Əsas Səhifə > Ana xəbər / Güney Press > Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur?
Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur?Bu gün, 08:36 |
Xəbər verdiyimiz kimi, Azərbaycanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Ramil Usubov mayın 13-də ölkəmizdə səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də iştirak edib. R.Usubov ümidvar olduğunu bildirib ki, yeni məsul vəzifəsində Baş katibin ölkəmizə ilk səfəri, xüsusilə də Prezident İlham Əliyevlə keçirilən görüşü iki qardaş dövlət ərazisində əmin-amanlığın və təhlükəsizliyin gücləndirilməsi işinə öz töhfəsini verəcək. Okay Memiş müvafiq qurumlarımız arasında əlaqələrin möhkəmlənməsi və daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, belə görüşlərin təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Belə bir ərəfədə - mayın 16-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib. Onun “Tehran dialoqu - 2025" forumuna qatılacağı gözlənilirdi. Təbii, bu bir tədbirdə iştirakdır. Amma bölgədə mürəkkəb strateji rəqabətin getdiyi bir zamanda Türkiyə TŞ katibi Bakıya gəlir, erməni həmkarı isə İrana gedirsə, deməli, müzakirə olunmalı bir çox məsələlər var. Özəlliklə Zəngəzur dəhlizinin açılması gündəmdədir. Ermənistan isə Azərbaycanı ittiham edir ki, guya bölgədə eskalasiyaya hazırlaşır. Dəhlizin açılması məsələsində Türkiyə ilə Azərbaycan eyni, Ermənistanla İran isə başqa mövqedən çıxış edir. Bu səfərlərin pərdəarxası nüansları nə ola bilər? Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, hər iki səfəri bir-biri ilə müttəfiq olan ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, koordinasiya olunmuş fəaliyyətin möhkəmləndirilməsinə xidmət edən səfərlər adlandırmaq olar: “Azərbaycan Türkiyə, Ermənistanla İran müttəfiqdir. Hər kəs öz müttəfiqi ilə təhlükəsizlik məsələlərini müzakirə edir. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir. Ermənistan dəhliz terminini qəbul etmir və qəsdən bu məsələnin həllini yubadır. İran isə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Dəfələrlə İran bəyan edib ki, bu məsələ onun üçün qırmızı xətdir. İranın yeni prezidentinin bu yaxınlarda Bakıya səfərində də Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə edildiyinə şübhə yoxdur. Tehranın bu məsələdə mövqeyinin dəyişdiyini söyləmək üçün əsaslar yoxdur. Çünki İrandan bu barədə bir rəsmi açıqlama hələlik yoxdur. İranın mövqeyinin müsbətə dəyişməsi üçün ona Türkiyənin, Çinin təsir imkanları daha genişdir, nəinki Ermənistanın. Ermənistan hətta həqiqətən də Zəngəzur dəhlizinin açılmasını istəsə belə, İranın mövqeyində dəyişiklik yoxdursa İran Ermənistana istəyini yerinə yetirməyə imkan verməyəcək. Zəngəzur dəhlizinin açılması mövzusu təbii ki, haqqında gedən söhbət gedən səfərlərdə də müzakirə oluna bilər. Rəsmi açıqlama verilməyibsə bu, demək deyil ki, məsələ müzakirə edilməyib. Amma müzakirələrin real nəticə verdiyi barədə dəqiq fikir söyləmək tezdir”. Polkovnik güman edir ki, yaxın vaxtlarda Zəngəzur məsələsi həll ediləcək: “Türkiyənin Təhlükəsizlik Şurasının katibinin Bakıya səfərində məqsəd həm də Cənubi Qafqazda gərginliyin aradan qaldırılmasıdır. Həhmçinin Ermənistanın nüamyəndəsinin eyni vaxtda İrana getməsi təsadüfi deyil. Görünən odur ki, paralel gedən proses var. Türkiyə bölgədə sülhün, əməkdaşlığın qurulmasına çalışır. Görək İran da səmimi olaraq bu yolu tutacaqmı”. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, regionumuzda çox ciddi proseslər gedir: “Həm nəqliyyat və kommunikasiya xətlərinin açılması baxımından həm də ümumilikdə geopolitik durum, yeni konfiqurasiyanın formalaşması müttəfiqlik, strateji münasibətlərin formalaşması baxımından müzakirələr həyata keçirilir: ”Məhz bu xüsusda qardaş Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycana səfər etdi. Hesab edirəm ki, təhlükəsizlik, milli müdafiə məsələləri, iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi yönündə mühüm razılaşmalar əldə olundu. Çünki bu səfər əhəmiyyətinə, mahiyyətinə görə də diqqət çəkirdi. Eyni zamanda İran və Ermənistanın da yüksək səviyyəli rəsmiləri arasında görüşləri keçirilir. Bu da böyük təəccüb və suallar doğuran məqamdır. Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır, eyni zamanda sülh və tərəfdaşlıq münasibətlərinin təşfiqinə yönəlib. Hesab edirəm ki, qardaş Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin müddəaları əsas götürülməklə ortaya qoyulan mövqe beynəlxalq birlik tərəfindən də dəstəklənəcək. Bizim üçün önəmli olan məsələ hər iki ordunun koordinasiyalı hərəkət etməsidir. Bölgədə təhlükəsizliyin daha etibarlı olmasında bu amilin mühüm rolu olacaq". Geri qayıt |