Əsas Səhifə > Ana xəbər / Güney Press > Tehranın “ikinci Ermənistan” planı

Tehranın “ikinci Ermənistan” planı


Bu gün, 01:20

İran hakimiyyəti Azərbaycan türklərinə Rza şahdan qalma panfarsçı düşüncə ilə yanaşır. Onlar hələ də azərbaycanlıları farsların bir qolu sayırlar. Əks halda, əhalisinin say baxımından çoxu türk olsa da, hakimiyyət ölkəni farsdilli saymazdı. 

Mayın 29-da İran Prezidentinin birinci müavini Məhəmmədrza Arif Tacikistana səfər edib. Səfər çərçivəsində İran Tacikistana dil, ədəbiyyat, mədəniyyət və fars sivilizasiyası üzrə ali birgə komitə yaratmağı təklif edib. M. Arifin sözlərinə görə, bu komitə iki ölkənin mədəni qurumlarından və elmi icmasından olan ziyalıların iştirakı ilə formalaşdırıla bilər. O, tacik həmkarı Kohir Rasulzadəyə deyib ki, onlar İran və Tacikistan mədəniyyətini dünyaya tanıtmalıdırlar.

Birinci vitse-prezidenti Məhəmmədrza Arif Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşündə Tehran və Düşənbə münasibətlərinin daha da inkişafı üçün heç bir maneənin olmadığını bildirib.

Arif İran və Tacikistan arasında dərin sivilizasiya, mədəniyyət, tarix və dil əlaqələrini qeyd edib və İranın elmi-tədqiqat mərkəzlərinin, akademiyaların yaradılması və gücləndirilməsində, elm, mədəniyyət və texnologiya sahəsində əməkdaşlığın inkişafında birgə əməkdaşlığa tam hazır olduğunu vurğulayıb.

Prezident Rəhmon öz növbəsində artan əməkdaşlığı alqışlayıb və imzalanmış sazişlərin tez bir zamanda həyata keçirilməsinin vacibliyini, vizasız rejim siyasətinin turizmi əhəmiyyətli dərəcədə stimullaşdırdığını qeyd edərək, ümumi sivilizasiya və tarixi ənənələrə hörmət etməyin vacibliyini vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian İraqdan sonra ilk rəsmi səfərini Tacikistana edib. Yanvarın 16-da reallaşan bu ziyarət zamanı tərəflər arasında 23 sənəd imzalanıb. 

Səfər zamanı siyasi, iqtisadi, ticarət, sərmayə, energetika, səhiyyə, nəqliyyat, turizm və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Düşənbədə iki tərəfin iş adamlarının keçirdiyi biznes-forumda 450 milyon dollardan artıq məbləğdə razılaşmalar imzalanıb.

Tacikistan Prezidenti Emoməli Rəhmon İran Prezidentinin ölkəsinə dövlət səfərinin nəticələrini İslam Respublikası ilə çoxşaxəli əlaqələrin inkişafı və genişləndirilməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmişdi. 

O, Məsud Pezeşkiana müraciət edərək demişdi: “Mən sizi öz evinizdə səmimi qəlbdən salamlayıram!” İranlı qonaq da cavabında bildirmişdi: “Özümü Tacikistanda yad hiss etmirəm”.

İran Prezidenti ölkələr arasındakı qədim sivilizasiya və mədəniyyət ənənələrini, uzunmüddətli münasibətləri yüksək qiymətləndirərək, vurğulamışdı: “İran və Tacikistan arasındakı əlaqələr bir-birinə sıx bağlıdır. Bu o dərəcədə dərindir ki, mən Düşənbənin küçələrini keçəndə, küçə adları və lövhələr keçmişdə dərsliklərimizdə oxuduğumuz eyni adlardır. Məsələn, Rudəki, Firdovsi və Hafiz. Biz özümüzü bu ölkədə heç vaxt yad hiss etmirik”.

Prezident iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, demişdi: “İki ölkənin ortaq tarixi bizdən münasibətlərimizi gündən-günə yaxşılaşdırmağı və bütün sahələrdə qarşılıqlı əlaqələri dərinləşdirməyi tələb edir". 

Yeri gəlmişkən, Tacikistan Sanqtuda SES-2-nin tikintisinə 2006-cı il fevralın 20-də başlayıb. Obyektin tikintisinə İran 180 milyon dollar ayırıb, Tacikistan tərəfinin payı isə 40 milyon dollar təşkil edib. SES-in ilk bloku 2011-ci il sentyabrın 5-də Tacikistan və İran prezidentlərinin iştirakı ilə istismara verilib. Sanqtuda-2-nin birinci mərhələsinin istehsal gücü 110 MVt-dır.

2013-cü ilin sentyabrında Sanqtuda SES-2-nin 110 MVt gücündə ikinci bloku sınaq rejimində istismara verilib. 2014-cü ilin sentyabrında 110 MVt gücündə ikinci blok işə salınıb. Sanqtuda SES-2 tam istismara verildikdən sonra bir milyard kilovatsaata qədər, yəni 220 MVt elektrik enerjisi istehsal etmək gücündədir. “Sanqtuda-2” su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra 12,5 il müddətinə İranın mülkiyyəti sayılacaq, bundan sonra isə Tacikistanın mülkiyyətinə keçəcək. Bu ilin sentyabrında SES İslam Respublikasının tabeliyindən çıxacaq. Bu baxımdan, tərəflər arasında müqavilənin yenilənməsinə də ehtiyac yarana bilər.

İranda külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunmuş Babək Zəncani də bu ölkəyə iki milyard dollar sərmayə qoymuşdu. Başqa sözlə, İranda dövlətdən oğurluq sayılan maliyyə vəsaitinin yatırılması üçün də Tehranda Tacikistanı etibarlı sayırlar. 

2013-cü ildə Tehranda maliyyə məsələsi ilə baş vermiş qalmaqalla əlaqədar iş adamı Babək Zəncani saxlanılmış, sonra da həbs edilmişdi. Onda iki ölkə arasında münasibətlərdə gərginlik müşahidə olunurdu. Edam cəzasına məhkum edilən Zəncaniyə qarşı irəli sürülən ittihamlardan biri İran pulunun Tacikistan Milli Bankına ödənildiyini sübut edən məktuba əsaslanırdı. Ancaq Tacikistan bankı məktubun saxta olduğunu bildirmişdi. Rəsmi Tehran hesab edirdi ki, Zəncani neft satışından pul oğurlamaq üçün bu ölkənin bank sistemindən istifadə edib.

Son 25 ildə iki ölkə arasında ziddiyyətli, qarşılıqlı ittihamedici vaxtlar da bununla bitmir. Rəsmi Düşənbə bir neçə il öncə iddia edirdi ki, İranın maliyyə dəstəyi və tapşırığı ilə Tacikistanın tanınmış alimləri, siyasi xadimləri, jurnalistlərinin qətli həyata keçirilib. Hətta onda Tacikistanın Daxili İşlər Nazirliyi həmin dövrlərdə baş verən hadisələrlə bağlı sənədli film hazırlayıb. Sənədli filmdə bildirilib ki, ölkə müdafiə nazirinin keçmiş müavini Əbdülxalim Nazarzoda İranın maliyyə dəstəyi və tapşırığı ilə 1990-cı illərdə Tacikistanın tanınmış alimləri, siyasi xadimləri və jurnalistlərinin qətlini həyata keçirib.

Həmin dövrdə rəsmi Düşənbə İmam Xomeyni adına “İmdad” Xeyriyyə Cəmiyyətinin, iranlı sahibkarların Tacikistanda fəaliyyətinə, xüsusi ilə İslam Respublikasından ölkəyə ərzaq mallarının gətirilməsinə sanksiya tətbiq etmişdi.

Təxminən 15 il öncə Emoməli Rəhmon Tacikistandan olan valideynləri islam dövlətlərinin mədrəsələrində təhsil alan övladlarını geri qaytarmağa çağırmışdı: “Təəssüflər olsun ki, onların çoxu mollalıq öyrənmir, əksinə, terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq”.

Bütün bu kimi ziddiyyətlərə baxmayaraq, İran hakimiyyəti Tacikistana farsdilli ölkə kimi yanaşır. Qarşı tərəfdə İran o cür qəbul edir.

Tehran hakimiyyəti fars dilli saydığı Əfqanıstan və Tacikistanın ittifaqını qurmaq üçün yenə addımlar atmağa çalışır. 

Bu məsələni yenidən gündəliyə çıxmasına səbəb E. Rahmonun Pezeşkianı Tacikistanda Novruz bayramını birgə qeyd etməyə dəvəti olub. 

Bununla da Tehran və Düşənbə bu mərasimin daha çox onlara aid olduğunu nümayiş etdirməyə səy göstərib.

Yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanın paytaxtı Buxarestdə keçirilmiş rəsmi olmayan Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə Novruz bayramını quruma üzv və müşahidəçi dövlətlərin birlikdə keçirməsi də vurğulanıb. 

Tehran hakimiyyəti Əfqanıstan və Tacikistanı özünə müttəfiq etməklə Mərkəzi Asiyada söz sahibi olmaq, mövqeyini gücləndirmək TDT-yə alternativ, yaxud rəqib çıxarmaq istəyir. 

Çünki Əfqanıstan və Tacikistanın perspektivdə TDT-nin layihələrində fəal iştirak etməsi gözlənilir. Hər iki ölkə bu təşkilatın iqtisadi-ticarət, nəqliyyat və energetika layihələrinə qoşulacağı nəzərdə tutulur. 

Bundan əvvəl İran bu iki ölkə ilə birlikdə televiziya da qurmaq istəyirdi. Ancaq hicablı diktor məsələsində razılıq əldə olunmadığında rəsmi Düşənbə Tehranın təklifindən imtina etmişdi. Onda İran diktor, aparıcı xanımın baş örtülü olmasını istəyirdi. Tacikistan isə buna qarşı çıxmışdı. 

Cənubi Qafqazda Ermənistan yaradılandan sonra ondan regiona nəzarət elementi olaraq istifadə olundu. Bu, indiyədək davam edir. Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın dövr ərzində İslam Respublikası ondan müsəlman ölkəsinə qarşı təzyiq aləti kimi yararlanmış, həmin illərdə Ermənistanın güclənməsi, əraziləri işğal altında saxlaması üçün hər cür yardım və güzəştlər etmişdi. 

Tacikistan da sovet ittifaqının qurduğu respublikadır. Ondan mərkəzi Asiyada türk dövlətləri arasında qarışıqlıq yaratmaq, münaqişələr törətmək üçün istifadə etməyə çalışanlar yox deyil. Elə son illərdə Qırğızıstan və Özbəkistanla onun arasında ərazi, su problemləri yaranmış, yaxud yaradılmışdı. Bu il tərəflər arasında sərhəd məsələsinə dair müqavilənin imzalanması Daşkənd, Bişkek və Düşənbə arasında münasibətlərdə atılmış uğurlu addım sayılır. Bu, Tacikistandan regionda araqarışdırıcı çubuq kimi istifadə edilməsinin qarşısının alınması kimi də dəyərləndirilə bilər. Odur ki, Tehranın Tacikistan və Əfqanıstandan TDT-yə, eləcə də Mərkəzi Asiyada maraqlarını həyata keçirmək üçün alət kimi istifadə layihəsi uğurlu sayılmır.


Geri qayıt