Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın azərbaycanlılara dediyi sözlər
Paşinyanın azərbaycanlılara dediyi sözlərBu gün, 10:35 |
“Paşinyan İTV-yə verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə Ermənistanın Azərbaycanın tələblərindən yayınmaq cəhdlərini davam etdirdi – eyni cümlələr, eyni iddialar və eyni vədlərdir. Yeni olan yeganə şey sualın Azərbaycan televiziyası tərəfindən verilməsi və auditoriyanın Azərbaycan olması idi”. Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Asif Nərmanlı deyib. Onun sözlərinə görə, Paşinyan Bakının konstitusiya dəyişikliyi və Minsk qrupunun buraxılması tələblərini niyə yerinə yetirmək istəmədiklərini izah etməyə çalışır və əvvəlki kimi müxtəlif iddialara baş vurur, eləcə də “zəmanət” verməyə cəhd edir: “Ermənistan mövcud konstitusiyasının sülh sazişinin imzalanmasına mane olmadığını iddia edir. Buna əsas kimi Ermənistan Konstitusiya Məhkəməsinin qərarını və sülh sazişində “tərəflərin sənədin icrasıyla bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcəyinə dair” maddənin olmasını göstərir. Əslində bu, Paşinyanın “zəmanət” verməsidir, lakin Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, yeni hakimiyyətin istiqlal bəyannaməsi və konstitusiyaya əsaslanaraq Qarabağa yenidən iddia etməyəcəyinə heç kim zəmanət verə bilməz. Paşinyan konstitusiyanı dəyişdirməmək və ya bu məsələnin Azərbaycanla münasibətlərdən çıxarılması üçün müxtəlif “həll yolları”ndan bəhs edir və iddialar irəli sürür. Belə iddialardan biri də Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının olmasıdır. Ermənilərin irəli sürdüyü bu məsələ Azərbaycan Konstitusiyasının “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına istinad edir. Bu Aktda 1918-ci il 28 may tarixli “İstiqlal Bəyannaməsi”nə istinad edilərək, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunur. İrəvanda hesab edirlər ki, rəsmi Bakı bu varislik məsələsindən çıxış edərək, AXC ərazilərinin bərpa edilməsini tələb edə bilər. Halbuki, bu varislik qeydi Azərbaycan Konstitusiyasının dəyişdirilməsini şərtləndirmir, çünki Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq şəkildə qeyd olunmur”. Geri qayıt |