Əsas Səhifə > Ana xəbər / Güney Press > Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...`
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...`Dünən, 17:47 |
Xəbər verdiyimiz kimi, Əfv Məsələləri Komissiyası özünün sonuncu iclasını keçirərək, əfv şansı olan məhkumların yekun siyahısını ölkə başçısına göndərib. Gununsesi.info -nun xəbərinə görə, bir neçə gün sonra İlham Əliyev tərəfindən “28 May Respublika Günü” münasibəti ilə əfv sərəncamının imzalanacağı gözlənilir. Əfvlə bağlı müzakirələrdə siyasi məhbuslardan kimlərin adının bu siyahıda olacağı maraqla izlənilir. Belə şəxslərdən biri də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən sabiq deputat Hüseyn Abdullayevdir. Sağlıq durumu olduqca ağır olan sabiq deputatın özü və anası da əfv üçün prezidentə müraciət edib. Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva saytımıza verdiyi açıqlamasında növbəti dəfə ölkə başçısına müraciət etdiyini deyib. Oğlunun səhhətinin ağır olduğunu, bunun nəzərə alınacağına ümidini ifadə edən Zeynəb Abdullayeva bildirib ki, ölkə başçısına ünvanladığı müraciətdə Hüseyn Abdullayevin depressiya yaşadığını xüsusi vurğulayıb: Anası deyib ki, Hüseyn Abdullayev bir neçə ay əvvəl ciddi hipertonik kriz keçirib: “Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlumun sağlamlıq durumu ciddi təhlükə qarşısındadır. Bir sıra yanaşı xəstəlikləri var, son dövrlər isə dərin depressiya yaşayır. Onun ünsiyyətdən qaçması və özünü təcridə meyllənməsini təcridxana işçiləri də müşahidə edirlər, lazım gəlsə, təsdiq edə bilərlər. Orqanizmdə daimi, dərmanlarla tənzimlənə bilməyən yüksək arterial təzyiqin yaranması səhhətinə daha ciddi təhdid yaradır. Ürək döyünmələrin sayı 115-120 vurğu/dəq. A/T isə 200- 220/130-150 mm.c.st. arasında tərəddüd edir. Bir neçə ay öncə təcridxanada ciddi hipertonik kriz keçirib. Həmin dövrdə ürəyin exokardioqrafik müayinəsində ürək əzələsində işemiya əlamətləri və hipokinez müşahidə edilib. Onun ciddi ixtisaslaşdırılmış müalicəyə ehtiyacı yaranıb. Elə sizin sayt vasitəsilə də cənab Prezidentdən xahiş edirəm ki, yaranmış situasiyada oğlum Hüseynin səhhətini, dövlətçilik yolunda xidmətlərini nəzərə alaraq, onun azadlığı istiqamətində səylər göstərsin. Mənim 75, Hüseynin isə 58 yaşı var. Əgər o, doqquz ildə orada qalsa, heç mən həyatda qala bilməyəcəm. Bir yaşlı ana kimi xahiş edirəm, onu əfv edin. İnanıram ki, Cənab Prezident sözümü, xahişimi yerə salmayacaq. Onun humanistliyinə, böyüklüyünə inanıram. Müzəffər Ali Baş Komandan, ən böyük insan kimi oğlumu bağışlasın. Mən ona inanıram, çünki o, Heydər Əliyevin oğludur, nişanəsidir. Dünyada humanistliyi ilə tanınan liderimizdən bir daha oğluma qarşı öz humanistliyini göstərməyini xahiş edirəm…”
Geri qayıt |