Əsas Səhifə > Ana xəbər / Güney Press > Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF

Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF


Dünən, 16:17

“Sertifikasiyadan keçə bilməyən müəllimlərə də aylıq maaş ödənilsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

O, yaxın onillikdə sertifikasiyadan keçə bilməyən müəllimlərə qarşı atılacaq addımları müzakirə edərək bildirib:

“Ümumiyyətlə, sertifikasiya prosesi ona görə keçirilir ki, konkret olaraq təhsil müəssisələrində müasir dövrün tələblərinə uyğun, müasir çağırışlara cavab verən, həmçinin ixtisas bilikləri yüksək olan metodikanı dərindən bilən müəllimləri prosesdə iştirakını təmin edək. İndiyədək bizdə müvafiq istiqamətlər üzrə, əsasən, pedaqoji kadrların hazırlanması təkcə ali təhsil müəssisələrində deyil, eyni zamanda orta ixtisas təhsil müəssisələrində də aparılırdı. Nəticə etibarilə, zamanla məlum oldu ki, orta ixtisas təhsili deyil, yalnız ali təhsilin bakalavr istiqamətində müvafiq pedaqoji ixtisaslara sahib olan şəxsləri prosesə cəlb etməliyik. Onlar, əsasən, təhsil verənlər səviyyəsində olmalıdır. Dünyanın qabaqcıl ölkələrində baxırıq, hətta bəzi təhsil müəssisələrində işə qəbul zamanı bakalavr təhsili kifayət etmir, magistratura təhsili də tələb olunur. Ola bilər zamanla qarşıdakı illərdə müəllimlərin işə qəbulu zamanı bizdə də bu tələb qoyulsun”.

Ekspert Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun mətbuat konfransında “10 ildən sonra yalnız yüksək bal toplayan müəllimlər çalışacaq” fikirlərini də şərh edib:

“Sertifikasiya prosesində müəllimlərə iki dəfə şansın verilməsi isə humanist qərardır. Əgər şəxs birinci şansdan istifadə edə bilmirsə, ona imkan verilir ki, özünü müvafiq ixtisası ilə bağlı inkişaf etdirib, öz üzərində çalışıb daha bir şansda nəticələrinə baxılsın. Əgər bu dəfə uğurlu olacaqsa, fəaliyyətinə davam etsin. Bu şansların hər hansı birindən istifadə edə bilməyən mütəxəssisin şagirdlərin önünə çıxması doğru deyil. Bunu heç bir valideyn də qəbul etməz ki, ixtisası, metodika ilə bağlı bilik və bacarığı yüksək olmayan şəxs onun övladına dərs desin”.

E. Əfəndi qeyd edib ki, həmin müəllimlərin əmək müqaviləsinə xitam veriləcək və müəllimlikdən azad ediləcək:

“Onlar qovulacaq deyirlər. Qovulmaq bir az kobud səslənir. Onların əmək müqaviləsinə xitam veriləcək. Müasir çağırışlara cavab verən, bilik və bacarıqları yüksək olan şəxslər saxlanılacaq. Ya da onların yerinə yeni şəxslər götürüləcək”.

Ekspert gələcəkdə sertifikasiyadan keçə bilməyən müəllimlərə aylıq ödəniş edilməsini müzakirə etməyi Milli Məclisə təklif edərək fikrini yekunlaşdırıb:

“Bizim təklifimiz isə ondan ibarətdir ki, necə ki səhiyyədə sertifikasiyadan keçməyənlərin işinə xitam verilir, onlara müəyyən ödəniş ödənilir, eyni zamanda müəllimlərə də eyni prinsipi həyata keçirmək olar. Onlara aylıq ödəniş edilməsi məsələsinə gələcəkdə baxıla, ən azı Milli Məclisdə müzakirə edilə bilər. Prosesin gələcəklə bağlı hansı nəticələrə gətirib çıxaracağına dair indidən pozitiv yanaşmaq olar. Çünki müsbət məqamlar çoxdur və artıq biz bu alınan qərarların məntiqi nəticəsini görəcəyik ki, təhsildə uğur və yeniliklər daha da artacaq, çoxalacaq”.


Geri qayıt