Əsas Səhifə > Ana xəbər / Güney Press > Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır
Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır1-06-2025, 07:29 |
Millət vəkili Əli Məsimli deyib ki, budəfəki 28 May - Müstəqillik Günü başqa oldu. Mayın 28-də dünyanın nəzər-diqqəti işğaldan azad edilmiş Azərbaycan torpağına - Laçına dikildi. Deputatın sözlərinə görə, Azərbaycan üçün çox əlamətdar bir gündə Türkiyə prezidenti və Pakistanın baş nazirinin işğaldan azad olunmuş ərazimizə gəlişi dərin məna daşıyan hadisə oldu: "Bu, dünyanın nəhəng ölkələrindən olan Türkiyənin NATO üzvü, Pakistanın isə nüvə dövləti timsalında Azərbaycanın yanında olduğunu və ona tam dəstək verdiyinin nümayişi idi. Mahiyyət etibarı ilə özlüyündə Türkiyə və Pakistan dövlət başçılarının Laçına səfəri strateji mahiyyət kəsb edən çox önəmli bir mesajdır. Bununla yanaşı Laçın zirvəsindən üç ölkənin sərhədlərini aşan, dünyanın diqqətini cəlb edən çox vacib mesajlar da verildi. Bu mesajların əsas qayəsini 3 məqam təşkil edir. Birincisi, "gücümüz birliyimizdədir" deyilməklə, Azərbaycan-Türkiyə-Pakistan birliyinin, gücünün mesajı verildi. İkincisi, dayanıqlı sülh, qarşılıqlı hörmət və faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq tərəfdarı olduğumuz vurğulandı. Üçüncüsü, bədxahlarımızın bizə qarşı "qırmızı xətti" keçən istənilən bəd əməlinə layiqli cavab verə bilmək iqtidarında olduğumuz bütün dünyaya elan olundu". Parlamentari əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək hamıya məlumdur: "Eləcə də, Pakistan-Hindistan arasında Kəşmirlə bağlı son münaqişə zamanı Azərbaycan və Türkiyənin birmənalı və qətiyyətli mövqeləri açıq-aydın göstərdi ki, bu üç ölkənin hər hansı birində hadisə olanda, digərləri onun arxasında duraraq siyasi iradə nümayiş etdirə bilirlər. Bu, həm Azərbaycan-Türkiyə-Pakistan dövlət başçıları arasında qərarlaşmış qardaşlıq münasibətlərindən, həm də xalqlarımızın bir çox cəhətdən, xüsusən ruhən bir-biri ilə çox yaxın olmasından qaynaqlanır. Belə bir etibarlı zəmin əsasında dünyanın geosiyasi səhnəsində Azərbaycan-Türkiyə-Pakistan timsalında yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır. Bu görüş üç strateji tərəfdaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü sadəcə diplomatik bir tədbir deyil, həm də regionda formalaşan yeni geosiyasi düzənin rəsmi bəyanıdır". Geri qayıt |