Əsas Səhifə > Ana xəbər / Güney Press > Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası
Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxasıBu gün, 08:35 |
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrailin müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirlə görüşüb. “Yeni Müsavat” xəbər verir ki, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. 9tv.co.il saytı xəbər yayıb ki, İsrailin müdafiə naziri Katz Zakir Həsənovla görüşdə deyib: “İsrailin "Eurovision"da Azərbaycandan aldığı ikiqat yüksək bal ölkələrimiz arasında dostluğun əsl təsdiqidir". Katz digər məsələlərlə yanaşı, oktyabrın 7-də HƏMAS-ın amansız terror aktından sonra yəhudi dövlətinə göstərdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib. Bundan əlavə, Bakının İsrail-Türkiyə istiqamətində vasitəçilik səyləri yüksək qiymətləndirilib. Rəsmi səfər zamanı müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanovla İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb. Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub. İsrail saytı nazirlər arasında görüşdə iki ölkənin hərbi və müdafiə rəsmiləri ilə yanaşı, İsrail Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Oded Basyukun da iştirak etdiyi xəbərini yayıb. Yada salaq ki, bir neçə gün əvvəl CNN telekanalı Azərbaycana səfər edən və Suriya hökumət rəsmiləri ilə birbaşa danışıqlarda İsrail ordusunun əməliyyat idarəsinin rəisi general-mayor Oded Basyukun da olduğunu bildirib. Bu danışıqların Bakıda Türkiyə ilə İsrail arasında Suriya ilə bağlı təhlükəsizlik danışıqları çərçivəsində baş tutduğu deyilirdi. Maraqlıdır ki, təkcə CNN deyil, İsrailin “Kanal 12" telekanalı da rəsmi Tel-Əvivin Suriya təmsilçiləri ilə birbaşa və dolayı danışıqlar apardığı haqda xəbər yayıb. Danışıqların iki raundunun keçirildiyi iddia edilirdi. Amma ötən həftəsonu İsrail Müdafiə Qüvvələri CNN-in Bakıda Suriyanın yeni hökumətinin nümayəndələri ilə Tel-Əviv arasında birbaşa danışıqların aparıldığı barədə xəbərini təkzib etdi. Qeyd edək ki, 2020-ci ildə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov Tel-Əvivə səfər edib. O, ozamankı israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əvivdə olub. Həmçinin 2018-ci ildə də oxşar səfəri olub. Lakin ilk dəfədir ki, müdafiə naziri səviyyəsində İsrailə səfər edilir. İndi isə regional proseslərin aktiv fazasında, Bakıda görüşlərin keçirildiyi zamanda, ən əsası isə Azərbaycanın “İbrahim sazişi”nə qoşulacağı haqda verilən bəyanatlar fonunda Z.Həsənovun İsrail səfəri olduqca diqqətçəkicidir. Xatırladaq ki, ABŞ Prezidenti Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “İbrahim sazişi”nə Azərbaycanın da qoşulacağını açıqlamışdı. Azərbaycan Yəhudi Media Mərkəzinin üzvü, politoloq Rüstəm Tağızadənin sözlərinə görə, Tel-Əvivdə Azərbaycan və İsrail müdafiə nazirləri arasında görüşün əhəmiyyəti region üçün çox böyükdür: “Ötən il ərzində Türkiyə, İsrail və Azərbaycan sakitcə praqmatik üçtərəfli anlaşmaya doğru addımladılar - mərkəzi İranın təsirini məhdudlaşdırmaq, Suriyada təhlükəsizlik axınını sabitləşdirmək, Xəzərdən Aralıq dənizinə enerji və tranzit marşrutlarını təmin etmək. Azərbaycanın İsraillə daha dərin hərbi inteqrasiyası həm Ankaraya, həm də Tel-Əvivə Bakının etibarlı körpü rolunu oynaya biləcəyindən xəbər verir”. R.Tağızadənin fikrincə, Türkiyə üçün daha sıx İsrail-Azərbaycan əlaqələri Ankaranı əmin edir ki, İsrail silahları və kəşfiyyatı onun mövqelərinə qarşı yönəlməyəcək: “İsrail üçün bu, NATO üzvü Türkiyə və türk müttəfiqinin - Azərbaycanın daxil olduğu daha geniş regional uyğunluğu vurğulayır və bəzən Ankara ilə ikitərəfli gərginliyin yaratdığı təcrid hissini azaldır. Müdafiə nazirinin səfəri Türkiyə və İsrailin maraqlarının üst-üstə düşdüyü təhlükəsizlik arxitekturasını təsdiqləyir və bu, Ərdoğan və Netanyahunun birbaşa dialoqa qayıtmasını asanlaşdırır”. Politoloq hesab edir ki, Türkiyə və İsrail arasında əsas gərginlik mənbələri - Qəzza siyasəti, Şərqi Aralıq dənizi qaz mübahisələri və ictimai ritorika ilə bağlı - Suriyanın şimalında və Qafqazda ortaq təhlükəsizlik narahatlıqları fonunda daha az aktuallaşıb: “Bakı İsrailin pilotsuz uçuş aparatlarından müdafiə texnologiyasını idxal etdikcə və Türkiyə bu sistemlərin dost qonşusunu qoruduğunu gördükcə, bir neçə dinamika ortaya çıxarır. Hər iki tərəf bir-birinə ciddi şəkildə öz ikitərəfli münasibətlərinə baxmaq əvəzinə, etimad üçün əsas kimi uğurlu üçtərəfli və ya dördtərəfli forumları göstərə bilər. Əgər diqqət yeni nəsil hava hücumundan müdafiə sisteminin birgə inkişafı və birgə təlimlərə yönəlirsə, o zaman daxili siyasi təzyiqlər (məsələn, Qəzza üzərində ictimai etirazlar) peşəkar hərbi əməkdaşlıqdan sonra ikinci plana keçir”. Analitik güman edir ki, Türkiyə və İsrail ikitərəfli şikayətlərini bölmək üçün geniş imkanlar əldə edir, onları Bakının vasitəçiliyi ilə fəal regional təhlükəsizlik əməkdaşlığının xeyrinə təxirə salır. Hərbi ekspert Ramil Məmmədli Z.Həsənovun İsrail səfərində üç mühüm mövzunun gündəlikdə olduğunu düşünür: “Müdafiə, xüsusən də kəşfiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, Türkiyə ilə danışıqlar və Yaxın Şərq. Yəni bura Suriya da, İran da daxildir. Təbii ki, Azərbaycan üçün prioritet müdafiə qabiliyyətini günbəgün artırmaqdır. Bu istiqamətdə İsraillə əməkdaşlıq müstəsna rol oynayır. 44 günlük müharibə zamanı da yəhudi dövlətindən alınan silahların əhəmiyyəti qeyd olunmalıdır. Sadəcə, bu səfərlərin intensivləşməsi ayrıca təhlil olunmalıdır. Çünki qarşılıqlı şəkildə səfərlər olur, müxtəlif səviyyələrdə təmaslar var. Bu da məhz hərbi sahədən daha çox siyasi arsenalda gedən müzakirələrin nəticəsidir. Azərbaycan regional proseslərin oyunçusuna çevrilməkdədir”. Hərbi təhlilçi hesab edir ki, yeni təhlükəsizlik arxitekturası qurulur və Azərbaycan bu siyasi şəkillənmənin çəkilməsində iştirak edir: “Bu görüşlər Rusiya, İran, Ermənistanda izlənilir. Hər üç ölkənin siyasi mərkəzləri müdafiə naziri Zakir Həsənovun və digər rəsmi şəxslərin israilli nümayəndələrlə görüşlərini analiz edirlər. Onlar Azərbaycanın yəhudi dövləti ilə nə dərəcədə dərin əlaqələrinin olduğunu yaxşı başa düşürlər. Bu da bədxah qüvvələrin gələcək üçün planlaşdırılan xain planlarını suya düşürməkdədir. Azərbaycan bununla həm də müttəfiqlərini, dostlarını göstərir”. “Yeni Müsavat” Geri qayıt |