Əsas Səhifə > Ana xəbər / Güney Press > Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL

Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL


Bu gün, 17:25

“Lion Centre” MMC ilə Bakı Baş Gömrük İdarəsi arasında qalmaqal yaşanır.

Bu barədə Musavat.com-a müraciətində MMC-nin direktoru Ramil Aslanov deyib.

R. Aslanov iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov tərəfindən onun sahibkarlıq fəaliyyətinə qəsdən maneələr yaradılır.

Sahibkar öz iddiasında bildirir:

“Hazırda 24.04.2025-ci il tarixli OKS2025000000062 saylı invoys üzrə 01251000204009 saylı gömrük bəyannaməsi və 10.02.2025-ci il tarixli PL658 invoys üzrə 01251000197015 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallarımın buraxılışı gecikdirilir. “Lion Centre” MMC-nin iflasa uğramasına dair haqsız tədbirlər həyata keçirilir.

Burada Bakı Baş Gömrük İdarəsinin mənə qarşı süni əngəl yaradılması faktı şər-böhtanlarla “Lion Centre” MMC-nə qarşı maneəçilik yaratmaqları açıq aşkar özünü əks etdirir və sübuta yetirir.

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ilə birgə kompaniya tipli təzyiq formasına qoşulması açıq aşkar göz önündədir və buda bir daha sübuta yetirilir. Belə ki, xeyli vaxt keçməsinə baxmayaraq ölkəyə idxal etdiyim mallar gömrükdən buraxılmır və qəsdən anbarda saxlanılaraq dəfələrlə sayım prosesi həyata keçirilib. Bu yolla uydurma əsassız qiymətlərlə mənə təzyiq edərək artıq pul ödəməyə məcbur edirlər. Həmçinin məhsulların sıradan çıxmasını, satış təsvirinin pozulması ilə mənim biznes nüfuzumu zədələməyi planlaşdırırlar”.

Bir müddətdir Ramil Aslanov gömrük orqanlarında üzləşdiyi problemlərlə bağlı məhkəmələrə və mətbuata müraciət edir. O, bəzi məmurların fəaliyyətini qəsdən pozduğunu və ona süni maneələr yaratdığını iddia edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsi “Lion Centre” MMC-nin rəhbərinin şikayətinə münasibət bildirib.

Komitədən bildirilib ki, iş adamı Ramil Aslanovun Bakı Baş Gömrük İdarəsində ölkəyə gətirdiyi məhsulların gömrük dəyərinin doğru hesablanmadığı iddiaları araşdırılıb:

“Lion Centre” MMC-nin ünvanına idxal edilən 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb.

Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98191,86 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub. Fakta görə 17 mart 2025-ci il tarixində Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 209.1-ci (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsi ilə cinayət işi başlanılıb və istintaqı aparılır.

Cinayət işi ilə əlaqədar bəyannamələri təqdim edən şəxs dəfələrlə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət olunub, işin xüsusatları, habelə hüquq və vəzifələri ona izah olunmaqla qanunamüvafiq qaydada əlində olan sübutların istintaq orqanına təqdim olunması təklif edilib”.

Rəsmi məlumatda qeyd edilib ki, “Lion Centre” MMC-nin rəhbəri yanlış məlumatlar yayır:

“2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində “Lion Centre” MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb.

“Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. “Lion Centre” MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.

Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan məsələlərin qanunvericilik aktlarının tələblərini nəzərə alınmaqla hüquqi müstəvidə baxılmasına üstünlük verilir”.



Geri qayıt