Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan BUNU ANLADIĞINDAN...

Paşinyan BUNU ANLADIĞINDAN...


Dünən, 16:55

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan il ərzində ən azı iki dəfə ya mətbuat konfransı keçirir, ya da müxtəlif mövzularda açıqlamalar verir. Köçəryanın budəfəki açıqlamaları baş nazir Nikol Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır. Paşinyan Köçəryanı və onun siyasətini parlamentdəki çıxışında sərt tənqid etmiş, keçmiş prezidentə və onun tərəfdarlarına “əsəblərimlə oynayamın, sizi tapdalayaram” kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə, o əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Robert Köçəryanın dediyi odur ki, Paşinyanın xarici siyasəti yanlışdır, Avropanın yerinə yenidən Rusiyaya sığınmaq lazımdır. Əslində Köçəryanın bu sözləri Paşinyandan çox Kremlə ünvanlanıb. Keçmiş prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”. Köçəryan Paşinyanın 9 mayda Moskvada Putinlə birgə hərbi paradda iştirakından böyük nəticə çıxarmağın əleyhinədir. Onun fikrincə, Paşinyan 9 maydan sonra yenə Fransa Prezidenti Emmanuel Makronla qucaqlaşıb.
Kreml Köçəryana o halda üstünlük verəcək ki, o siyasi gücünü və reytinqini artıra bilsin. Çünki, Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidentin Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də, Kreml hələ ki, Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb.
Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt