planlarını ya kökündən yanlış anlayıb, ya da doğru anladığı halda yanlış şərh edir. Azərbaycan Ermənistandan nə münaqişə idxal etmək istəyir, nə də Ermənistana münaqişə ixrac etmək istəyir. Əks halda sülh sazişində bu qədər israrlı səmimiyyət göstərmiş olmazdı. Azərbaycan Ermənistana neft, neft məhsulları, qaz, sənaye məhsulları ixrac etmək istəyir. Meyvə-tərəvəz ixrac etmək istəyir. Ona görə adil və davamlı sülhə nail olmaq üçün çalışır. Bunun harasında münaqişə ixracı var?! Anlamaq çətindir.

Əslində anlamaq çətin olsa da, hər halda mümkündür: Ermənistan baş naziri Azərbaycanın haqlı tələblərindən, barışcıl təkliflərindən yayınmaq üçün belə ittihamlar, iddialar irəli sürür. Ancaq yayına bilmir.

Gördüyünüz kimi, Ermənistan baş naziri Azərbaycan jurnalistinin o cür sadə bir sualından yayına bilmədi, o da qalsın Azərbaycan prezidentinin əsaslı tələblərindən yayınmaq. Bunu bacarmayan onu heç bacarmaz. Bacarmayacaq da.

Bahəddin Həzi, bizimyol.info


Geri qayıt