Əsas Səhifə > Ana xəbər / Güney Press > Ərdoğan dedi... deməsəydi, yaxşı olardı...

Ərdoğan dedi... deməsəydi, yaxşı olardı...


Bu gün, 07:56

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Çaldıran döyüşü barədə deyib: “Çaldıran döyüşü Türk, Kürd və Ərəbin ortaq zəfəridir”.
Tarixi tarixçilərin ixtiyarına buraxmağın daha məntiqli və xeyirli olduğunu, habelə bu cür incə məsələlərin Türk birliyinə fayda gətirmədiyini düşündüyümdən Ərdoğanın bu fikirləri üzərində uzun-uzadı dayanmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, Çaldıran döyüşü Ərəbin və Kürdün zəfəri ola bilər. Amma əsla və əsla Türkün zəfəri deyil. Əksinə, bu savaşda Tük dünyasının sinəsində indiyədək sağalmayan geniş şırımlar açılmışdır. Qazanan isə başqaları olmuşdur.
Bu gün vaxtilə Ağqoyunların mərkəzi şəhəri olan Diyarbəkirin Türkiyənin qarayarasına çevrilməsi məhz Çaldıran döyüşü sayəsində ortaya çıxmışdı. Halbuki, Çaldıran döyüşündən əvvəl Diyarbəkir və Van vilayətləri Türkün alınmaz qalası hesab olunurdu. Çaldıran döyüşündən sonra Səvəfi torpaqlarında yaşayan Kürdlər bu ərazilərə köçürülmüş və bölgədə Türk varlığına son qoyulmuşdu. Sultan Səlimin savaşdan sonra regiona vali təyin etdiyi Kürd əsilli İdris-i Bitlisi qələmə aldığı “Səlimnamə” əsərində bu reallığı rəsmən etiraf edərək yazırdı ki, vali təyin olunar-olunmaz regiona köçürülən kürdləri qızılbaşlara qarşı döyüşməyə təşviq etmiş və Anadolunu qızılbaşlardan təmizləmək üçün onları qılınca and içdirmişdi. Bitlisi onu da yazırdı ki, Çaldıran döyüşündən əvvəl də Yavuz Sultan Səlim (I Səlim) Anadoluda 40 min qızılbaşı (Səfəvi tərəfdarı) qətlə yetirilməsi əmrini vermişdi. Türkiyənin şərqində yaşayan qızılbaşlar məhz bu repressiyalardan yayınmaq üçün kimliklərini gizlətməyə məcbur olmuş və zamanla assimilyasiyaya uğramışlar. Bu gün həmin ərazilərdə PKK-nın at oynatması da məhz bu siyasətin 500 ildən sonra ortaya çıxan ağır nəticəsidir.
Türkiyə tarixçiləri savaşın ortaya çıxmasının bir çox səbəbləri barədə uzun-uzadı danışır və əsasən Səvəfini günahlandırırlar. Səvəfinin bu savaşda böyük günahının olmasını mən də inkar etmirəm. Amma onun qədər, bəlkə də ondan daha çox Osmanlının bu savaşda böyük günahı vardı. Üzərində durulmayan ən böyük günahı isə Osmanlı sarayında aparılan devşirmə siyasəti idi. Türk obalarını yerli bəylərdən və idarəçilərdən təmizləmək və Osmanlıda mərkəzi hakimiyyəti möhkəmlətmək üçün onların yerinə təyin olunan devrişmələrin zülmü nəticəsində Anadolu qızılbaşları məcburən Səvəfilərə sığınmış, beləcə, iki Türk dövləti arasında əsrlər boyu davam edən müharibələr başlamışdır. İranın şiələşməsi belə, nəticə etibarilə Anadoluda qızılbaşların sıxışdırılaraq Şah İsmayıla sığımasından qaynaqlanmışdır. Hətta bəzi tarixi mənbələr Səvəfi sülaləsinin əvvəl sünni təriqəti Şafi olduğunu, daha sonra siyasi məqsədlərlə şiəliyi qəbul etdiyini qeyd edirlər.
Qısası, bu barədə çox danışmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, tarixə obyektiv yanaşmaq, məzhəbçilik yaymamaq lazımdır. Ölkədaxili bəzi gərginliklərə son qoymağın yolu yaxın çevrəni özündən uzaqlaşdırmaqdan keçmir.
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt