Əsas Səhifə > Ana xəbər / Güney Press > Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşırBu gün, 06:08 |
Hazırda dünyada bir neçə ciddi geosiyasi münaqişə eyni vaxtda davam edir. Ukrayna-Rusiya savaşı, İsrailin həm Fələstin, həm də İranla qarşıdurmaları qlobal sabitliyə mənfi təsir göstərir. Bildirilir ki, bu hadisələr, xüsusilə enerji və ərzaq tədarük zəncirlərinə təzyiq yaradır, məhsul qıtlığı riski ilə bağlı narahatlıqları artırır. Davam edən geosiyasi münaqişələr ərzaq qıtlığına səbəb ola bilərmi? Azərbaycan bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görməlidir? Globalinfo.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, münaqişələr ərzaq tədarükünü çətinləşdirir və bu da qıtlığa yol açır: “Azərbaycan həm ixrac, həm də idxal edən ölkələr sırasındadır. Məsələn, xaricə meyvə-tərəvəz məhsulları ixrac edirik, İran və digər ölkələrdən pomidor, qarpız, yemiş, xiyar kimi ərzaqlar alırıq. Əsasən İran bazarı bizim üçün əhəmiyyətlidir. Müharibələr və qlobal gərginliklər isə idxala ciddi təsir göstərə və axını kəsə bilər. Belə vəziyyətlərdə çıxış yolu kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahə təkcə iri fermerlər və oliqarxların biznes layihəsi kimi görülməməlidir. Əsas diqqət kiçik təsərrüfatlara, ailə və fərdi sahibkarlığa yönəlməlidir. Kəndlilərə torpaq becərmək, toyuq saxlamaq, arıçılıq və digər sahələrlə məşğul olmaq üçün şərait yaradılmalıdır”. Ağa Salamov Mütəxəssis bildirib ki, kəndli məhsulunu sata biləcəyinə əmin olmalıdır: “Dövlət real dəstək verməli, rüşvət və süni əngəllər aradan qaldırılmalıdır. Kənd təsərrüfatı yarmarkaları təşkil olunmalı, satış imkanları genişləndirilməlidir. Yəni bu, məmurların deyil, kəndlilərin işi olmalıdır. Gübrə və pestisidlər ehtiyacı olan ailə təsərrüfatlarına düzgün bölgü ilə çatdırılmalıdır”. A.Salamovun sözlərinə görə, bu sahəyə diqqət ayrılsa, fərdi təsərrüfatlar çoxalar, ərzaq bolluğu yaranar və qıtlıq riskindən qorunarıq: “Həmişə demişəm ki, kəndli bal arısı kimidir. Onlara şərait yaradılsa, bolluq olacaq. Əks halda, qıtlıq qaçılmazdır”. Geri qayıt |